Kuboklar, Van Deyk, gənc ulduzlar və fizioterapevtlər... -

Kuboklar, Van Deyk, gənc ulduzlar və fizioterapevtlər... - "Liverpul" - "Mançester Siti" rəqabəti haqqında

"Sauthempton" iki il əvvəl Vircil van Deykin transferinə görə 75 milyon funt tələb edəndə "Mançester Siti"nin cavabı "yox" olmuşdu. "Şəhərlilər" sözügedən məbləğə "hə" desələr, Emerik Laportu yox, məhz hollandiyalını mavi forma ilə izləyə bilərdik. Bask futbolçunun növbəti iş yeri isə, güman ki, "Liverpul" olacaqdı.

"Mançester Siti" və "Liverpul"un transfer hədəfləri əksər hallarda eyni isimlər olur. Bu, təkcə meydanda yox, onun sərhədlərindən kənarda da davam edən rəqabətə dair sadəcə bir nümunədi.

Yürqen Kloppla işləmək istəyi, həmçinin azarkeş amilinə görə Van Deyk əvvəlcədən "Liverpul"da oynamaq niyyətində imiş. "Qırmızılar"a görə, oyunçunun istəksiz olması səbəbindən "Siti" 75 milyon funtu ödəməkdən imtina edib.

"Liverpul"un skaut komandası 18 aylıq period ərzində Avropa daxilində 30 stopperin oyununu izləyib və yekunda əsas siyahı tərtib olunub. Klubun prioritetləri Van Deyk və Laport imiş. "Mançester Siti" ödəniş etmək niyyətində olsa, "Liverpul" böyük ehtimalla hədəfini Laporta çevirəcəkdi. Siyahının növbəti iki sırasında Kalidu Kulibali və Jerom Boatenqin adı var imiş.

"Mançester Siti" və "Liverpul"un texniki əməkdaşları, skautları və akademiyaları arasında da böyük rəqabət var. Gəlin, Sem Li və Ceyms Pirsin insayd məlumatları əsasında əksəriyyət tərəfindən bilinməyən məsələlərə nəzər salaq.

2013-cü ildə "Siti"nin işçilərindən birinin "Scout7"-dəki hesabının giriş məlumatlarının məhz "Liverpul"lu həmkarı tərəfindən oğurlandığı ortaya çıxıb. Sonradan hadisə ilə əlaqədar olaraq hüquqi anlaşma çərçivəsində "şəhərlilər"ə 1 milyon funt ödənilib.

Futbol direktoru Damien Komolli və baş məşqçi Kenni Dalqlişin 2012-ci ildə "Liverpul"dan ayrılmasından sonra skaut departamentinin yenidənqurulmasına başlanıldı. İdman direktoru Maykl Edvards qeyd etdiyim məsələdə adları hallananlardan Deyv Fallousu, həmçinin Barri Hanteri komandasına cəlb etdi. Onlar daha əvvəl "Siti"də işləyiblər. Ardınca Mançester təmsilçisindən daha üç skaut transfer edildi: Culian Vord, Endi Seyer və Kevin Hant.

Klopp "Liverpul"un son illərdəki uğurlarında məhz sözügedən şəxslərin, daha da dəqiq, skaut departamentinin rəhbəri Fallous və şef-skaut Hanterin böyük rolu olduğunu tez-tez qeyd edir. Xüsusilə də Roberto Firmino, Məhəmməd Salah və Fabinyo transferlərinin onların təkidi nəticəsində reallaşdığı bildirilir.

"Siti" rəhbərliyinin əsas simaları - Ferran Soriano, Çiki Beqiristayn, Omar Berrada, onların köməkçiləri, hüquqçular və insan resursları departamentinin rəhbərinin iştirakı ilə tez-tez klubdaxili iclaslar keçirilir. Toplantılar zamanı bir çox önəmli məsələyə toxunulsa da, klubun spesifik transfer hədəfləri barədə söhbət açılmır. Bu mövzu yalnız Soriano, Beqiristayn, Berrada və Haldun əl-Mubarak arasında müzakirə edilə bilər. Kompüterlər şifrələnib. Məşqçilər heyətinin taktiki planları şifrələnmiş dizüstü kompüterlərdə saxlanılır. FA rəhbərliyinin "Siti"nin məşq bazasını ziyarəti zamanı belə, taktiki lövhə və qeydlərin üstü örtülmüşdü. Bir il əvvəl "Siti"nin bütün təhlükəsizlik sistemi yenilənib. Klubun əməkdaşlarından hər ay elektron poçt ünvanlarının parollarını dəyişmələri istənilir.

"Mançester Siti" "WyScout", "InStat" və "Scout7" kimi skaut platformalarından istifadə edir. Hər birindən fərqli məqsədlər üçün faydalanırlar. Məsələn, "Liverpul"un "Siti"nin datalarına müdaxilə etdiyi proqram - "Scout7" əldəki informasiyanı tətbiqə daşımaq və oyunçular haqda detallı raport hazırlamaq baxımından ən yaxşılardan hesab olunur. Matçların analizi ilə bağlı istifadə olunan "Sportscode" isə həm də transfer planlaşdırmasını formalaşdırmağa imkan yaradır. Quardiola ilk növbədə özü "Siti"nin oyunlarını izləyir, daha sonra analiz komandasından eynisini tələb edir. Əldə olunan detalları birləşdirdikdən sonra oyunçularla bölüşürlər. Toplanan məlumatlar mövqelər üzrə futbolçulardan tələb olunan özəllikləri özündə əks etdirir. Klub sözügedən informasiyadan həm də mövqelər üzrə potensial transfer hədəfləri müəyyənləşdirilərkən yararlanır. Yeni gələnlər həmin standartlara cavab verməlidilər.

Oyunçuların heyətə cəlb edilməsi zamanı videolardan, proqramlardan və müxtəlif tətbiqlərdən geniş istifadə olunsa da, qərarlar təkcə texnologiya əsasında verilmir. Əsasən də psixoloji və sosial aspekt bu mənada ön plana çıxır. MS spesifik hədəflərinin xarakterinin kluba uyğunluğunu müəyyənləşdirmək üçün bir neçə şəxslə əməkdaşlıq edir. "Şəhərlilər" transfer prosesində oyunçuları inandırmaq baxımından əlaqələrin necə böyük rol oynadığını da yaxşı başa düşürlər. Məsələn, Frenki de Yonqun transferində maraqlı olan Pep Quardiola onu razı salmaq üçün Ronald Kumanla olan kontaktını işə salmışdı.

"Siti"nin transfer siyasəti belədi: müəyyən mövqe üzrə bir hədəf müəyyənləşdirir və sadəcə ona yönəlirlər. Bunun üçün "transfer pəncərəsi"nin açılmasına aylar qala klubun rəhbər şəxslərinin iclasında məbləğ alış-verişi başlayır və erkən hərəkətə keçərək rəqiblərini qabaqlamağı hədəfləyirlər. Mançesterin digər təmsilçisi - "Yunayted" isə eyni zaman kəsiyində bir mövqe üçün bir neçə hədəfə yönəlir və danışıqlara başlayır.

İlkay Gündoğan, Bernardu Silva, Ederson, Mendi, Voker, Marez, Rodri... - bu transferlərin hamısı bu formada həyata keçirilib. Yanaşmanın mənfi cəhətləri də az deyil. Bir neçə dəfə istədikləri oyunçu ilə anlaşmaq mümkün olmadığından, "Siti" qalan müddət ərzində alternativ tapmaqda çətinlik çəkib və ya digər namizədin artıq başqa klubla anlaşdığı ortaya çıxıb.

2018-ci ilin yayında Jorjinyonun transferini həyata keçirə bilməyən Quardiolanın növbəti hədəfi De Yonq imiş. Beqiristayn əvvəlcədən "Ayaks" rəsmiləri, o cümlədən oyunçunun agenti ilə görüşüb və anlaşmanın şəxsi detalları razılaşdırılıb. Amma birdən "Barselona" ortaya çıxıb. Onlar da tez hərəkətə keçiblər. Ötən ilin dekabrında katalon klubunun nümayəndə heyəti Amsterdama yollanıb. Həftəlik minimum 200 min avro əmək haqqı, həmçinin oyunçunun agentinə 5 milyon avro ödəmək şərtilə De Yonqun fikrini dəyişiblər. Beləliklə, "Siti" prioritet hədəfini əldən verib.

Harri Maquayr məsələsi də buna bənzərdi. Maquayr, əslində, əvvəlcədən "Siti" ilə şərtləri razılaşdırıb. Sonradan "Mançester Yunayted"in 85 milyon funt ödəmək niyyətində olduğu ortaya çıxıb, "Siti" isə bu məbləği qarşılamaq istəməyib. Digər tərəfdən, MY ingilis futbolçuya start heyətinin əsas üzvü olacağına dair vəd verib və kapitanlıq ehtimalı müzakirə edilib. Bunları da nəzərə alan Maquayr yekunda "mankunyanlar"ı seçib. Düşünülənin və Quardiolanın mətbuat konfransında dediklərinin əksinə, stopper transferi hədəfdə imiş.

Bənzər rəqabət gənc istedadlar uğrunda da gedir. Bu səfər radius daha genişdi. Şimal-qərbdə "Mançester Siti" və "Liverpul"un bu mənada "Mançester Yunayted" və "Everton" kimi rəqibləri var. Maraqlı məqam ondan ibarətdi ki, artıq böyük idman brendləri də skautlardan istifadə etməyə başlayıblar. Onlar skautlarını gənclərin matçlarına göndərir və əvvəlcədən istedadları müəyyənləşdirməyə cəhd edirlər. Diqqətçəkən namizədlərə tez-tez butslar, müxtəlif hədiyyələr göndərilir. Bu yolla şirkətlər gələcəyin potensial ulduzlarını təşviq etməyə çalışırlar.

"Liverpul" və "Siti"nin akademiya xərcləri arasında böyük fərq var. "Liverpul" akademiyasının illik büdcəsi təxminən 10 milyon funtdu. Dəqiq olmasa da, "Siti"dəki rəqəmin bundan minimum iki dəfə çox olduğu deyilir.

Akademiyanın direktoru Aleks İnqltorpun rəhbərliyi altında "Liverpul" professional səviyyədə ilk ilinə qədəm qoyan futbolçulara illik 40 min funt maaş limiti tətbiq edir. Burada əsas komandanın heyətində meydana çıxma və ya birinci komandaya yüksəlmə hallarında bonuslarla təşviq prinsipinə daha çox üstünlük verilir. Məqsəd gənclərin "ulduz xəstəliyi"nə tutulmasının qarşısını almaq, uğura "ac" olmalarını təmin etməkdi. İnqltorpa görə, yanaşmaları özünü doğruldur.

"Siti" oyunçuların ailələrinə daha böyük imtiyazlar təklif edir. "Liverpul"un yeniyetmələri Kerbi yaxınlığındakı sıravi məktəbə gedirlər. "Siti"nin gəncləri isə illik ödənişi 12 min funt olan, bölgənin ən önəmli kolleclərindən birində təhsillərini davam etdirirlər. "Şəhərlilər"də professional səviyyədə ilk ilini keçirən futbolçular həftəlik 4,500 funt məvacib alırlar. İkinci il bu məbləğ 6,000 funta yüksəlir. Yuxarıda "Liverpul"la bağlı rəqəmi qeyd etmişdim. "Qırmızılar" bu mənada "Siti"dən geri qalır. Akademiya səviyyəsindəki agentlərə ödəmələr arasında da bənzər uçurum var. Əksər hallarda maddiyyatı əsas motivasiya mənbəyi hesab edənlər Mançester təmsilçisinə üstünlük verirlər. Amma bu mənada yeganə faktorun pul olduğunu demək bir az haqsızlıq olar. "Siti"də təlim səviyyəsi və daxili imkanlar da çox yüksək səviyyədədi.

"Liverpul" gənclərin cəlbi baxımından Yürqen Kloppun xidmətindən istifadə edir. Alman məşqçi tez-tez akademiyadakı oyunçularla görüşür, onlarla əsas komandadakı potensiallarını müzakirə edir. Akademiyadan gələn Trent Aleksander-Arnoldun əsas heyətin daimi üzvü olması da seçim arasında qalan gənclərin cəlbi baxımından effektivdi. "Siti"nin daha çox hazır oyunçulara üstünlük verməsi gələcəyini düşünən futbolçuların "Liverpul" variantını seçməsinə səbəb olur.

"Liverpul" 2016-cı ildə "Siti"nin sərbəst buraxdığı Rafael Kamaçonu heyətinə cəlb edib. Ötən ay Kamaço 7 milyon funta "Sportinq"ə satıldı. MS rəsmiləri hələ də Ceyms Balaqizinin 11 yaşı olarkən "Liverpul"a keçməsini qəbul edə bilmirlər. 16 yaşlı oyunçu "Liverpul"un U-18 komandasının və 17 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin əsas üzvlərindən hesab olunur. Bir başqa nümunə - Bobbi Dankan. "Siti" ilə müqavilə məsələləri ilə bağlı anlaşılmazlıq yaşayan Dankana görə "Liverpul" 200 min funt ödəmişdi. Bu ilin sentyabrında Mersisayd klubu 18 yaşlı futbolçunu 1,8 milyon funta "Fiorentina"ya satdı.

"Liverpul" 7-8 yaşlı oyunçuların valideynlərinin məlumatlandırılması üçün layihə hazırlayır. Valideynlərə uşaqların inkişafı baxımından ən yaxşı istiqamətin "Liverpul" olduğu ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır. Onlar bu yolla "Siti"nin bölgədəki cazibəsini aradan qaldıracaqlarını düşünürlər.

İnqltorp: "Londonla müqayisədə bu bölgədə oyunçuların cəlbi məsələsində daha böyük rəqabət var. Toplam 1 saat yarımlıq məsafədə 4 böyük klub var. Ona görə də ilkin mərhələdən etibarən düzgün addımlar atmalı, eyni zamanda, oyunçuları diqqətdən kənar saxlamamaq üçün maksimum diqqətli olmalısınız".

"Siti" və "Liverpul" FA-nın gənclərin heyətə cəlbi ilə bağlı qaydalarını pozduqları üçün cərimələniblər. Amma işin içində olanlara görə, baş verənlər adi haldı. Düşünün, ölkə daxilində klublar akademiyadakı istedadlı uşaqların valideynlərinə bonus ödənişlər həyat keçirir, zaman-zaman onlara ev və avtomobil hədiyyə edirlər. Bu, biznesdi və klublar rəqabətdə bir addım önə keçmək üçün müxtəlif variantlara əl atırlar.

"Siti" uşaqların cəlbi üçün üç istiqamətdən istifadə edir. Birincisi - Barnsli, Lids, Börnli kimi şimal bölgələrində uşaq inkişaf mərkəzləri yaradılıb. Buradakı uşaqlar birbaşa "şəhərlilər"in akademiyası üçün yetişdirilir. İkincisi - "City Select" proqramı. Proqram sayəsində uşaqlar həftədə iki-üç dəfə məşqçilərin rəhbərliyi altında "Siti" ilə birlikdə məşqlərə çıxırlar. Amma klubla aralarında heç bir müqavilə imzalanmır. Elə düşünün ki, proqram rezerv komanda funksiyasını daşıyır. Layihə uğurla davam edir. Təsadüfi deyil ki, Mançesterdəki gənclərin əksəriyyətinin "Siti"ni seçdiyini və bəzilərinin hətta Mersisayddakı "Everton" və "Liverpul"la məşqlərə başlamağa üstünlük verdiyini görən "Mançester Yunayted" iki il əvvəl "City Select"in rəhbəri Kevin Besviklə əməkdaşlığa başlamışdı.

Üçüncü istiqamət yerli məktəblərlə bağlıdı. "Siti"nin təşəbbüsü ilə məktəblərdə xüsusi əyləncə günləri keçirilir. Bu günlər çərçivəsində x yaş qrupundan (hər səfər fərqli yaş qrupları seçilir) 100-ə yaxın uşaq iki saat klubun mütəxəssisləri ilə birlikdə məşq etmək imkanı əldə edir. Yekunda onlara sertifikat verilir. Bu yolla komandaya cəlb olunan uşaqların sayı azdı. Ona görə də "Mançester Siti"nin əksər məşqçiləri ənənəvi skautinq prosesinin - məktəblərdə, parklarda uşaq tapmaq - artıq effektiv olmadığını düşünürlər. Buna baxmayaraq, mərkəz müdafiəçisi Yeboa Amankva 16 yaşı olarkən məhz bu yolla aşkarlanıb.

"Siti"nin yaş qrupları üzrə komandalarının sayı çoxdu. Onlar aralarında əsas komandadakı futbolçuların adlarına uyğun bölünürlər. Məsələn, "U-9 Aquero" komandası, "U-9 Silva" və b. Tutaq ki, "U-9 Aquero"ya yeni oyunçu cəlb edilib. Uşağı həvəsləndirmək üçün "Etihad"dakı bir neçə ev matçında onun Aqueronun boksuna sərbəst girişinə icazə verilir. "Şəhərlilər"in akademiyasına seçilən uşaqlar buts, yağış jaketi, çanta, su qabı, idman şalvarı və s. kimi toplam 1,000 funt dəyərində olan idman avadanlığı paketi əldə edirlər. Hər il bu avadanlıqlar yenilənir.

Erkən yaşlardan etibarən oyunçuların analiz platformalarından istifadəsinə şərait yaradılır. Hər futbolçunun performans dəyərləndirilməsi üzrə ixtisaslaşmış - "Hudl Sportscode" tətbiqinə girişi olur. Oyunların hamısı videoya çəkilir, analiz olunur, futbolçulara topla məşğələlərə dair ev tapşırıqları verilir. Məşq sessiyalarından 30 dəqiqə əvvəl isə tennis, basketbol kimi idman növlərinə dair məşğələlər keçirilir.

Klublar gənc istedadlarla yanaşı, bir-birilərinin heyət üzvlərini də "oğurlamağ"a çalışırlar. Fallous, Vord və Hanter "Siti"dən "Liverpul"a keçib, Quardiolanın məşqçilər korpusunun üzvü olan Rodolfo Borrell daha əvvəl "Liverpul"da çalışıb. Stefen Torpi və Darren Hyus "Liverpul"u Siti"yə dəyişiblər. Mançester klubu həmçinin "Liverpul"da çalışmış ləvazimatçılardan birini də heyətinə cəlb edib. MS-nin baş fizioterapevti Li Nobsun 11 il klubda çalışdıqdan sonra - ötən il "Liverpul"a keçməsi isə daha çox müzakirələrə səbəb olmuşdu. Ən çox da baş məşqçi Pep Quardiola onun gedişini qəbul edə bilməmişdi.

"Siti" futbolçularının ötən mövsüm Premyer Liqada çempionluğu rəsmiləşdirdikdən sonra təyyarədə "Allez Allez Allez" mahnısının sözlərini dəyişdirərək oxuması "Liverpul" tərəfindən alçaldıcı addım kimi qəbul olunmuşdu. Mançester təmsilçisinin bəyanatında üzrə dair ifadələrin olmaması alovun üzərinə bir az da benzin tökmüşdü... Quardiola "Liverpul"la bağlı danışanda simulyasiya mövzusuna söz atır, Klopp "Siti"nin taktiki qayda pozuntularına ilişir...  Bir sözlə, iki elit klub, iki böyük məşqçi və dünya səviyyəli oyunçular meydanda və meydandan kənarda, demək olar ki, hər addımda bir-birilərinə rəqibdilər. Bizə isə bu sağlam rəqabətdən zövq almaq qalır.
 
 

OXŞAR XƏBƏRLƏR