"Mançester Siti"ni necə məğlub etmək olar? - Rafael Benitesin qələmindən

Yanvarda "Nyukasl"ın məğlub etdiyi "Mançester Siti" inanılmaz komanda idi. Düzü, indi də elədilər. Klub olaraq konkret ideyaları var: nə etmək istədiklərini bilirlər. Hədəflərinə çatmaq üçün yaxşı maliyyə imkanlarına və onlarla eyni fəlsəfəni bölüşən Pep Quardiola kimi məşqçiyə sahibdilər. Daim birlikdə hərəkət edirlər. "Mançester Siti" bəzən çox bahalı transferlər edirmi? Hə, amma onlar komandanın tərzinə ən uyğun futbolçuların axtarışındadılar - dünyanın ən yaxşı futbolçularının yox. Bu ikisi arasında fərq var.

"Siti" Premyer Liqada sonuncu dəfə məhz elə "Sent-Ceyms Park"da məğlub olub - 8 ay əvvəl! Bu, özlüyündə onların necə yaxşı komanda olduğunu göstərir. "Şəhərlilər"ə qarşı oynamağın və ya onları məğlub etməyin tək bir yolu var desəm, yalan olar. Olsaydı, onsuz da, hamı istifadə edərdi. Köşə yazısına sığışmayacaq qədər çox detaldan bəhs etmək olar. Bizim üçün ən önəmli olan - aydın oyun planına sahib olmaq, hamının onu başa düşməsi və qəbul etməsi idi.

"Siti" oyunçularının çox bacarıqlı olması əsas təhlükə deyil. Onlar müxtəlif senarilərə adaptasiya ola bilirlər - əsas məsələ budu. Əsl geniş vingerlərlə oynaya bilirlər, templi oyunu bacarırlar. Müdafiə arxasına qaçışlar üçün münasib sürətə sahibdilər və birə-birlərdə təhlükəlidilər. Yəni rəqib olaraq siz də müxtəlif senarilərə uyğunlaşmalısınız. Eyni zamanda, bəzən bir, bəzən isə iki hücumçu ilə oynaya bilirlər. Bu da rəqibin necə müdafiə olunacağına birbaşa təsir edir.

"Siti" oyunçularını xətlərarası zonalara, rəqibin yarımmüdafiəçilərinin arxasına yerləşdirməyi sevir. Topu asanlıqla həmin futbolçulara çatdıra bilirlər və dar zonalarda pas futbolu oynayırlar. Çox dəqiqdilər. Belə gedişlərdən yayınmaq üçün siz də dar oynamağa məcbur olursunuz. Amma unutmayın, onlar geniş zonalarda da istedadlıdılar. Yəni geniş oynayan futbolçulara qarşı da tədbir görməlisiniz. Yəqin ki, bu xüsusi komandaya qarşı oynamağın çətinliyini başa düşdünüz...

Dediyim senaridə topu, adətən, dərində ələ keçirirsiniz. Qısa top oynamağa çalışsanız, irəlidə topu ələ keçirib, anında qapınız qarşısında təhlükə yaradacaqlar. Çünki pressinqdə çox yaxşıdılar. Həm də həmin an komandanız nizamsız vəziyyətdə olur. Yox, uzun top oynamağa çalışsanız, "komanda boyu" qısa olduğundan, top hücumçunuzdan uzağa gedəcək.

Bütün bunları nəzərə alsanız belə, realist olmalısınız. Həmin gün "Siti"nin günüdüsə  - və əksər hallarda onların günü olur - , mütləq qol şansları əldə edib fərqlənəcəklər.

Ötən ilin sentyabrında "Etihad"da qarşılaşırdıq. Biz həmin matça müdafiə beşlisi ilə çıxmışdıq. Erkən qol buraxdıq: Rahim Sterlinq fərqləndi. Sonra Deandre Yedlin sayəsində hesabı bərabərləşdirdik. İşlər pis getmirdi. Əks-hücumlarda təhlükə yarada bilirdik. İkinci hissədə ikinci qolu vurdular və dördlü müdafiəyə keçdik. Bundan sonra boşluqlar verməyə başladıq. Hər hücum, hər əks-hücum... - bizi tar-mar etdilər. Hər oyunçunu sığortalamaq imkanımız yox idi.

Növbəti dəfə onlarla oynayanda bir şeyi dəqiqləşdirmişdik: müdafiədə beş nəfərlə oynayacağıq. "Siti"yə qarşı uğur qazanmaq istəyirsinizsə, eyni zamanda, hücum etməlisiniz. Həmin gün ideyamızın təməlində təmiz 5-4-1 yox idi. Toplu halda 3-4-3-lə hücum edirdik.

"Mançester Siti"yə qarşı hücum etmək mümkündürmü? Hə, amma digər komandalarla müqayisədə, onlara qarşı şansınız azdı. Çünki topa sahib olan tərəf onlardı və topu itirəndə pressinqdə çox güclüdülər. Pressinq dalğasını aşa bilsəniz, hə, onda təhlükə yarada bilərsiniz.

Demək asandı, həyata keçirmək isə elə də asan deyil. "Sent-Ceyms Park"da birinci dəqiqədə Serxio Aquero qapımıza yol tapdı. Buna baxmayaraq, oyun planımıza sadiq qaldıq. 2005-ci ildə "Liverpul"un "Milan"la oynadığı Çempionlar Liqası finalında rəqibin erkən qol vuracağını gözləmirdik. Amma onlar bunu bacardılar və gedişata reaksiya vermək məcburiyyətində qaldıq. "Siti" kimi komandaya qarşı əsas məsələ - uzun müddət "oyunda qalmaq"dan ibarətdi.

"Top komandalara qarşı qələbə qazana bilmirsiniz" - insanlar "Nyukasl" haqqında danışanda bu kimi fikirlər səsləndirirdilər. Bizim bu mənada qələbəyə çox yaxın olduğumuz oyunlar var idi. "Oyunda qalmaq" - oyunçuların "nəticə qazana bilərəm" düşüncəsi ilə mübarizə aparmağa davam etməsi deməkdi. Bunu bacarsanız, azarkeşlər də arxanızda olacaq. Hər kəs 100%-ni ortaya qoymalıdı: məşqçi, heyət üzvləri, oyunçular, komandanın geyim ləvazimatlarına görə məsul şəxsi, azarkeşlər... Hə, bir az da bəxtə ehtiyac var.

Rəqibiniz 75-80% topa sahib olma ilə oynayırsa, deməli, oyunu onlar diqtə edir. Amma bu, eyni zamanda müdafiəçilərin arxasında boş zonaların olması deməkdi. Həmin boşluqlardan faydalanmalısınız. Bu isə ixtiyarınızda olan oyunçulardan asılıdı. Sürətli hücumçunuz yoxdusa, çox dərindən oynaya bilməzsiniz. Sürətli vinqeriniz varsa, hə, bəlkə, bunu edə bilərsiniz. Onda fərqli oyun planından istifadə etməli olursunuz.

Salomon Rondonun timsalında topu saxlaya bilən mərkəz hücumçusuna sahib idik. Ətrafındakılar isə ona dəstək vermək üçün sürətlə hərəkət edirdilər. Geniş zonalarda topu qanadlara daşıyacaq və içəri krosslar göndərəcək oyunçularımız var idi. "Siti" üçün ən yaxşı müdafiə variantı topu mümkün qədər tez rəqibdən almaqdı - bu, onların oyun tərzindən qaynaqlanır. Yəni pressinqin ilk dalğasını aşsanız, geridə boş zona tapacaqsınız. Önəmli olan onlar pressinq edəndə səhv etməməkdi. Çünki səhv etsəniz, sizi "öldürə" bilərlər.

"Siti"ni məğlub etmək olarmı? Biz sübut etdik, olar, ancaq bu, çox çətindi. Və getdikcə bunu etmək daha da çətinləşdir. Hər il daha da güclənirlər. Hər il rəqiblərə qarşı hücum etməyin fərqli yolları üzərində çalışırlar. Məşqçi olaraq, onları izləyirsiniz, aranızda oyunlar olur, yəni "Siti"yə qarşı hücum etməyin yollarını az-çox bilirsiniz. Ancaq unutmayın, onlar da bilirlər, onlar da sizi izləyirlər. İnanılmaz dərəcədə istedadlıdılar.

"Nyukasl" həmin gecə "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub etdi. Nəticəyə görə qürur duyuram, çünki çox yaxşı komandaya qarşı oynamışdıq. Amma bu, oyun tərzimizə görə xoşbəxt olduğum anlamına gəlməməlidi. Sadəcə, elə oynamaq məcburiyyətində qalmışdım.

2009-cu ildə Çempionlar Liqasında "Liverpul" "Real"ı 4:0 hesabı ilə məğlub edəndə daha çox həzz almışdım. Oyunumuzu onlara diqtə etmişdik. Təbii ki, buna görə ancaq xoşbəxt ola bilərəm. Mövzu hazırlıq, maksimumunu vermək və oyun planına sadiqlikdisə, "Siti" üzərindəki qələbənin də öz yeri var. Sadaladığım şeyləri etməsəniz, sizi darmadağın edərlər.

Bəzən "Nyukasl"dakı taktiki gedişlərimiz tənqid olunurdu. Bir şeyi bilmək lazımdı: hər şey əlinizdə olan vasitələrdən asılıdı. Məşqçi kimi, çoxlu qol vuran, qol şansları yaradan komandalarda da çalışmışam. Düzü, bu tərzi sevirəm. Amma sizin işiniz oyunçulardan maksimumu almaqdı. Yekunda azarkeşlərimizin əksəriyyəti Premyer Liqada 10 (2018) və 13-cü (2019) yerləri tutmağımızı yüksək qiymətləndirdilər. Artıq irəli getməyin, növbəti mərhələyə keçməyin zamanı idi.

Bəzən dəyişməlisiniz. Uduzmağa davam edirsinizsə və dəyişmirsinizsə, nəticələr qazanmaq mümkünsüzdü. 0:3, 0:4, 0:5... - ardıcıl belə məğlubiyyətlər ala-ala, "Eybi yox, hər şey yaxşıdı, əsas odu açıq futbol oynayarıq" deyə düşünə bilməzsiniz. Olmaz, azarkeşlər qələbə istəyirlər və siz də ən yaxşınızı meydanda qoymalısınız. Oyunçularınızın sizə olan inamından əmin olmalı və bir şeyi bacarmaq üçün birlikdə hərəkət etməlisiniz. 

Yazı: Rafael Benites
 
Tərcümə: Rüfət Məcid
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR