"Liverpul"un final hazırlığı: "Tottenhem"ə bənzər "Benfika"

"Liverpul" Çempionlar Liqasının finalı ərəfəsində İspaniyada "Benfika"nın rezerv komandası ilə hazırlıq görüşü keçirib. Yurqen Klopp və köməkçisi Pep Liinders "Tottenhem"ə bənzər oyun tərzinə sahib olduqlarını düşündüklərindən, portuqallara dəvət göndərilib. "Benfika B"-nin baş məşqçisi Renatu Paiva ilə əvvəlcədən bu barədə danışılıb və texniki heyət "Tottenhem"in oyunlarını mümkün qədər analiz edib.
 
Paiva "A Bola"ya son müsahibəsində bu məsələyə toxunub:

"Tottenhem"in iki hücum, iki müdafiə setini və finalda istifadə edəcəklərini düşündüyümüz standart vəziyyətlərlə bağlı modellərin bənzərini hazırlamışdıq. London klubu kimi, qapıçı və mərkəz müdafiəçilərin köməkliyilə geridən oyun qurur, 4-2-3-1-dən istifadə etdiyimiz müdafiə fazasında hücumçumuz rəqib müdafiəçilərinin arasına girir və "10 nömrə"miz "Liverpul"un "6 nömrəsi"nə mane olmağa çalışırdı. Vinisius Eriksen olmuşdu, Bernardu Alli kimi davranırdı, Joze Qomeş isə Keyn idi.

Toplu, topsuz, 4-2-3-1-ə uyğunlaşmalı idik. "Liverpul"un pressinqini üzərimizə çəkmək üçün dördlünün önündəki iki nəfər geridən oyun quruculuğu zamanı arxaya düşüb, stopperlərə yaxınlaşırdı. "Tottenhem"in "Liverpul"un oyunçularını bilərək öz cərimə meydançasına doğru dəvət edəcəyi bəlli idi. Ardınca qapıçı və mərkəz müdafiəçiləri arasındakı bir neçə pasdan sonra forvardlar və cinah müdafiəçilərinin köməkliyilə "Liverpul"un pressinq həlqəsinin arxasında qalan boş zonaya hücum etməyə çalışacaqdılar.

Həmişə istifadə etdiyimiz sistemə kiçik dəyişikliklər etməli olduq. Yarımmüdafiə üçbucağında Allinin rəqibin mərkəz müdafiəçisinə yaxın oynadığı, Eriksenin rəqibin cinah müdafiəçisini özü ilə aparmaq üçün içəriyə meyilləndiyi, geniş zonanın Trippyerin ixtiyarına qaldığı bir düzülüş düşünün, eynisini solda Son və Rouz üçün də deyə bilərik - belə bir şey...

Klopp bizi təriflədi. Onunla danışanda dedi: "Oyun quruculuğu üçün mərkəz müdafiəçiləri geriyə düşəndə dərhal "Mançester Siti"yə qarşı etdiyimiz pressinqin eynisini tətbiq edirdik. Ancaq siz 3-4 dəfə oradan çıxa bildiniz".
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR