Keçmiş FİFA referisi: “Futboldan anlayışı olmayanlar futbola "dəlləklik" edir...”

Keçmiş FİFA referisi: “Futboldan anlayışı olmayanlar futbola
Sport7.az sabiq FİFA referisi Tahir Süleymanovun "Lent.az"a müsahibəsini təqdim edir.

- Nəhayət, Nikola Yurçeviç yığmanın heyətini açıqladı. Təəccüblənmədiniz ki?
 
- Azərbaycan futbolunda çoxdandı təəccüblü heç nə baş vermir. Planlı, stabil görülən işlərdir. Stabillik futbola aid deyil, futbolda olan bir qrup insanın həyat stabilliyini təmin edir. Əsas Afrika azərbaycanlısı Eddi İsrafilovun yenidən milliyə qaytarılmasıdır. Heç olmasa meydana çıxsın, yoxsa batmış milyonlar daha da batır...
 
- Şəxsən mən təəccübləndim. Fikir verirsinizsə, heyətin demək olar ki, yarısı Azərbaycan futbolunun yetirməsi deyil. 2005-ci ildə futbolun inkişafıyla bağlı dövlət proqramı irəli sürüləndə, bu uşaqların ən böyüklərinin 6-7 yaşı vardı…
 
- Biz futbolun içindəyik, ona görə təəccüblü gəlmir. Bəli, dövlət proqramı qəbul ediləndə 5-10 yaşı olan uşaqların artıq 20-25 yaşları var. Futbolda hər il beş ilə bərabərdir. Bu illər ərzində futbola dövlət, sponsorlar tərəfindən fantastik yatırımlar edilib, xərclənən ümumi maliyyə milyard dolları çoxdan keçib. Futboldan anlayışı olmayanların futbola gəlişi ilə "dəlləklik" edib, top çiləyə-çiləyə illər hədər verildi.
 
- Demək, biz azı 50 il itirdik. Dediyiniz kimi, futbolun içindəsiniz. Belə dilemmalarda əbədi sual: nə etməli?
 
- Qeyd etdiniz ki, heyətdə milliləşdirilmişlər çoxdur. Azərbaycanda futbol hər zaman sevilib, olub. Vaxt var idi Banişevski 20 yaşında SSRİ millisinin start heyətində oyunlara çıxıb, qol vururdu. Yerli futbol məktəbinin yetirmələri Ələkbər Məmmədov, Valeri Hacıyev, Yuri Romenski, Vitali Şevçenko, İsgəndər Cavadov "Dinamo" Moskva/Kiyev kimi komandaların aparıcı oyunçuları idi. Vəli Qasımov, Nazim Süleymanov və digərləri... Gənclər arasında Avropa və dünya çempionları Arif Əsədov, Vladislav Kadırov, Tərlan Əhmədov, Olimpiya çempionu İqor Ponamaryov. Qeyd etdiyim futbolçular ötən əsrin 50-ci illərindən yeni əsrə kimi - 50 illik periodu əhatə edir. Bu nə deməkdir? Bu, o deməkdir ki, futbol sistemi davamlı olaraq, konveyer kimi, kompleks halında çalışırdı və keyfiyyət çox yüksək idi. Nəzərə alaq ki, o dövrün rejiminin "sıxma-boğma" vaxtlarında bunlar mövcud idi. Yoxsa Yunis Hüseynov da Olimpiya çempionluğunu qazanacaqdı... Müstəqillik dönəmimizdə futbol sistemi yenidən qurulmalı idi. İlk illərdə müharibə, siyasi-iqtisadi xaos inkişafa mane oldu. Çətinliklərə baxmayaraq, bütün bölgələrimizdə klublar mövcud idi və çempionatda çıxış edirdilər, yeni nəsil bacarıqlı futbolçular yetişirdi. Qurban Qurbanov, Zaur Tağızadə, Rəşad Sadıqov və başqaları. AFFA-da baş verən dəyişikliklərdən və yuxarıda qeyd etdiyimiz dövlət proqramının qəbulundan sonra ölkə futbolunda bir bum yaşandı. Bakı, Lənkəran, Yevlax, Zaqatalada müasir stadion, bazalar inşa edildi, yeni klublar yaradıldı. Azarkeşlərin futbola inamı artmışdı, ölkə çempionatının oyunlarına 10, 15, 20, 25 min tamaşaçı gəlirdi. Təəssüf ki, futbol idarəçiliyində baş verən yanlışlıqlar futbolu çökdürdü. İllərdi artıq ümumi futbol idarəçiliyi qohum, dost, tanış yığınına çevrilib. İlk növbədə buna son qoyulmalıdır.
 
- Martın 21-i biz Xorvatiya ilə oyuna yəqin ki, statistika naminə çıxacağıq. Siz necə düşünürsüz, möcüzə gözləməyə dəyər?
 
- Futbolda möcüzələr vaxtaşırı olur. Elə millimiz son 25 ildə 2-3 dəfə buna imza atıb. Hətta təsadüfü möcüzə nəyi dəyişəcək? Əsl möcüzəni Xorvatiya edib. Kiçik, elə bir iqtisadi gücü olmayan ölkə. Mövzumuza çox uyğun bir ölkə, rəqibdir. Tam paralellik aparmaq olar...Xorvatiya da Yuqoslaviya tərkibindən çıxdı, müharibə gördü, çətinliklər çəkdi. İqtisadi potensialı da elə də yüksək deyil. Ən uyğun, böyük stadionları Zaqrebdəki köhnə "Maksimir" stadionudur. Futbolda doğru işlər gördülər, işlək mexanizm üşaq-gənclər futbolunda konveyer kimi çalışır və onlarla futbolçusu Avropanın nəhəng klublarında çıxış edir. Çünki, futbola futbolu bilənlər rəhbərlik edir. Federasiya prezidenti futbolun içindən çıxmış, fəlsəfəsini, ruhunu bilən Davor Şukerdir. Sistemli futbol sisteminin nəticəsi dünya finalı idi. Möcüzə belə olar. Ən pis halda futbol ölkəsi sayılmayan, ümumi əhalisi Azərbaycan futbolunda qeydiyyata alınan futbol ailəsindən bir qədər çox olan İslandiya nümunəsi...Arzu edək ki, bayram günü yumurta döyüşü, sınması olmasın...
 
 
- İki aydan sonra isə növbəti çempionat başa çatır. Keçənilkindən fərqi bircə ondan ibarətdir ki, "Neftçi” azca da olsa çempionata rəng qatıb. Gələn illə bağlı düşüncələriniz nədir? Sizcə, klubların sayında hansısa artım gözlənilə bilərmi? Nəzərə alın ki, futbol klublarını maliyyləşdirəcəkləri təqdirdə iri şirkətlərin mənfəət vergisindən azad olunması söhbəti gedir...
 
- Futbol böyük bir industriyadır. Tək bir qolun düzəlməsi ilə istənilən effekti verə bilməz. Zavod, fabrikdə bir sex çalışmasa, konveyer, zəncirvari halqa qırılır. Belədə son məhsul ola bilməz və ya ən yaxşı halda keyfiyyətsiz alınar. Futbol fabriki də kompleks halında və doğru-dürüst çalışmasa, inkişaf, nəticə mümkünsüzdür. Necə ki, Azərbaycan futbolundakı durum budur. Çempionatda 8 və ya 10 komanda oldu, kosmetik görüntü ola bilər. Bölgə futbolu, köklü klublar bərpa edilməlidir. Sponsorlar üçün müəyyən imtiyazlar yaxşıdır, əgər futbola münasibət, təfəkkür, düşüncə tərzi dəyişərsə. Vergi imtiyazları olmadan da klublara böyük pullar yatırıldı. Əksəriyyəti də dağıldı, dağıdıldı. Çörçilin yaxşı sözü var, "hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir". Bu, dahi siyasətçinin özünüetirafı idi. Futbol elmdir. Hər bir işin öz biliciləri, peşəkarları, istedadlı idarəçiləri var. Ancaq belə olduğu halda istədiyimiz uğurları, nəticələri qazana bilərik.
 
- AFFA, nəhəyət ki, uşaq futboluyla bağlı ümidverici qərar verdi. Tovuzda uşaq futbol akademiyasının yaradılmasıyla bağlı. Nəylə izah edərdiz bunu, futbol regionlara qayıdır, yoxsa illərdir uşaq futbolyla bağlı tənqidlərdən sonra görüntü xatirinə atılmış addımdır?
 
- 15 ilə uşaq futboluna ayrılan 100 milyonlardan sonra bölgə yada düşüb. Bunu əgər rəhbərliyə yeni gələnlər etsəydi, alqışlanardı. Söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi futbolda hər il qızıla bərabərdir. Bu illər ərzində milyonları mənasız Berlin məktəbinə və digər layihələrə xərcləməkdənsə, vaxtında bölgələrə diqqət ayrılmalı, ciddi işlər görülməli idi. Bəs 100 milyonların havaya sovrulmasına kimlər cavab verəcək?! Bu illər ərzində futbolun genefondu məhv edilib. Təbii ki, futbolu bilsəydilər, səmimiyyət olsaydı, vaxtında, zamanında görərdilər. Digər tərəfdən, akademiya yaratmaqla iş bitmir, güclü "Turan" da lazımdır. Əks halda 15-16 yaşlı futbolçular təhsil aldıqdan sonra küçədə qalacaqlar. 3-5-i başqa klublara keçəcək, qalanları harada oynayacaq?! Fikir verin, "Qəbələ"nin 19 yaşlıları öz çempionatları bitməmiş 20-25 xal fərqlə liderdilər. Bu, ölkədə uşaq-gənclər futbolunun faciəvi durumu deməkdir. 10-12 yaşlı rayon uşaqlarının doğma evlərində yetərsayını (!) təmin edə bilmirlər, texniki məğlubiyyətlər sıralanır. Tək Tovuzda akademiya açmaqla Azərbaycan futbolunun yarası sağalmaz. Futbolda kompleks işlərin görülməsi şərtilə, akademiyalar bütün futbol bölgələrimizdə olmalıdır.
 
- Kompleks iş deyərkən məsələn, nələri nəzərdə tutursuz?
 
- İnfrastruktur, uşaq-gənclər futbolu, ümumi futbolda məşqçi və texniki heyətin bilik səviyyəsi, sağlamlıq, təhsil, birinciliklər, çempionatın üst səviyyədə təşkili, millilər, görülən işə uyğun Avropada nəticələr... Bu, elə bir mövzu, sahədir ki, tam izahının verilməsi üçün saatlar lazımdır. Qısa bildirdim...Sistem konveyer kimi ildən-ilə davamlı və keyfiyyətli fəaliyyət göstərməlidir. Kağız üzərində istənilən layihə Kommunist Partiyasının nizamnaməsi kimi gözəl görünə bilər. Əsas, yazılanların praktikada həyata keçirilməsidir.
 
Sport7.az

Xəbər lenti