Koronavirus testləri, “Qəbələ” və başqaları haqqında...

Koronavirus testləri, “Qəbələ” və başqaları haqqında...

Amal ABUŞOV

Şənbə günü futbol azarkeşlərinin böyük bir qismi üçün əsl bayrama çevrildi. Koronavirus pandemiyasına görə fasilə götürən çempionatlardan biri qaldığı yerdən davam etməyə başladı. "Böyük beşlik” ölkələrindən ilk cəsarətli addımı Almaniya atdı. Bundesliqa futbolsuzluqdan, pandemiyanın gətirdiyi problemlərdən canı sıxılan azarkeşlər üçün əsl nəfəslik rolunu oynadı. İzlədik, sevindik, gözümüzün qurdunu öldürdük.

Bundesliqanın 26-cı turunda "Ausburq” doğma meydanda "Volfsburq”a 1:2 hesabıyla uduzdu. Məhz bu oyunun hesabını xatırlatmaqda məqsədim var. Yəqin ki, aranızda meydan sahiblərinin baş məşqçisi Heyko Herrlixin cəzalandığından xəbəri olanlar var. Bilməyənlər üçün qeyd edim ki, Herrlix "Volfsburq”la oyunda nəinki ehtiyat oyunçular skamyasında yer ala bilməyib, onu ümumiyyətlə, stadiona buraxmayıblar. Baş məqçi oyundan bir gün əvvəl karantin qaydalarını pozub, diş fırçası almaq üçün oteli tərk edib. Üstəlik, ilk çıxışında maskasını otağında unudub və geri qayıtmalı olub. Çalışdırıcı əl kremini və diş pastasını ödəniş kartıyla yox, nəğd pulla alıb. Bütün bunlar isə onun koronavirusa yoluxa biləcəyinə şübhələr yaradıb. Belədə klub rəhbərliyi baş məşqçini cərimələyib. Yalnız ardıcıl iki dəfə testdən keçib, onların cavabını aldıqdan sonra Herrlixə komandayla birlikdə olmağa icazə veriləcək. Buna deyərlələr əsla alman dəqiqliyi!

"Ausburq”un baş məşqçisiylə bağlı hadisəni niyə xatırlatdım? Ona görə ki, burda ibrətlik məqamlar çoxdu. Azərbaycanda Premyer Liqanın nə vaxt başlayacağı, futbolçulara qrup halında məşqə çıxmaq üçün nə vaxt icazə veriləcəyi məlum deyil. Bununla bağlı müzakirələrin aparılıb-aparılmadığı belə bilinmir. Hər şey Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. AFFA-nın keçirdiyi videokonfransdan da bir nəticə hasil olmadı. Amma nə sirri-xudadısa, hakimlər və elita klubları həmin toplantıdan sonra koronavirus testindən keçmək üçün növbəyə düzülüblər. Nə xəbərdi? Olmaya, məqsəd FİFA və UEFA-nın AFFA-ya, eləcə də klublara ayırdığı məbləğin axırına çıxmaqdı? Kim təminat verə bilər ki, həmin testlərdən sonra hansısa hakim, yaxud futbolçu marketə getməyəcək, bu gündən açılan çayxanaya baş çəkməyəcək?

Diqqətimi çəkən o oldu ki, elita klublarından yalnız "Qəbələ” test verməyə tələsmir. Klubdan açıqlamada bildirilir ki, ortada konkret qərar olmadığına görə tələsmirlər. Məşqlərin başlamasına icazə verildikdən sonra futbolçular bir araya gələcək və testdən keçiriləcək. Bunun üçün müvafiq klinikayla anlaşılıb, sadəcə, indiki məqamda testdən keçməyin heç bir əhəmiyyəti yoxdu. Buna da deyərlər "Qəbələ”nin dəqiqliyi!

PFL bir dəfə ehtiyatsızlıq edib, çempionatın bərpasıyla qərar açıqlayıb. Məlum məsələdi ki, PFL də bunu özbaşına etməmişdi. Lakin kimlərsə ortada rəsmi qərar olmadan PFL-i irəli verib, hədəfə çevirdilər. İndi PFL də tələsmək istəmir. AFFA-nın da etdiyi budu: klubları koronavirus testinə göndərmək. Lap yanacağı qurtarmış qatarla bağlı məşhur lətifədə Brejnevin dediyi kimi: "Relsləri döyəcləyin, sərnişinlər elə bilsin ki, qatar hərəkət edir”...
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR