Matiçin formasındakı səhv və AFFA-nın bildiyi dil

Matiçin formasındakı səhv və AFFA-nın bildiyi dil

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilidi. Təbii ki, iclas Premyer Liqanın artıq geridə qalan turuna həsr olunmuşdu. Qaydaları pozanlar cəzalarını aldılar. Amma bir həssas məqam var ki, ona toxunmaq lazımdı.

Bir neçə gündü ki, ölkədə bəzi media orqanları, tanınmış insanlar, "Qarabağ"ı tənqid atəşinə tuturdu. Səbəb isə komandanın üzvü Matiçin forması ilə bağlıdı. Məsələ burasındadı ki, formanın üzərində yazılan futbolçunun adındakı hərflərdən biri Azərbaycan əlifbasına uyğun gəlməyib. Cəmi 1 HƏRF! Fotoya baxan oxucular söhbətin nədən getdiyini yəqin ki, anladı. Yəqin indi düşünərsiz ki, "Burda nə var axı? Dil qaydaları pozulub, AFFA da klubu cərimələyib". Bəli, doğrudur, bunu heç kim dana bilməz. Dilimizə hörmət etməliyik, qaydaların pozulmasına da imkan verməməliyik. Azərbaycan dili qaydalarında bir sıra boşluqların mövcudluğundan hər kəs agahdı. Xüsusən də xarici adların dilimizə çevrilməsi məsələlərində demək olar hər kəs öz bildiyini yazır. Bu isə danışılması tamam ayrı bir mövzudu və problemlərin çözülməsi üçün cavabdehlik daşıyan səlahiyyətli orqanlar var. Onlar öz işlərinə məsuliyyətsiz yanaşdıqca bu problemlər davam edəcək. 

Sözümün canı ondadır ki, cəmi bir HƏRFə görə "Qarabağ"ı "asıb-kəsdilər", üstəlik Peşəkar Futbol Liqasının Premyer Liqa ilə bağlı tərtib etdiyi əsasnamənin 69.3-cü maddəsinə əsasən AFFA-nın İntizam Komitəsi klubu 3000 manat cərimələdi. Tamam, lap yaxşı, Azərbaycan dilinin qaydalarını pozmağın bədəli ödəndi. Bəs illərdi həmin AFFA-da yüksək vəzifələrdə otrub ancaq rusca danışanlar, azərbaycanca suala başqa dillərdə cavab verənlərin, bir cümləni yarıazərbaycan, yarırus, yarıingilis dilində quranların cəzası niyə verilmir? Onlar niyə 1 manat da cərimələnmir? Danışanda dil qaydalarını pozmaq ayıb sayılmır? Hansı ki, həmin insanların kim olduğunu Azərbaycan futbolu ilə yaxından maraqlananlar çox gözəl bilir. Azərbaycan dilini doğru-dürüst bilməyən o insanlar indi "Qarabağ"ı bir hərf səhvinə görə cərimələyirlər. Futbolumuzun inkişafına necə də gülməli insanlar cavabdehdilər.

Xatirimdədi, AFFA-da Yarışların Təşkili və Keçirilməsi Departamentinin sabiq rəisi vardı - Məlik Həsənov. Hazırda PFL-in baş direktoru vəzifəsində çalışır. Hər dəfə suallarımıza rus dilində cavab verirdi. Baxmayaraq ki, ondan azərbaycanca söz soruşurduq və eyni şəkildə də cavab gözləyirdik. O cümlədən, veteran futbolçu Kazbek Tuayev azərbaycanlıları və dilimizi sevmədiyini aşkar şəkildə açıqlamasa da dəfələrlə göstərib. Halbuki bu ölkənin çörəyini yeyib suyunu içir, pulunu qazanır. Tuayev Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olsa da, açığı hazırda funksioner kimi futbolumuza heç bir faydası yoxdu. Hə, icraçı vitse-prezident Elxan Məmmədovu da unutmamışam. Razıyam, adam savadlıdı, 3-4 dil bilir. Amma azərbaycanca necə çətinliklə danışdığı hər kəsə məlumdu. Azərbaycanca iki sözü bir-birinə qoşub normal cümlə qurmaqla bağlı ciddi problemləri olan sabiq xarici işlər naziri Elmar Məmmədyarovun hazırda AFFA-dakı vəzifəsində qalıb-qalmadığı bilinmir. Amma onun çıxışları nəinki təkcə futbol ictimaiyyətində, ümumiyyətlə Azərbaycanda gülüş obyektinə çevrilmişdi. Ölkənin ali futbol qurumunun inzibati binasına daxil olanda onlarla belə insana rast gəlmək mümkündü. Amma onlara nə cərimə kəsirlər, nə də "Gözün üstündə qaşın var" deyirlər. 

Ancaq illərdi Azərbaycan çempionluğunu heç kimə verməyən (buna görə də kifayət qədər "gözügötürməyən" qazanan), ölkəmizi beynəlxalq yarışlarda layiqincə, AFFA-dan da yaxşı şəkildə təmsil edən "Qarabağ"da bir futbolçunun formasındakı hərf səhvinə gəlincə...

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR