Ölkəsində qiymətləndirilməyən, İtaliyadan incik... - Kamoranezinin hekayəsi

Ölkəsində qiymətləndirilməyən, İtaliyadan incik... - Kamoranezinin hekayəsi

Mauro Kamoranezi dünya futbolunun "tapmaca"sı olaraq qalmaqdadır. O, zəngin karyerasına görə xatırlanmağı haqq edir, amma tale elə gətirdi ki, layiqincə qiymətini almadı. Həmin vaxt İtaliyada başqaları qəhrəman seçilirdi... 

Kamoranezi İngiltərə Premyer Liqasında çıxış etsəydi, indi də onun şəninə bəstələr səslənərdi. Zəhmətkeş, sadiq, aqressiv, möhkəm, məqsədyönlü, usta, qətiyyətli, asan uyğunlaşan və qərarlı – kult fiqur olması üçün bütün keyfiyyətlərə sahib idi. Amma nədənsə o, müasirlərinin kölgəsində qalmalı oldu.

Mauro 1976 cı ildə Buenos-Ayresin Tandilya əyalətində dünyaya göz açıb. O, ən ağılasığmaz yuxularında belə, təsəvvür edə bilməzdi ki, nə vaxtsa futbolçu olub, dünya çempionatında İtaliya yığmasının formasını daşıyacaq. Mauronun ulu babası italiyalı olub. O, 1873-cü ildə Argentinaya gələn immiqrantlardan idi. Mauro kiçik yaşlarından "River Pleyt” azarkeşi idi, amma professional futbolçu karyerasına ikinci divizion komandası "Aldosivi”də başlayıb. Həmin illərdə yaşıdları olan əsas futbol fiqurları onun yanından ötüb keçirdi. Mauro diqqətdən kənar qalmışdı. Argentina nəhəngləri, həmçinin yığmanın skautları onu nəzərə almırdılar. Kamoranezi 19 yaşında Meksikanın "Santos Laquna” klubundan təklif alır. Mauro orada çox çətin, amma faydalı bir il keçirir. Nadir hallarda meydana çıxdığından, Meksikada diqqət mərkəzinə düşmək ona müəssər olmur.
 


Ardınca argentinalı əşyalarını toplayıb, Montevideoya yollanır. Onu burada növbəti uğursuzluq gözləyirdi: "Montevideo Vonderers”də də ehtiyatda qalır. Cəmi altı oyunda meydana çıxan, Meksika və Uruqvayda istəyinə çata bilməyən Kamoranezi 1997/98 mövsümünün startı ərəfəsində vətəninə qayıdır.

Nəhayət, yüksək liqadan B Premyerasına yollanan "Banfild”də Mauro diqqətləri öz üzərinə çəkməyi bacarır. Mövsümün sonunda divizionun bombardirinə çevrilən Aleksandr Qlarionu topla təmin edir, özü isə mövsüm ərzində 16 qola imza atır. Nəticədə "Banfild” Metrpolitana zonasının zirvəsinə qalxır. 

Mauro böyük klubların qapısını döyəcəyinə ümid etsə də, belə olmur. Bu dəfə o, uğuru yenidən Meksikada, çempionluğu təzəlikcə bayram edən "Kruz Asul”da axtarmağa yollanır. Legionerə bu dəfə biganə qalmırlar. O, Xuan Françesko Palensiya ilə iki məhsuldar mövüsüm keçirir. Trofey isə yenə də ondan yan keçir: qələbə bu səfər "Paçuka”nın olur.

Meksikalılar yeni sevimlilərinin adını yaddaşlarına həkk edirlər, amma dünya hələ də ondan məlumatsız idi. Kamoranezi yığmaya çağırmırdılar. Yarımmüdafiəçi artıq 23 yaşına çatmışdı.
 


Meksikada kubok uğrunda mübarizədə ağır məğlubiyyətə baxmayaraq, Mauro stabil çıxış etməyə davam edirdi. Həmin vaxt Argentinada diqqət çəkməsə də, tandiliyalı İtaliyada maraq dairəsinə düşmüşdü. 2000-ci ilin yayında "Verona" meksikalılara yaxşı pul təklif edir. Bu keçid inkişaf etməkdə olan Kamoranezinin nəyə qadir olduğunu nümayiş etdirməsi üçün çox yaxşı şans idi. Onunla yanaşı, komandaya Alberto Cilardinyo, Adrian Mutu və Emiliano Bonatsoli kimi istedadlar da gətirilmişdi. Ancaq həmin komandanın çox təcrübəsiz olması özünü göstərməsinə mane olurdu və nəticədə çempionatda qalmaq uğrunda mübarizə aparmağa məcbur oldular. Tale elə gətirmişdi ki, Mauro birinci addımı önə atanda, ikincidə yerində saymalı, üçüncüdə isə arxaya doğru addımlamalı olurdu. Komanda son üç turdakı qələbələr hesabına çempionatdakı yerini qoruyub saxlamağı bacardı.

Yeni ölkədəki debütü uğurlu hesab etmək olardı. Şübhəsiz ki, əzm, ağıl və aqressiya olmadan buna nail olmaq mümkünsüz idi. Kamoranezi "Viçentsa”, "Bari”, "Latsio” və "Roma”nın qapısına yol tapmağı bacarmışdı. Təəssüf ki, bu uğuru sonradan təkrarlamaq mümkün olmur və komanda B Seriyasına yollanır.

Komanda yoldaşlarının uğursuzluğuna baxmayaraq, Mauronun nüfuzu artmaqda idi - xüsusilə də "Yuventus” ilə oyun ona çox kömək oldu. Hansı ki, həmin oyunda argentinalı özündən söz etdirməyi bacarmışdı. Yekunda Mario Turinin yolunu tutdu. Ölkəsində inana bilmirdilər: "Bu oğlan harada idi və biz onu niyə yaddan çıxarmışıq?"

Amma çətinliklər bitməmişdi. Mauronun debüt mövsümü ideal alınmır. Skudettonu asanlıqla qazanmaq mümkün olur, amma Çempionlar Liqasının finalında, "Old Trafford”da onları "Milan” gözləyirdi. Bura qədər isə "Barselona” və "Real” kimi rəqiblər mübarizədən kənarlaşdırılmışdı. Bu, İtaliya futbolunun pik nöqtəsi idi.
 


Finalda fasilədən sonra Mauro Antonio Konte ilə əvəz olunur. Bəlkə də, bu, bir-birini yaxşı tanıyan tərəflərin şahmata bənzər qarşılaşmasında səhv addım idi, çünki argentinalının aqressiyasına sonrakı dəqiqələrdə ehtiyac yarandı. Yekunda matç penaltilərə getdi və "milanlılar"ın qələbəsi qeydə alındı. Bu finala qədərki üç ayda Kamoranezinin özünü göstərməsi üçün çox yaxşı imkan yaranmışdı. Baxmayaraq ki, Argentinada hələ də onu nəzərə almaq niyyətində deyildilər, ancaq Covanni Trappatoni hər şeyi görürdü və futbolçuya İtaliya millisində şans vermək qərarına gəlmişdi. İkili vətəndaşlıq alan Mauro 2003-cü ilin fevralında Portuqaliya ilə yoldaşlıq oyununda İtaliya yığmasının heyətində debüt edir. Həmin vaxt "yuxudan ayılan” argentinalılar ona təklif göndərsələr də, Mauro rədd cavabı verir. Ölkəsindən fərqli olaraq, Trappatoninin İtaliyasında Kamoraneziyə inanırdılar. O isə bu etibarın əvəzini qaytarmaq üçün məqam axtarırdı, hansı ki, buna Avro-2004-ə yollanmaqla müəssər olur. Onun "Verona”dakı sabiq komanda yoldaşı Massimo Oddo da orada idi.

Danimarka ilə ilk oyunda İtaliya heç-heçə edir. İsveç ilə matçda Kamoranezi əvəzetmədən meydana daxi olur və az keçmir ki, 1-0 hesablı üstünlük 1-1 hesablı bərabərliyə çevrilir. Növbəti mərhələ üçün ümid ancaq Bolqarıstanı məğlub edib, Danimarka və İsveçin məhsuldar heç-heçə etməməsinə qalırdı. Möcüzə baş vermir və "mavi eskadra” üçün turnir fiasko ilə nəticələnir.

Trappatonini bu nəticədən sonra yığmanın sükanında Marçelo Lippi əvəz edir. "Yuventus”un sabiq baş məşqçisi Mauroya heç də isti yanaşmırdı, amma o, öz haqqı üçün sona kimi vuruşur və yeni ölkəsini təmsil etmək hüququnu qazanır. "Yuve”dəki ikinci mövsüm (Lippinin son mövsümü) elə də yadda qalmır. Belə ki, Çempionlar liqasında "Deportivo”ya məğlub olan "Milan" A Seriyasında üstünlük qazanmışdı. Komandanın sükanı arxasına 70-ci illərdə formasını daşıyan Fabio Kapello keçir. Nəticədə bu dönəm heç də yaddaşlarda yaxşı izlərlə qalmır, belə ki, bu məşqçinin adı tarixdə həmişə "Milan” ilə assosasiya olunurdu. Həm futbolçular, həm də azarkeşlər komanda üçün "yad” birinin baş məşqçi olması ilə barışa bilmirlər. Buna baxmayaraq, "Qoca sinyora” çox yaxşı çıxış edir. Kamoranezinin də nədənsə narazı olmasına əsas yox idi. O, karyerasının ən yaxşı formasında idi. Həmin vaxt "Yuventus”da olan artistizm "Milan”dakı qədər olmasa da, əzm və məqdəsyönlülüyə görə onlara da təşəkkür düşür. 2005 və 2006-cı illərdə "turinlilər" A Seriyasında çempionluğa nail olurlar. Mauro Kamoranezi isə həmin vaxt Alessandro Del Pyero, Pavel Nedved, David Trezeqe və Zlatan İbrahimoviç kimi futbolçularla əhatələnmişdi.

Kamoranezi, nəhayət ki, trofey siyahısını doldurmağa başlamışdı. Amma həmin vaxt səmanın üzünü yenə qara buludlar almağa başlayır. Korrupsiya qalmaqalı - "Kalçiopoli” gündəmə gəlir, "Yuventus” son iki çempionluqdan məhrum edilib, B Seriyasına göndərilir. Bütün dünyanı sirkələyən bu hadisədən sonra italiyalılar Almaniyaya təzyiq altında və alçaldılmış şəkildə yollanmışdılar. İndi bütün dünyaya sübut etmək lazım idi ki, kalçonun dünya futbolunda hegemonluğu heç də təsadüf deyil. Kamoranezi komanda yoldaşlarının durumuna şərik idi, amma bu rolu heç də aparıcı hesab etmək olmazdı. Belə ki, Mauro Qana ilə oyuna əvəz etmədən daxil olur, ABŞ ilə oyunu buraxır, ancaq yeni taktikanın hesabına, son qrup oyunu - Çexiya ilə qarşılaşmaya əsas heyətdən daxil olur. Bu oyunda 2-0 hesablı qələbənin nəticəsi olaraq, "azzurri” qrupdan lider olaraq çıxır. Avstraliyalılar az qalmışdı ki, italiyalıları turnirdən kənarlaşdırsınlar. Mauro isə bir də 3-0 hesablı parlaq qələbənin qazanıldığı Ukrayna ilə matçda heyətə qayıdır. Məhz bu qarşılaşmadakı parlaq oyunu sayəsində o, yarımfinalda almanlarla oyunda meydanda olmaq şansını qazanır. Argentinalı sözügedən görüşdə çox yaxşı idi, amma bir anda Fabio Qrosso peyda olub, qəhrəmana çevrilir. Beləliklə, Mauro Argentinanın aşağı divizionlarından fünya çempionatının finalına qədər gəlib çıxmışdı. Bu, gözlənilməzliklər və real olmayan hadisələrlə dolu bir serial idi, amma o, bunu bacarmışdı.
 


Həyatının ən vacib oyununda əlavə vaxta ehtiyac yaranır və Mauro əlindən gələn hər  şeyi edir. Zidan və Materatsi, qırmızı vərəqə, penaltilər... – sonda bütün İtaliya sevinc içərisində idi - həmçinin Argentinanın kiçik bir hisəsi.

Beş gün sonra, dünyanın ən böyük trofeyini qazanan Mauro bildi ki, qazandığı son iki A Seriyası çempionluğundan məhrum olub və komandası B Seriyasına göndərilib. "Turinlilər"i bir xeyli ulduz futbolçu tərk etdi. Bunların içərisində Lilian Türam, Zlatan İbrahimoviç, Emerson, Canluka Zambrotta və Patrik Vieyra var idi. "Yuventus”da qalıb, ağ-qara formaya sadiqlik nümayiş etdirənlər isə adlarını komandanın əbədi tarixinə həkk etdirdilər: Buffon, Caanluka Pessotto, Birindelli, Kiellini, Del Pyero, Pavel Nedved, David Trezeqe və Mauro Kamoranezi.       

Onlar aşağı liqaya yuvarlanan digər nəhənglər - "Napoli” və "Cenoa”dan daha tez toparlanıb, geri qayıtmağa müvəffəq oldular. Onlar tribunaların sevimliləri olsalar da, karyeralarının bir ilini itirməli oldular. Yığmada da işlər pis gedirdi. Argentinalı, yeni baş məşqçi Roberto Donadoni üçün böyük əhəmiyyət kəsb etmirdi, amma Avro-2008-in təsnifat mərhələsinə uğursuz başlanğıc onun bu qərarını bir də gözdən keçirməsinə səbəb oldu. Avro-2008-də Hollandiya və Rumuniya ilə oyunlarda Mauro start heyətində meydana çıxdı. Məğlubiyyət və bərabərlik... - son dünya çempionu bu nəticələri təxmin etməmişdi. Mauro Fransaya qarşı oyuna ehtiyatdan daxil olsa da, növbəti mərhələyə adlamaq mümkün olur. Amma ardınca İspaniya ilə bacarmaq mümkünsüz idi.
 


Asta-asta yaxşı illərin arxada qaldığını anlamağın zamanı idi. Kamoranezi zədələr səbəbindən "Yuventus”un heyətində gah peyda olur, gah da itirdi. Amma ona yaxşı bələd olan Lippi Mauro ilə vidalaşmaq niyyətində deyildi. Argentinalını italiyalılar yenidən DÇ-2010 üçün heyətə çağırırılar və o, Paraqvay ilə oyunda ehtiyatdan meydana daxil olub, komandasını məğlubiyyətdən xilas edir. O, həmçinin 1-1 hesabı ilə başa çatan, Yeni Zelandiya ilə oyunda da bir hissə komandasının yanında olur. Slovakiya ilə matçda oynamayan Mauro əliboş evə qayıdır. Həmin ilin yayında onun "Yuventus”dakı dönəmi də sona çatır. Veteran futbolçuya "Birminqem” böyük maraq göstərsə də, o, alman klubu "Ştutqart”ı seçir. Almaniyada uğurlu alınmayan karyeradan sonra Mauro vətəni Argentinaya qayıtmaq qərarına gəlir. Nəhayət, özünü Argentinanın yüksək liqasında göstərmək üçün yaxşı şans yaranmışdı. Düzdür, bura A Seriyası deyildi, amma o, xoşbəxt idi. Ancaq "River” heç vaxt Mauronu komandaya çağırmadı. O, 2011-2014-cü illər aralığında "Lanus” və "Rasinq”də çıxış etdikdən sonra butslarını mismardan asmalı oldu. 

Mauronun karyerası çətin və bir o qədər gözlənilməzliklərlə dolu idi. Ən yaxşı illəri və trofeyləri məhkəmə onun əlindən alındı. Kamoranezi xüsusilə yaxşı çıxış etdiyi illərdə aşağı diviziona yollanmalı oldu. Turindəki səkkiz il ərzində cəmi bir A Seriyası trofeyini qazandı, hərçənd bu, onun istedadına heç bir kölgə salmır. 2006-cı ildə asanlıqla özünə yaxşı bir komanda tapa bilərdi, amma Mauro çətin yolu seçdi. O, komandasının adını qaytarması üçün özünü qurban verdi. Əsl idmançıya layiq addım idi. Təəssüfləndirən hal isə indi onun adının az xatırlanmasıdır...

Tərcümə: Fuad Şərifov   


OXŞAR XƏBƏRLƏR