Londonda

Londonda "Oktoberfest": "Tottenhem" - "Bavariya" oyununun təhlili

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunda son finalçı "Tottenhem" öz meydanında, turnirin favoritlərindən biri hesab olunan "Bavariya"nı qəbul edirdi. Qonaqlar ilk oyunda "Srvena Zvezda"nı 3:0 hesabı ilə məğlub etdiyi halda, "londonlular" "Olimpiakos" səfərində iki top fərqli üstünlüyü əldən verərək 1 xala razı olmuşdular. Premyer Liqada işləri qaydasında getməyən "Tottenhem" üçün bu görüşdə qazanılacaq qələbə hava-su kimi vacib idi. Eyni zamanda, "almanlar" da Londona maksimum nəticəni əldə etmək üçün gəlmişdilər. Olduqca yüksək tempdə başlayan və bu cür də davam edən oyunun sonunda tablodakı rəqəmlərin cəmi 9-a bərabər idi. "Bavariya" rəqibini səfərdə 7:2 hesabı ilə məğlub etsə də, rəqibinə qarşı "əzici" futbol oynadığını və hesabın oyunu əks etdirdiyini demək olmaz.

"Tottenhem" (4-3-1-2)
 


"Bavariya" (4-2-3-1)
 


İlk olaraq ev sahiblərindən başlayaq. Son mövsümlər ərzində "Tottenhem"in matçlarını mütəmadi olaraq izləyənlər bilir ki, Maurisio Poçettino tez-tez sxem dəyişikliklərinə getməyi xoşlayan məşqçidi. "Londonlular"ın oyunlara 4-2-3-1, 3-4-2-1, 3-5-2, 4-3-1-2 və b. sxemlərlə çıxdığını görmüşük. Bu oyunda isə argentinalı mütəxəssisin seçimi 4-3-1-2 idi. Hücumçuların arxasında Erikseni yox, Dele Allini oynatmaqla Poçettino topsuz oyunda üstünlüyü əldə etməyi hədəfləmişdi. Eriksenlə müqayisədə, Alli müdafiə planında daha önə çıxan futbolçudu və bu, topsuz halda onu komanda üçün daha faydalı birinə çevirir. Bu taktiki sxemin seçilməsində başlıca məqsəd oyunu mərkəzdən qurmağı sevən "Bavariya"nın dominantlığını azaltmaq və rəqibə qarşı mərkəzdə üstünlük əldə etmək idi. Təbii ki, hər sistemdə olduğu kimi, bu planın da özlüyündə mənfi cəhətləri var idi. Mənfi cəhətlərin hansılar olduğuna isə yazımızın növbəti hissəsində toxunacağıq.

Qonaqlar isə əksər hallarda istifadə etdikləri 4-2-3-1 sxemindən bu oyunda da əl çəkməmişdilər. Oyun planı baxımından olduqca səbrli və sistemli davranmağaçalışan "bavariyalılar" üçün Manuel Noyer də bir neçə epizodda xilaskar oldu. Kovaç Tyaqonu ehtiyatda saxlayaraq komandanın mərkəzdəki "beyni" funksiyasını Kimmixə vermişdi. Bir-birindən fərqli iki hissə oynayan "Bavariya"nın sisteminə ikinci hissədə olan dəyişikliklər müsbət mənada təsirini göstərdi.

Birinci hissədə baş verənlər


"Tottenhem" oyuna olduqca yüksək tempdə başladı. Erkən qol vurmaq istəyi görünürdü. Bununla yanaşı, rəqibə qarşı yüksək pressinqdən istifadə edən ev sahiblərində, rəqibin hücumlarının geridən qurulmasında əsas rollardan birini oynayan Kimmixi zərərsizləşdirmək vəzifəsi Dele Alliyə tapşırılmışdı.

Şəkildə qara dairədə Dele Allinin Yozua Kimmixə olduqca yaxın oynamağa çalışdığını görürük:
 


Nəticədə qonaqlar müdafiədən paslaşaraq yox, uzun ötürmə ilə çıxmaq məcburiyyətində qalır. Bu isə effektiv olmur və Denni Rouz topu ələ keçirir:
 


Bu gördüyünüz epizodda da Dele Alli Yozua Kimmixə geridə sərbəst oynamaq üçün şərait yaratmır:
 


Ümumiyyətlə, top rəqibdə olarkən "londonlular"ın olduqca intizamlı və sistemli şəkildə meydanda yerləşdiyini dəfələrlə müşahidə edə bilərik:
 


"Bavariya" isə rəqibin pressinqindən çıxmaq üçün müxtəlif üsullara əl atırdı. Heyətdə Noyer kimi yüksək səviyyəli pas qabiliyyətinə sahib olan qapıçının olması onlara müəyyən qədər kömək etsə də, onun cinahlara - Koman və Qnabriyə doğru göndərdiyi uzun toplar əksər hallarda Orye və Rouz tərəfindən dəf edilirdi. Nəticədə qonaqlar Benjamin Pavar variantına əl atdılar. Oyunun əvvəlində sağ cinahda çıxış edən iki fransız futbolçu - Pavar və Koman "divar pasları" ilə rəqibin pressinqini yarmağa çalışdılar və buna nail oldular. Levandovskinin də geriyə köməyə gəldiyi epizodun sonunda Serj Qnabri rəqib qapıçı ilə üzbəüz qalsa da, fərqlənə bilmədi:
 


Bu epizodda isə Koman və Pavar "divar paslaşması"nın köməkliyilə rəqib pressinqi yarırlar:
 


Pavar-Koman ikilisi yenə eyni formada pressinqi yarır və müdafiənin arxasına doğru qaçan Koutinyo Pavarın ötürməsini qəbul edir:
 


"Tottenhem" topa sahib olanda isə qonaqlar taktiki sxemi 4-2-3-1-dən 4-2-2-2-yə dəyişir və Koutinyo Levandovski ilə birlikdə komandanın hücum cütlüyünü təşkil edirdi. Ev sahibləri oyunu geridən qurmağa çalışır, amma rəqibin irəli ikilisi komandanın dərindən oyun qurucusu olan Harri Vinksin topla təminatına imkan vermirlər:
 


Dördlü yarımmüdafiə xətti də öz növbəsində bu pressinqə dəstək verirdi:
 


Amma "Tottenhem" Sissoko və Ndombeledən ən az birinin geriyə dəstəyə gəlməyi ilə bu pressinqi yara bilirdi.

"Bavariya" hücumda olarkən "aralıq zona"lardan (half space - Sport7.az) olduqca çox istifadə edirdi. Cinah futbolçuları - Koman və Qnabri, hətta mərkəz müdafiəçisi Züle də bu dəhlizdən istifadə edib, rəqib cərimə meydançasına daxil olurdular. Bu şəkillərdə müvafiq olaraq Qnabri və Zülenin "aralıq zona"dan istifadə etdiyini görürük:
 



"Tottenhem"in oyunun əvvəlindən istifadə etdiyi yüksək pressinq nəticədə öz bəhrəsini verir. Korentin Tolisso olduqca təhlükəli mövqedə top itkisinə yol verir və hesab açılır:
 


Bu epizodda fransalı futbolçu boşluqda olan komanda yoldaşları - Jerom Boatenq və ya Niklas Züleyə ötürmə etmək əvəzinə, topu "bavariyalı" oyunçuların olmadığı zonaya göndərir:
 


Yüksək və sistemli pressinq etmək gözə xoş görünsə də, bunun mənfi cəhətləri var. Belə pressinqin əsas tələblərindən biri müdafiə xəttini daha da irəlidə qurmaqdı. Bu isə öz növbəsində Koman və Qnabri kimi vinqerlərə sahib olan komandaya qarşı təhlükəli sayıla bilərdi. Argentinalı mütəxəssisin bu barədə müəyyən mənada riski gözə aldığını demək olar. "Bavariya" də bu zəif nöqtədən yararlanmağı bacardı. Yozua Kimmix sağ cinah boyunca qaçan Komana hava ilə ötürmə edir:
 


Hücumun davamında, oyundakı vəzifəsi Yozua Kimmixi zərərsizləşdirmək olan Dele Alli (ağ dairə) rəqib uzun ötürmə ilə irəli çıxdıqdan sonra oyunçusunu izləmir və geri qayıtmaqda gecikir. Nəticədə Kimmix (qırmızı dairə) "Bavariya"nın oyundakı ilk qolunu vurur:
 


"Tottenhem"in irəli xəttdəki ən ciddi silahlarından biri də Sonun tez-tez cinahlara meyil edib, özü və komanda yoldaşları üçün təhlükəli vəziyyətlər yaratması idi. Olduqca hərəkətli olan koreyalı futbolçu Harri Keynlə birgə daim rəqib müdafiəni təzyiqdə saxlayırdı. Komanda irəli çıxanda, xüsusən də sürətli hücumlar baş tutarkən sağ cinah təkcə Serj Oryenin ixtiyarına buraxılırdı. O da bundan maksimum istifadə etməyə çalışırdı. Bu şəkildə həmin plana aid olan bir epizodu görürük.

Sağ cinahdan hücuma qoşulan Orye topu Tanquy Ndombeleyə ötürür, ikincinin zərbəsini isə qapıçı Manuel Noyer dəf edir. Epizodun bu qədər təhlükəli olmasında geriyə qayıtmaqda gecikən və ciddi mövqe səhvi edən Niklas Zülenin (qırmızı dairə) də rolu var idi:
 


"Tottenhem"in nisbətən üstün olduğu ilk hissədə hesab oyunun əksini göstərdi və qonaqlar Levandovskinin 45-ci dəqiqədə "Tottenhem" müdafiəsindəki qarışıqlıqdan və öz fərdi keyfiyyətlərindən istifadə edərək vurduğu qol sayəsində fasiləyə 2:1 hesablı üstünlüklə yollandılar.

İkinci hissənin gedişatı


Maurisio Poçettino rəqibin ilk hissədə cinahlardan necə rahat istifadə etdiyini görərək ikinci hissəyə sxem dəyişikliyi ilə başladı. "Bavariya"nın cinahlardan qarşısını almaq üçün mərkəzdəki oyunçu sayını azaltdı və Son Hın Mini sağ cinaha, Allini isə Keynin yanına çəkərək klassik 4-4-2-yə keçdi. Yarımmüdafiə xətti (soldan sağa) Sissoko - Vinks - Ndombele - Son şəklində oldu:
 


Niko Kovaç isə hissəyə dəyişikliklə başladı. İlk hissədə hücuma qoşulmaqda çətinlik çəkən David Alaba Tyaqo Alkantara ilə əvəzləndi. Bu dəyişiklikdən sonra Kimmix müdafiənin sağına, Pavar isə soluna keçdi. Xorvat mütəxəssisin rəqibə qarşı irəlidə yüksək pressinq etməsi oyundakı açar gedişlərdən biri oldu:
 


"Tottenhem"in cinah futbolçulu sistemə keçməsi komandaya müsbət mənada heç bir təsir göstərmədi. Əksinə, Pavar və Qnabri "divar paslaşması" edərək Sonu rahatlıqla oyundan kənarlaşdırırlar, epizodun davamında isə Qnabri oyundakı ilk qolunu vurur. Aşağıdakı fotodan bunu görə bilərsiniz:
 


Növbəti fotoda isə qonaqların meydanın rəqibə aid olan hissəsində topu itirən kimi rəqibə qarşı pressinq etdiyini görürük:
 


Denni Rouz topu arxasında iki "bavariyalı" futbolçu olan Harri Vinksə ötürür, o da riskli addım atır və topu itirir. Nəticədə Serj Qnabri dubl edir:
 


Oyunun növbəti hissəsində Harri Keyn penaltidən fərqlənərək hesabı 2:4 etdi. Ardınca "Tottenhem"də Ndombele və Alli müvafiq olaraq Eriksen və Moura ilə əvəzləndilər. Komandanın 4-2-3-1 sxeminə keçməsi də heç nəyi dəyişmədi. Matçın sonuna yaxın edilən Vinks - Lamela dəyişikliyi isə darmadağının əsas səbəblərindən biri oldu desək, hər halda, yanılmarıq.

"Bavariya" isə ikinci hissədəki sistemli və intizamlı oyununu davam etdirirdi:
 


Bu şəkildə "almanlar"ın beşinci qolu vurmasına səbəb olan ötürməni görürük. Tobi Alderveyreld (ağ dairə) mövqeyini tərk edib və irəli çıxıb. Serj Qnabri bu boşluqdan istifadə edir və Alkantaranın mükəmməl ötürməsindən sonra hesab arasındakı fərqi yenidən üç topa çatdırır:
 


"Bavariya"nın 6-cı qolunda da belçikalı müdafiəçinin səhvinin ciddi rolu oldu. Bu epizodda qarşısında heç bir komanda yoldaşı olmadığını görməyən Alderveyreld topu səhvən Tyaqoya ötürür və Roberto Levandovski dublunu rəsmiləşdirir - 2:6.
 


"Bavariya" oyunun sonuna yaxın artıq qələbəni təmin etsə də, yüksək pressinqdən əl çəkmirdi. Məhz elə bunun sayəsində topu ələ keçirib, növbəti dəfə rəqib qapısına yol tapmağı bacardılar. Oyundakı 4-cü qolunu vuran Qnabri son nöqtəni qoydu - 2:7.
 


Təbii ki, oyunda belə hesabın qeydə alınması hər kəs üçün gözlənilməz oldu. Amma Kovaçın oynatdığı səbirli futbol və yerində etdiyi taktiki gedişlər matçdakı həlledici məqamlar idi. Poçettino isə görüşün gedişatını dəyişmək üçün edə biləcəyi bütün gedişlərə əl atsa da, heç biri faydalı olmadı. Hətta sondakı Vinks - Lamela dəyişikliyindən sonra "Tottenhem"də müdafiənin önündəki nizam pozuldu və hesab bu həddə çatdı.
 


Oyunun "gözlənilən qol" dataları:

 


"Bavariya"nın "aralıq zonalar"dakı üstünlüyünü yazının əvvəlki hissəsində qeyd etmişdim. Bu barədə olan bütün statistikalarda "münhenlilər" təxminən 2 dəfə üstün olsalar da, məhsuldarlıq baxımından "Tottenhem" öndədi: 1 assist.
 




OXŞAR XƏBƏRLƏR