"Kəpəz" apellyasiya şikayəti verdi

"Kəpəz" Lənkəranda baş verənlər zamanı qırmızı vərəqə ilə cəzalandırılan U-17-nin qapıçısı Cavid Qurbanova görə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

Sport7.az-ın əldə etdiyi məlumata görə, klub qolkiperin 4 oyunluq cəzasının minimuma endirilməsi üçün AFFA-ya məktub göndərib. Məktubda futbolçunun 16 yaşında, bununla yanaşı, U-17-nin yeganə qapıçısı olması, hərəkətlərinin özünümüdafiə xarakteri daşıması, ilk dəfə qırmızı vərəqə ilə cəzalanması, həmçinin əvvəllər U-15 millimizin heyətinə cəlb edilməsi və onun çıxışını izləmək üçün Avropadan klub təmsilçisinin Azərbaycana gəldiyi əsas gətirilərək, İntizam Komitəsinin çıxardığı qərarın bir hissəsinin ləğv olunması, yaxud şərti cəza ilə əvəzlənməsi istənilib.

Bir neçə gün öncə Lənkəranda baş tutan "Xəzər Lənkəran" - "Kəpəz" matçının sonlarına yaxın yerli azarkeşlər meydana axışıb. Sevimli komandalarının məğlubiyyətini həzm edə bilməyən həmin insanlar, rəqib futbolçuların, xüsusən də "Kəpəz"in qapıçısının üzərinə qaçaraq onu döyüb, fiziki təzyiq göstərməyə başlayıb. Hətta "Xəzər Lənkəran"ın bir neçə futbolçusu da onlara qoşularaq həmkarlarına güclərini yumruq-təpiklərlə göstərməyə çalışıb.  Baş verən olaylarla bağlı AFFA-nın İntizam Komitəsinin iclasında Cavidlə yanaşı lənkəranlıların bir futbolçusuna da 4 oyunluq cəza verilib. Bundan əlavə "Xəzər Lənkəran" qarşıdakı 1 oyunu azarkeşsiz keçirməli olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR