Lüksemburq futbolu: Təəccüblü inkişaf (DOSYE)

Lüksemburq futbolu: Təəccüblü inkişaf (DOSYE)

600 min əhaliyə sahib olan Lüksemburq Avropanın həm əhali, həm də ərazisinə görə, ən kiçik ölkələrindən biri hesab olunur. Buna baxmayaraq, Lüksemburq Avropanın siyasi və iqtisadi həyatında böyük rola malikdir. Ölkə ilə eyni adı daşıyan paytaxt Lüksemburq Brüssel və Strasburqla birlikdə "Avropa Birliyi”nin 3 əsas şəhərindən biridi. "Cırtdan ölkə” ABŞ-dan sonra dünyanın ən böyük ikinci investisiya mərkəzi hesab olunur və "Avrozona”da ən vacib "özəl bank” mərkəzi sayılır. Həmçinin "Skayp” və "Amazon” bölgədəki mərkəzlərini Lüksemburqa köçürmüş məşhur təşkilatlardan ikisidir. Belçika və Hollandiya ilə birgə Benilüks ittifaqının üzvü olan Lüksemburqda 3 rəsmi dövlət dili (lüksemburq, alman və fransız) mövcuddur. Ölkə əhalisinin 50.9%-ni yerli əhali, 18.2%-ni portuqallar, qalan hissəsini isə fransızlar, almanlar və başqa xalqlar təşkil edir.

Lüksemburqda idmana olan maraq digər Avropa ölkələrinə nisbətən az olsa da, son zamanlarda, xüsusilə də, futbola diqqət kifayət qədər artıb. Lüksemburqun qonşusu olan ölkələrdən Fransa, Almaniya və Hollandiyanın futbol tarixindəki önəmi, Belçikanın son illərdə göstərdiyi inanılmaz inkişaf hamıya məlumdur. Lüksemburq kimi inkişaf etmiş bir ölkənin futbol üzrə öz regionunda "autsayder”liyinin qarşısını almaq istəyən yerli futbol federasiyası bəzi addımlar atmağa məcbur qaldı. 2001-ci ildə futbol məktəbi açıldı və ora 13-19 yaş arası yeniyetmələr qəbul edildi. İndi isə həmin akademiyanın yetişdirdiyi gənclər dünya mətbuatını Lüksemburq futbolunun inkişafı haqda yazmağa məcbur edir.
 


Hal-hazırda FİFA reytinqində 86-cı olan Lüksemburq 2016-cı ildə digər millilər üçün bundan sonra "asan yem” olmayacağının siqnallarını verməyə başlamışdı. Bolqarıstan səfərində son saniyələrdə buraxılan qol və 4-3 hesablı məğlubiyyət gələcəyə daha da ümidlə baxmağa imkan verirdi. Ardınca Lüksemburq, bəlkə də, bu günə kimi tarixinin ən yaddaqalan nəticəsini qazandı. 3 sentyabr 2017-ci ildə Tuluzada, 315 gündən sonra dünya çempionu olacaq Fransa millisi ilə səfərdə qarşılaşan Lüksemburq rəqibi ilə qolsuz bərabərliyə nail oldu. Qeyd edək ki, həmin oyunda Fransa millisində Poqba, Qrizmann, Mbappe, Jiru və başqa ulduz futbolçular start heyətində yer alırdılar. DÇ-2018-nin seçmə mərhələsində Belarusdan 4, Fransa və Bolqarıstan 1 xal alan "cırtdan ölkə” Belarusu qabaqlayaraq qrupda 5-ci yeri tutmağı bacardı.
 


Ardınca UEFA "Millətlər liqası” layihəsinə start verdi. "D” liqasının 2-ci qrupunda yer alan lüksemburqluların rəqibləri Belarus, Moldova və San Marino idi. Qitənin milli komanda çərçivəsində ən önəmli turnirinə vəsiqə qazanmaq üçün Lüksemburq öz qrupunda birinci yeri tutmalı, ardınca yarımfinal və final oyunlarını qazanaraq "D” liqasının qalibi olmalı idi. İlk oyunda Moldovanı evdə 4-0, ikinci oyunda isə San Marinonu səfərdə 3-0 hesabı ilə üstələyən Lüksemburq üçün qrupda işlər çox yaxşı başlamışdı. Ardınca "cırtdan ölkə"təmsilçiləri qrupdakı ən ciddi rəqibi Belarusa 1-0 uduzduqdan sonra San Marinonu da eynilə səfərdəki kimi, 3-0 hesabı ilə məğlub etdilər. Sona 2 tur qalmış Belarusu 1 xal qabaqlayan lüksemburqlular daha şanslı görünürdü. Buna rəğmən, 5-ci turda evdə Belarus qarşısında alınan 0-2 hesablı məğlubiyyət bütün planları alt-üst etdi. Lüksemburq son turda Moldova səfərində 1-1 hesablı bərabərliyə razı olsa da, qələbə qazanacağı təqdirdə belə, bunun heç bir əhəmiyyəti olmayacaqdı. Nəticədə Belarusdan 4 xal geri qalaraq qrupu 10 xalla ikinci sırada bitirən Lüksemburq "Millətlər liqası”nda mübarizəni dayandırdı.
 
 
"Cırtdan ölkə” klub səviyyəsində də ciddi uğurlara imza atır. Ölkənin ən titullu klublarından biri olan "Düdelanj” bu sezon Polşanın "Legiya”, Rumıniyanın "Kluj” kimi kollektivlərini mübarizədən kənarlaşdıraraq Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandı. "F” qrupunda İtaliyanın "Milan”, İspaniyanın "Betis”, Yunanıstanın "Olimpiakos” komandaları ilə mübarizə aparan "Düdelanj” sonuncu turda evdə "Betis” ilə qolsuz bərabərliyə razı olaraq qrupu 1 xalla sonuncu yerdə bitirdi. Buna baxmayaraq, qrup mərhələsinə düşmək Lüksemburq futbolu üçün kifayət qədər uğurlu nəticə idi.

Lüksemburq AVRO 2020-nin seçmə mərhələsində "B” qrupunda yer alır. Geridə qalan 2 tur ərzində Portuqaliyanı 1 xal qabaqlayaraq 3 xalla 2-ci pillədə yer alan Lüksemburq bununla azarkeşləri təəccübləndirməyi bacarır. İlk turda evdə Litvanı 2-1 hesabı ilə məğlub edən "cırtdanlar" ardınca öz meydanlarında Ukraynaya eyni hesabla məğlub oldu. Ukrayna ilə oyunda son dəqiqələrdə buraxılan avtoqol olmasaydı, Lüksemburq hal-hazırda 4 xalla qrup lideri də ola bilərdi. Lüksemburq futbolunun belə ön plana çıxmasında, şübhəsiz ki, futbolçuların da rolu danılmazdır. Gəlin, gənc, perspektivli və tanınmış lüksemburqlu futbolçulara göz gəzdirək.

Qapıçılar:

Antoni Moris (28 yaş) – "Royal Ekselsiyor” (Belçika)

Bir vaxtlar 19 yaşlılardan ibarət Belçika millisində də çıxış edən Moris hal-hazırda Lüksemburq millisinin əsas qapıçısıdır.


Tim Kips (18 yaş) – "Maqdeburq” (Almaniya)

Millinin üçüncü qapıçısı hesab olunsa da, güman ki, gələcəkdə əsas qolkiper olmağı bacaracaq. Klubunda əsas komandaya yeni cəlb olunan Kips Lüksemburqun ən potensiallı qapıçılarından biri hesab olunur.


Müdafiəçilər:

Maksim Şano (29 yaş) – "Nyu-York Siti” (ABŞ)

Fransa vətəndaşlığına da sahib olan Şano Lüksemburq müdafiəsindəki ən vacib fiqurlardan biri sayılır.


Kevin Malci (28 yaş) – "Düdelanj” (Lüksemburq)

Şano ilə birlikdə milli komandanın əvəzolunmaz 2 mərkəz müdafiəçisindən biridir.


Vahid Selimoviç (22 yaş) – "Apollon” (Kipr)

Əslən serb olan futbolçu Serbiya millisinin U-19 komandasında 1 oyuna çıxıb. O da gələcək vəd edən müdafiəçilərdəndir.


Enes Mahmutoviç (21 yaş) – "Midlsbro” (İngiltərə)

Eynilə Selimoviç kimi, əslən Balkan yarımadasından olan müdafiəçinin Kosova vətəndaşlığı da var. Selimoviçdə birlikdə milli komandanın müdafiə xəttinin gələcəyi sayılırlar.


Dik Karlson (21 yaş) – "Qrasshopper” (İsveçrə)

ABŞ vətəndaşlığına da sahib olan futbolçu bu günə kimi milli formanı 15 dəfə geyinib.


Loran Yans (26 yaş) – "Mets” (Fransa)

Milli komandanın heyətində 24 oyuna çıxan Yans yığmanın kapitanıdı.


Yarımmüdafiəçilər və hücumçular:

Kristofer Martins Pereyra (22 yaş) – "Trua” (Fransa)

Müqavilə ilə "Lion"a məxsus olan Kabo-Verde əsilli Pereyra Lüksemburq futbolunun yetişdirdiyi ən istedadlı və parlaq futbolçulardan biri hesab olunur.
 


Lars Gerson (29 yaş) – "Norrçöpinq” (İsveç)

İlk dəfə 11 il bundan öncə milli komandada oyuna çıxan Gersonun Norveç vətəndaşlığı da mövcuddur. 29 yaşlı futbolçu yığmada çıxdığı 66 oyunda 4 dəfə fərqlənməyi bacarıb.

 
Aldin Skenderoviç (21 yaş) – "Elfersberq” (Almaniya)

Lüksemburq millisinin heyətində 4 Balkan əsilli futbolçu var. Onlardan biri də əslən Monteneqrodan olan Skenderoviçdir.

 
Olivye Till (22 yaş) – "Ufa” (Rusiya)

Yerli klublardan "Proqres”də özünü tanıdan Olivye Till keçən yay 250 min avro qarşılığında Rusiyanın yolunu tutmuşdu. Yarımmüdafiəçi milli komandanın mərkəz xəttinin liderlərindən biridi və öz üzərində işləməyə davam etsə, daha yaxşı yerlərə gələ bilər.
 
 
Leandro Bareyro Martins (19 yaş) – "Maynts” (Almaniya)

Ölkədə yerli əhalidən sonra ən çox nümayəndəsi olan xalqın portuqallar olduğunu demişdik. Bareyro Martins də həmin portuqallardan biridir. Yaşına, çıxış etdiyi kluba nəzər yetirsək, parlaq gələcəyə sahib ola biləcəyini demək olar.
 


Daniel Sinani (22 yaş) – "Düdelanj” (Lüksemburq)

Eynilə Selimoviç kimi, Serbiya vətəndaşlığına da sahib olan Sinani o qədər də ön plana çıxan oyunçu deyil. O da Lüksemburq millisində Balkan köklərinə sahib olan 4 futbolçudan biridir.
 
Vensan Till (19 yaş) – "Pau” (Fransa)

2000-ci il təvəllüdlü olan Vensan Till Olivye Tillin kiçik qardaşıdı. Müqavilə ilə "Mets”ə məxsus olan futbolçunun Lüksemburqun bu günə kimi yetişdirdiyi ən böyük istedad olduğunu demək olar.
 
 
Daniel da Mota (33 yaş) – "Rasinq” (Lüksemburq)

Yığmanın ən təcrübəli futbolçularından olan portuqal əsilli da Mota milli komandada 92 oyunda 7 dəfə fərqlənib.


Jerson Rodriqes (23 yaş) – "Yubilo İvata” (Yaponiya)

Karyerasını Uzaq Şərqdə davam etdiren Jerson Rodriqes də Portuqaliya əsillidir.
 


Aureliyen Yoaxim (32 yaş) – "Royal Ekselsiyor” (Belçika)

Millinin təcrübəli simalarından biridir. 78 oyunda 15 dəfə rəqib qapılarına yol tapıb.


Baş məşqçi:

Lük Holts (49 yaş)

Artıq 9 ildi ki, bu vəzifədə olan Holtsa Lüksemburq Futbol Federasiyası güvənməyə davam edir. Lüksemburq futbolunun "qızıl nəsli” adlandıra biləcəyimiz indiki generasiya da məhz ona həvalə olunub.
 


Portuqaliya və Balkan əsilli futbolçuları yetişdirib, milli komandaya rəng qatan lüksemburqlular yerli oyunçulara da eyni diqqəti göstərirlər. Bu tendensiya müəyyən müddət də davam etsə, Lüksemburq uğurlu nəticələr əldə bilər. Kim bilir, bəlkə də, bir gün qonşuları Belçikanın uğurlarını təkrarlayacaqlar. Bütün bunları reallaşdırmaq üçün Lüksemburq çox yaxşı iqtisadi şəraitə malikdir. Düzgün siyasətlə "cırtdan ölkə" futbol arenasında ən üst səviyyələrə yüksəlmək bacarığına sahibdir.


Sport7.az

OXŞAR XƏBƏRLƏR