Katenaççonun tarixi: Rokkonun

Katenaççonun tarixi: Rokkonun "Triestina"sı və Foninin "İnter"i (IV hissə)

Yeni tərzin ən diqqətəlayiq təmsilçisi Nereo Rokkonun "Triestina"sı idi. Sonralar "Milan"da iki dəfə Avropa Kubokunun qalibi olsa da, onun oyunla bağlı düşüncələrini formalaşdıran doğulub-böyüdüyü Triestin elə də tanınmayan "Triestina" klubu idi. "Triestina"dan təklif almamışdan əvvəl o, qəssab babasının yanında çalışırdı. "Padova" və "Napoli"də oynayan Rokko təvazökar futbolçu illərini geridə qoyduqdan sonra sevdiyi şəhərə qayıtdı. Nereo futbolçu kimi İtaliya millisinə çağrılmışdı. Bu sayədə məşqçi olmaq üçün tələb edilən şərti yerinə yetirmişdi. Özünü neytral biri kimi təqdim etməyə çalışdığı televiziya verilişləri istisna, həmişə Triest ləhcəsi ilə danışırdı. Rokko 1948-ci ildə Xristian Demokrat Partiyasının namizədi kimi bölgədən şuraya üzv seçilmişdi. Amma onun yerli folklordakı yerinin formalaşmasında ən böyük rolu yerli futbol klubu ilə qazandığı uğurlar oynayacaqdı.
 


1947-ci ildə Rokko "Triestina"ya baş məşqçi təyin olunanda komandanın vəziyyəti pis idi. İtaliya A Seriyasını sonuncu sırada bitirsələr də, ikinci diviziona düşməmişdilər. Britaniya və ABŞ orduları şəhəri işğal altında saxladıqları üçün, klub ev oyunlarını başqa yerdə keçirirdi. Bu səbəbdən "Triestina"nın aşağı liqaya göndərilməsinə izin verilmədi. Əslində, hər matçı səfərdə keçirməsələr belə, vəziyyətin başqa cür olacağına inananların sayı elə də çox deyildi. Buna baxmayaraq, Rokkonun ilk mövsümündə ev oyunlarında məğlub olmayan "Triestina" yekunda çempionatda ikinci-üçüncü pillələri bölüşürdü. Bu, komandanın əldə edə biləcəyi ən yaxşı nəticə idi. Amma klubun növbəti iki mövsümdə 8-ci pilləni tutması da "Triestina" qədər məhdud imkanlara sahib klub üçün kifayət qədər yaxşı göstərici idi. Daha sonra rəhbərliklə arasında problem yaranan Rokko komandadan ayrıldı. Onu Bela Quttmann əvəzlədi. Növbəti mövsüm "Triestina" 15-ci oldu.
 


Katenaççoya hələ də "zəifin haqqı" kimi baxılırdı. Ancaq Alfredo Foninin "İnter"i bu sistemdən istifadə etməyə başladıqdan sonra fikirlər dəyişməyə başladı. Ondan sonra artıq katenaçço həm də böyük komandalara titul qazandıran tərz idi. Foni sağ vinqer Cino Armanonu rəqibin sol vinqerini tutmaq üçün geriyə çəkmişdi. Bu sayədə sağ cinah müdafiəçisi İvano Blazon "süpürgəçi" funksiyasını yerinə yetirə bilirdi. Armano İtaliyada "tornanti" ("geriyə qayıdanlar") adlandırılan, geriyə qayıdan və müdafiəyə kömək edən vinqerlərin ilk nümunəsi idi.

Blazon ilk böyük libero kimi məşhurlaşdı. O, 1950-ci ildə "Triestina"dan transfer olunanda əfəl sağ cinah müdafiəçisi idi. Yeni mövqedə isə o, uzaqlaşdırmaları və kompromisə getməyən "təbiət"i ilə diqqət mərkəzinə düşməyə başladı. Rəvayətə görə, Blazon oyunların startından əvvəl meydanda xətt çəkər və rəqib forvardlara həmin xətti keçə bilməyəcəklərini, bunu etməyə cəhd göstərəcəkləri təqdirdə onları "kəsəcəy"ini deyərmiş.

Maradey: "Blazon bəzilərinin təsəvvüründə canlandırdığı zərif libero modelindən uzaq idi. O, hər fürsətdə topu auta atan uzaqlaşdırıcı idi. Bu səbəbdən də "libero" anlayışı başlanğıcda daha çox "battitore libero" (sərbəst vurucu) kimi tanınırdı, çünki Blazonun əksər hallarda etdiyi şey topu auta atmaqdan ibarət idi".

1952-53 mövsümündə "İnter" 34 oyunda 43 qol vurmuşdu. Milan təmsilçisi "Yuventus"dan 27 qol daha az vursa da, sadəcə 24 qol buraxdığı üçün çempion oldu (mövzunun daha yaxşı anlaşılması üçün əlavə edək ki, bir il əvvəl çempion "Yuventus" 98 qol vurmuş, qapısında isə 34 qol görmüşdü). Canni Brera "İnter"in oyun tərzini təsvir edərkən deyirdi: "İnter" ilk növbədə müdafiə olunurdu. Sonra Blazon "minomyot"la atəş açırdı. 70 m. uzağa gedən topun düşdüyü yerdə çox oyunçu olmurdu. "İnter"in futbolçuları belə boşluqlarddan yararlanmağı çox yaxşı bacarırdılar".
 


"İnter" həmin mövsüm oynadığı matçların 8-də 1:0 hesabı ilə qələbə qazanmışdı, 4 oyunda isə qolsuz bərabərlik qeydə alınmışdı. Maradey deyirdi: "Həmin dönəmdə mətbuat "İnter"i çox sərt tənqid edirdi. Çünki heyətlərində Benito Lorentsi, "Nakka" Skoqlund və İştvan Nyerş kimi ulduzlardan ibarət hücum xətti olsa da, "solğun" müdafiə futbolu oynayırdılar. Onda çempion olan komandalar daim 100-ə yaxın qol vururdular. "İnter"in etdiyi şey bu mənada inqilabi addım hesab olunmalı idi".

Sonradan eyni tərzin müxtəlif variasiyaları ortaya çıxdı. Məsələn, 1956-cı ildə "Fiorentina" vaxtı ilə Potsonun imtina etdiyi mərkəz-haf Fulvio Bernardininin rəhbərliyi altında çempion olanda sol cinah oyunçusu Armando Seqatonun libero kimi oynadığı, katenaççonun başqa bir variantından istifadə edirdi. Sol vinqer Maurilio Pirini "tornante"yə çevrilmişdi, sol-insayd Migel Angel Montuori Prininin boşaltdığı zonadan istifadə edərək əlavə mərkəz hücumçusu kimi oynayırdı. Katenaçço kifayət qədər populyarlıq qazanmasa da, bu sistem sayəsində İtaliya futbolunun basmaqəlibi artıq formalaşmışdı. (ardı var)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR