Katenaççonun tarixi: Sistemin gücünü Avropaya göstərən

Katenaççonun tarixi: Sistemin gücünü Avropaya göstərən "Milan" və Rivera dilemması (V hissə)

"İnter" katenaççonu tətbiq edən komandalar arasında ən çox diqqətçəkəni olsa da, sistemin nələrə qadir olduğunu Avropaya nümayiş etdirən klub Milanın "qırmızı tərəf"ini təmsil edirdi. Təbii ki, bu, Rokkonun dahiliyi sayəsində mümkün oldu. Kvadrat formasındakı üzü, köklüyü və qısa ayaqları sayəsində komik fiqurlara bənzəməsinə baxmayaraq, Nereonun oyunçuların üzərində mütləq hakimiyyəti var idi. İtaliyalı məşqçi rəhbərliyi altındakı hamıya nəzarət etməyə çalışırdı. O, futbolçuların şəxsi həyatlarının performanslarına mane olmasının qarşısını almaq üçün xüsusi adamlar vasitəsilə onları izlətdirirdi. 60-cı illərin ortalarında, Rokko "Torino"nu çalışdıranda forvard Cici Meroni ondan canını qurtara bilmək üçün sevgilisini bacısı kimi təqdim etmişdi. Nereo ötkəm, xarizmatik, tez özündən çıxan və cəzbedici biri idi. İçkini sevirdi və yerli restoranlardan birini ofis kimi istifadə edirdi. Bir dəfə əsəbiləşən Rokko paltardəyişmə otağındakı çantanın içində ehtiyat formaların olduğunu düşünüb, ona təpik atmışdı. Əslində isə çanta alətlərlə dolu idi. Rokko bunu başa düşəndə iş işdən keçmişdi. Hadisənin şahidi olan futbolçular gülmək üçün onun otağı tərk etməsini gözləmişdilər.

"Torino"da çalışdığı dövrdə tez-tez məşq meydançasındakı bara gedib içki içən Rokko paltardəyişmə otağındakı şkafların üzərində yatarmış. Futbolun necə oynanılması ilə bağlı onunla həmfikir olan jurnalist Canni Brera ilə oturub, axşam saatlarına kimi şərab içməyi hər şeydən çox sevərmiş. Brera yazılarından birində qeyd etmişdi: "Qüsursuz oyun 0:0 bitən oyundu". Rokko bu qədər irəli getməsə də, mənasız yan paslarla yarımmüdafiədə topun itirilməsinə qarşı çıxırdı və bütün oyunçuların, hətta hücumçuların belə, geriyə qayıtmasını tələb edirdi. Bu fikir hamı tərəfindən müsbət qarşılanmadı. Məsələn, braziliyalı forvard Joze Altafini (Matsola kimi də tanınır) bu sistemi qəbul etməkdə çətinlik çəkirmiş. Həmçinin Cimmi Qrivzin də İtaliyada xoşbəxt olmamasının əsas səbəblərindən biri bu idi. 1961-62 mövsümündə İtaliya A Seriyasında sadəcə 5 ay oynadıqdan sonra İngiltərəyə qayıdan Qrivzin, adətən, 10 oyunda 9 dəfə fərqləndiyini unudurlar, amma bu göstərici belə, Rokko üçün kifayət deyildi. O, açıqlamalarından birində demişdi: "Onların hər ikisi anlamalıdılar ki, futbol təkcə yaxşı gəlir mənbəyi deyil. Bu oyunda təpik zərbəsi də almalısınız".
 


Rokko qısa müddət "Trevizo"da çalışdıqdan sonra "Triestina"ya qayıtdı. Ancaq onun metodlarının uğurlu olması 1954-cü ildə "Padova"nın başına keçdikdən sonra hamıya bəyan oldu. Komanda çempionatın "div"lərindən biri olmasa da, 1956-1957 və 1959-1960 mövsümləri aralığında liqanı müvafiq olaraq 3-cü, 7-ci, 5-ci və 6-cı sıralarda bitirdi. Bunlar açıq-aşkar klub tarixinin ən yaxşı nəticələri idi. Sonra Nereoya "Milan"dan təklif gəldi. Bu, onun üçün böyük şans idi. 1959-cu ildə Skudettonun qalibi olan Viani infarkt keçirmişdi və onun yerinə əsas namizəd Rokko idi. Viani klubda qaldı və idman direktoru kimi çalışmağa başladı. Sonradan o, "süpürgəçi"nin faydaları ilə bağlı Nereonu məlumatlandıran şəxsin məhz özü olduğunu iddia etmişdi. Bəlkə də, ikili arasında sistemin detalları barədə müzakirələr olub, amma bir şey dəqiq idi: Rokko "Triestina"da çalışdığı dövrdən bəri katenaççoya üstünlük verirdi.

Reallığa gəlincə, Rokkonun etdikləri neqativ stereotiplərdən çox uzaq idi. Məsələn, "Milan" çempion olduğu 1961-62 mövsümündə 34 matçda 83 dəfə fərqlənmişdi. "Qırmızı-qaralar"ın ən yaxın rəqibi "Roma" onlardan 22 qol az vurmuşdu. Triestdə dünyaya gələn və karyerasına "Triestina"da başlayan Çezare Maldini dövrünün ən yaxşı müdafiə oyunçularından biri hesab olunurdu. Amma o, hamının ağlındakı qorxunc "süpürgəçi" imicindən tamamilə fərqli idi. Maldini 12 il klubda çıxış etdikdən sonra, 1966-cı ildə "Torino"ya transfer olunanda onun haqqında belə bir ifadə işlədilmişdi: "Müdafiə öhdəliklərini həmişə yerinə yetirən, özünəməxsus tərzə sahib və təmiz oynayan futbolçu, centlmen idmançı".
 


Rokko Riçard Vilyamsın "The Perfect 10" kitabında "Kamünün həyatın kənarında solğun halda gəzişən ekzistensial əğyarı" ilə müqayisə etdiyi, Canni Rivera adlı süst və yaradıcı varlığa sahib idi. Breranın Rivera ilə bağlı fikirləri Nereo ilə heç də üst-üstə düşmürdü. Brera Rivera mövzusunu Rokko ilə münasibətlərinin "Stalinqrad"ı adlandırırdı. Müdafiəyəmeyilli futbolun qatı dəstəkçilərindən biri olan jurnalist Riveranı əlavə lüks hesab edirdi. O, italiyalı futbolçuda cəsarət problemi olduğunu deyirdi. Hətta Brera bu səbəbdən ona "l'abatino", yəni "rahib" ləqəbini qoymuşdu. Bununla belə, Riveranın komanda üçün önəmini təkcə Avropa Kuboklarındakı zəfərlərə baxaraq belə, vurğulamaq olar. 1963-cü ildə "Milan"ın geridönüş edərək "Benfika"nın məğlub etdiyi matçda Canni 8 dəqiqə ərzində Altafininin dubl etməsinə səbəb olmuşdu. 1969-cu ildə "rossonerilər"in "Ayaks"a 4:1 hesabı ilə qalib gəldiyi finalda da Rivera iki qol ötürməsi ilə yadda qalmışdı.
 


Rokkonun katenaççosu, bəzilərinin dediyi kimi, tam da müdafiəyəmeyilli sistem olmaya bilər, amma Quttmannın "Benfika"sının oynadığı futbolla arada böyük fərq olduğu da aşkar idi. Quttmannın futbol anlayışının bünövrəsində romantizm var idi, Rokko isə sadəcə qələbə qazanmaq istəyirdi. 1969-cu ildə Qitələrarası Kubok çərçivəsində, meydandakı "çirkin" əməlləri ilə nam salmış "Estudiantes"lə oynanılacaq matç ərəfəsində onun oyunçularına belə bir göstəriş verdiyi iddia olunur: "Hərəkət edən hər şeyə təpik atın. Önünüzə çıxan şey topdusa, lap yaxşı". Hekayənin doğruluğuna dair müəyyən şübhələr olsa da, qeyri-səciyyəvi olmadığını demək olmaz. 1962-63 mövsümündə Avropa Kubokunun ikinci mərhələsində "Milan"la qarşılaşan "İpsviç Taun"un kapitanı Endi Nelson Rokkonun komandası haqda danışarkən demişdi: "Saçımızı çəkirdilər, tüpürürdülər və ayağımızı tapdalayırdılar. Onlar mümkün olan bütün ədəbsiz hərəkətləri edirdilər".

"Benfika" ilə oynanılan final qarşılaşmasında, turnirdə bir neçə qolun müəllifi olan Paolo Barison heyətdə özünə yer tapmamışdı. Bruno Mora isə sağda yox, solda oynayırdı. Barisonun əvəzinə matça başlayan Cino Pivatelliyə spesifik olaraq rəqibin ecazkar insayd-forvardı Mario Kolunanı zərərsizləşdirmək tapşırığı verilmişdi. Ola bilər, həmin gün bəxti gətirmədi, bəlkə də, zamanlama yanlış idi, amma Altafininin bərabərlik qolundan bir dəqiqə keçmiş Koluna Pivatelli ilə ağır mübarizədən sonra axsayaraq meydanı tərk edəndə buna heç kim təəccüblənməmişdi. (ardı var)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR