“Kəndinə” gəl, sinyor Roberto

“Kəndinə” gəl, sinyor Roberto

Amal ABUŞOV

"Neftçi”nin Avropa Liqasının pley-off mərhələsinə yüksələcəyinə olan-qalan ümidlərimiz dünən axşam italyan hakim Daniele Doverinin start fitindən cəmi 15 dəqiqə sonra öldü. 15 dəqiqə kifayət etdi ki, "xalq komandası”nın İsrail "Bney Yehuda”sı qarşısında aciz olduğu dəqiqləşsin.

Halbuki, "Arsenal”la oyunlardan sonra əhval-ruhiyyəmiz yerində, kefimiz kökdü. "Neftçi”yə inanırdıq. Düşünürdük ki, "ağ-qaralar” nəinki "Bney Yehuda”dan "Simurq”un 10 il əvvəlki qisasını alacaq, hələ İsveç "Malmö”sünü də yolundan kənarlaşdıracaq, 7 illik fasilədən sonra yenidən Avropa Liqasının qrup mərhələsində oynayacaq.

Azı bir ildə gözləməli olacağıq. Bəlkə də daha çox.

Məğlubiyyətin səbəbləri haqda çox danışmaq, müzakirə və mübahisələr aparmaq olar. Amma hər şey əslində çox sadədi. O qədər sadədi ki, futbolçular öz dilləri ilə həmin səbəbləri deyir, günahkarcasına etiraflar edirlər. Həmin səbəbləri "Neftçi” Azərbaycan çempionatında "Qarabağ”la 6 xallıq fərqi "əridən” gündən bəri özüylə daşıyır. Heç ayrılmayıblar. Tula komandasını məğlub edəndə hər şeyin başqa cür olduğuna inanmışdıq. Sən demə, özümüzü aldadırmışıq.

Bordini və "Neftçi”ni tənqid edənləri qınayırlar. Deyirlər ki, niyə iki həftə əvvəl tərifləyib göyə qaldırırdız, indi də ordan yerə vurursuz?! Bu futboldu, əzizlərim. Futbolda yerdən göyə yüksəlmək o qədər də çətin deyil. Çətin olan həmin yüksəklikdə qərar tuta bilmək, sabitliyi qorumaq, zirvələrə layiq olmadı. Onlar isə bunu bacarmadılar. Deməli, tənqidi də haqq edirlər. Kamran Quliyevin də, Ceyhun Sultanovun da bu tənqidlərdə payı olmalıdı. Amma Bordin və futbolçular qala-qala rəhbərliyi tənqid etmək bir qədər insafsızlıq olar. "Arsenal”ı məğlub edəndə də elə Bordinlə futbolçuları qəhrəmana çevirmişdik.

"Yəqin psixologiyamız belədir ki, bir uğurlu oyundan sonra göylərə qalxırıq. Bütün mübarizələri uduzduq. Uşaq səhvlərindən qollar buraxdıq, ön xətdə heç nə yarada bilmədik. Bu cür futbolla mərhələni keçməyə layiq deyilik” – bu sözləri "Neftçi”nin kapitanı Emin Mahmudov deyib. Qələbə qazananda klub prezidentindən mükafat istəməyə dili uzanan Kiril Petrov da təxminən bu cür sözlərlə çarəsiz olduqlarını etiraf edib: "İlk oyundakı səhvi təkrarladıq. Matça düzgün başlamamışdıq, tələskənliyə yol verdik. Uşaq səhvlərindən qapımızda 2 qol gördük. Növbəti mərhələyə yüksəlməyə layiq deyildik. Bu cür futbolla Avropa Liqasının pley-offuna çıxmırlar”.

İtaliyalı baş məşqçi Roberto Bordinin futbolçuları belə deyir. Onlar nə rəqibi günahlandırırlar, nə də hakimləri. Amma Bordin fərqli davranır. Dünən axşam oyunu izləyən hər kəsin gözü önündə rəqib komandanın baş məşqçisi ilə mübahisə can atır, əl-qol hərəkətləri edirdi. Yozef Abuksisin reaksiyasından belə başa düşülürdü ki, adam Bordinin davranışına təəccüblənir, necə reaksiya verməli olduğunu da bilmir. Sonda özünü toparladı, Robertonu rusların məşhur ifadəsində deyildiyi kimi "uzağa göndərdi”.

Ayıbdı, sinyor Roberto! Sizin Azərbaycandakı cığallıqlarınıza vərdiş etmişik. "Səbail”ə uduzduğunuz oyunlardan sonra Aftandil Hacıyevə necə hücum çəkdiyinizi də xatırlayırıq. Heç olmasa Avropada bizi biabır etməyəydiz, özünüzü Azərbaycanın xalq komandasının baş məşqçisinə layiq şəkildə aparaydız. Hay-küylə, qara-qışqırıqla xal qazanmaq, mərhələ keçmək olmur. Zəifliyinizi etiraf edin.

Oyundan sonra Bordin Azərbaycan Premyer Liqasının start götürdüyünü xatırladıb. Elə düz də edib. Onun yeri buradı, "Keşlə”ylə, "Zirə”ylə, oyunlarda özünü göstərməyə çalışsın. Türkün sözü olmasın, "kəndinə” gəl, sinyor Roberto. Elə sözün hər iki mənasında.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR