Limonun

Limonun "limonka"ya çevrilməsi

Sən demə, limon həm də təzyiq yüksəldən vasitə imiş. "Qarabağ" - "Xəzər Lənkəran" matçında ağdamlı azarkeşlərin meydançaya limon atması nəticəsində lənkəranlıların qəzəblənməsi bunu deməyə əsas verir.

Mövzü ətrafında sosial şəbəkədə aparılan müzakirələr çox üzücüdü. "Ağ-yaşıllılar"ın fanatları çılğına dönüb. Meydançaya limon atılmasına görə Qarabağ uğrunda vuruşan, şəhid olan oğullar yada salınır. Deyərdim ki, hətta bu, bəziləri tərəfindən "Qarabağ" fanatlarına az qala baş qaxıncı edilir. "Biradər, lənkəranlılar Qarabağda vuruşub, canını qoyub, siz isə torpağı qoyub Bakıya qaçmısız" deyənlərə, yazanlara da rast gəlmək mümkündür. 

Əslində, "Qoçaqlıq ondu, doqquzu qaçmaq, biri də gözə görünməmək" məsəli hər dəfə xoş qarşılanmasa da, bu, əliyalın olduğun halda üstünə silahla gələn düşmən qarşısında keçərlidi. "Niyə? Elə qoyardın erməni səni öldürərdi də. "Zato" öz torpağında ölərdin" kimi fikirlər təbii ki, pafosdan başqa bir şey deyil. Bunun sadə izahı da var - həmin an ölürsənsə, erməni bir düşməni məhv edir. Yox, sağ qalırsansa, gələcəkdə düşmənə bir neçə düşmən qazandırmış olursan. Vəssalam!

Uşaq ikən ana laylasını güllə vıyıltısı ilə səhv salanlar da, cizgi filmi izləməli olduğu yaşda birbaşa ən qorxulu, dəhşətli kinonun setində iştirak edənlər də indi bunu daha yaxşı başa düşür. Bizim uşaq ikən canlı izlədiyimiz filmdə ayrıseçkilik, bölgələrə bölmək söhbəti filan yox idi. Ağdamlılar da, lənkəranlılar da, gəncəlilər də, şəkililər də eyni amal üçün vuruşurdu. Vuşurdu ki, torpaqları müdafiə etsin. Vuruşurdu ki, yaşlıları, qız-gəlinləri, körpələri qorusun.  Vuruşurdu ki, filmin sonu müsbət sonluq bitsin. Nə yazıq ki, ssenarisi bizlər tərəfindən yazılmadığından baş rol qəhrəmanlarımızı itirdik. İtirmədik ki, onları ancaq meydana limon atılanda yada salaq, itirdik ki, qisas almağa səbəbimiz olsun.

Qarabağ yaralı yerimizdi. Amma limon insanın yaralı yeri ola bilməz. Uzağı limonun yaralı yeri olar. Onu da kəsib atarsan. Qarabağı kəsib atmaq olmaz axı. Bəs, biz nə edirik? Birlik, bərabərlik nümayiş etdirmək əvəzinə, bir uşağın səhvini bağışlamır, bunu az qala terror kimi qələmə verir, limonu "limonka"ya çeviririk.

Nəticədə Azərbaycan futbolunun bəzəyi Lənkəran azarkeşləri 
"Qarabağ" fanatlarına düşmən kəsiləir. Artıq revanş arzulayanlar da var. Belə görünür ki, cavab çox sərt olacaq. Olsun, amma hər hansı bir pankartla, hər hansı şüarla, amma dava ilə yox. Bizim davamız bir-birmizlə deyil axı. Altısı bir manata olan limona görə dava edəcək, az qala qan tökəcək, "vətəni qoyub qaçmısız" deyəcək durumamı gəldik?

Halbuki limon özü qaçqındı. Vətəni gözəl güşəmiz olan Lənkəran yox, Hindistandı. Sadəcə, Allahın bəxş etdiyini gözəllik sayəsində sitrus meyvəsinin orada da yetişməsində hər hansı bir problem yoxdu. Deyəsən, söhbətə Hindistan filmlərində 1 yumruğa 15 nəfəri yerə sərən Mitxun Çakrabortini, Şahrux Xanı da çağırmalı olacağıq. 

Məmləkətdə bir meyvə və tərəvəzdən müxtəlif yerlərdə əkilir, biçilir, dərilir, satılır. Misal üçün kartof, Gədəbəydə də var, Tovuzda da, Cəlilabadda da. Qarpız Sabirabadda da yetişir, Bərdə də. Pomidorun Bakıda, Qazaxda da, Xaçmazda əkilən sortları da var. Valllah, biri bilmədən Azadlıq meydanı çıxıb yarmarka keçirsə, kimləsə dalaşıb, ona pomidor, kartof və başqa bir şey atsa, deyəsən, xalq inqilaba qalaxacaq...

EMİN SƏFƏROV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR