"Mən stadiona gedəndə həmişə "Qarabağ" udur..." - Xanım jurnalist

Futbolsevər xanımlarla müsahibələrə davam...

Bugünkü həmsöhbətimiz jurnalist Sevinc Xanqızıdır. O, Sport7.az-a müsahibəsində həm özü, həm də futbolla bağlı fikirlərindən bəhs edib. 

- Bildiyim qədərilə, siz də bir müddət idman mətbuatında çalışmısınız. İş belə gətirmişdi, yoxsa idmana olan marağınızdan bu sahədə seçdiniz?
- Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa idman mətbuatında çalışaram. Hamı bilir, saytda olanda da hər zaman televiziyada çalışmaq istəmişəm. Sadəcə heç bir istiqamətləndirənim, ya da fərasətim olmayıb. (gülür)... Dostumuz Rövşən bir gün yazdı ki, sən şou-mədəniyyət sahəsindən yazırsan, gəl. Düzü, çaşbaş qalmışdım ki, mənim idman mətbuatında nə işim var, heç bir əlaqələrim yoxdur.  Dedilər, layihələr işləyəcəksən, mən də razılaşdım. İlk 1 ay ərzində möhtəşəm nəticəmiz olmuşdu, sayt xeyli tanındı. Peşəkarlar çalışırdı. Daha çox müsahibələr götürür, sorğular hazırlayırdım. Futbolçularla gündəm, məşhurlarla idmandan danışırdım. Flora Kərimovadan bu sahədə ilk müsahibə almış jurnalistəm. Deyirdi, ay qızım, mən idmandan nə danışım? Halbuki, 2 hissəlik gözəl müsahibəmiz olmuşdu. Eləcə də futbolçular artıq tanıyırdı. Deyirdilər, axır bizə fərqli sual verən bir nəfər oldu. Zövq alırdım işimdən. Onu deyim ki, idman jurnalistləri çox fərqlidirlər. Hər zaman dəstək görmüşəm. Üstəlik bir ay tamam olmamış artıq klublardan transfer xəbərini birinci verməyim yadımdadır. Yəni, onların da güvənini qazanmışdım.
 


Həmin saytla əməkdaşlıq bitdi. 2 yaxşı yerdən təklif gəldi. Biri çox yaxşı qonarar təklif edirdi. Digərində isə daha yaxşı inkişaf edəcəyimi düşünürdüm. Beləliklə, "futbolinfo.az" saytına kənardan işlədim. Maraqlı layihələrimiz oldu. Xatirə İslamın "Qarabağ" klubu üçün bəstə ifa etməsi də orda oldu. Sonra TRT Xəbərə çəkdiyim demo bəyənildi və TRT-nin Bakı müxbiri kimi fəaliyyətimə davam etdim. Beləcə peşəkar televiziya fəaliyyətim başladı. Onu da deyim ki, TRT-yə keçəndən sonra da buraxılışlardan birində o zamanlar "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinlə bir çəkilişimiz oldu. Məşq prosesini, daha sonra müsahibə və şəhərdə gəzinti - 3 hissədən ibarət maraqlı bir bölüm alındı. Təsadüf elə gətirdi ki, çəkilişdən 2-3 gün sonra Oğuz Çətinin istefa xəbəri gəldi. Həmin axsam mənim qısa xəbərim TRT Sporda olmaqla, əksər kanallarda yayımlandı. Sonra isə TRT Xəbər üçün özəl bölümü verdik. Yəni, Oğuz Çətindən də sonuncu müsahibəni alan jurnalist olmuşam. Çəkilişdən sonra əlini sıxıb "Mən də "Fənərbaxça"lıyam, kaş qayıdaydınız" demişdim. (gülür)

- İdman mətbuatında işlədiyiniz illərdən ən yadda xatirələrdən bizimlə paylaşarsınız?
- Yaddaqalan hadisələr həqiqətən çoxdur. Heç kimin bilmədiyi bir məsələni açım, üstündən xeyli zaman keçib. Televiziyada çalışdığım vaxtlar idi, eyni zamanda arada yaxşı xəbər olanda idman saytlarına yollayırdım. Trabzonda olanda "Trabzonspor"la görüşməyə getdim. Az qala manşet olurdum. (gülür) Bir futbolçu uzun müddət idi zədə səbəbindən oyunlara çıxmırdı. Həmin vaxt məşqə çıxırdılar. Futbolçular çıxanda salamlaşdıq. Bakıdan ona göndərilən salamları çatdırdım və söhbət başladı. Oyunlara geyindiyi öz orijinal, satışda olmayan formasını mənə hədiyyə etdi. Geri qayıtdıqdan sonra Türkiyədən bir jurnalist bəy mənim ora gedişimdən xəbər hazırlamaq istədiyini dedi. "O, uzun müddətdir gülümsəmir, siz nə danışırdınız ki, gülürdü?" - deyə məndən soruşdu. And-aman elədim ki, etmə, eləmə. Belə cılız söhbətlərdə fərqli, yalan başlıqlarla manşet olmaq istəmirəm. Sağ olsun, anlayışla qarşıladı və o xəbər yazılmadı. Halbuki, sadəcə, Bakıdan danışmışdıq və çoxlu salam demişdi. Həmin vaxtlarda yaddaqalan daha çox müsahibələrim olurdu. Fərqli və maraqlı.
 


- Sizə idmanı kim sevdirib? 
- Bildiyiniz kimi, bizim uşaqlığımızda "Xəzər Lənkəran", yoxsa "Neftçi"?", "Elşad Xose, yoxsa Hüseyn Dərya?" deyə hamı iki yerə ayrılırdı. Mən "Neftçi"ni dəstəkləyirdim. Heç bilmirəm niyə?! Amma Türkiyəyə fərqli bağlılığım olub. Bəlkə də uşaqlıqdan Axıska türklərinin içində böyüməyimdəndir. Türkiyə milli komandası oynayanda posterlərim əlimdə divanda bir qışqırırdım. Hələ də anlaya bilmirəm, bu sevgu necə yaranmışdı, amma gözümün altını qara rəngləyib, saçımı yığırdım. Rüştü Recberə qəribə bir bağlılığım vardı. Bu səbəbdən həyətdə də futbol oynayanda qapıda dayanırdım. Sonra o, "Barselona"ya keçdi, mən də futbola daha az baxdım. Bir də "fənər"li olduğumdan, onun oyunlarını izləyirdim. Sonra "tabu"ya qapıldım. Gördüm, mən baxanda uduzur, mən də baxmamağa başladım. İllərdir "Fənərbaxça"nın oyunlarına baxmıram. Onu da qeyd edim ki, voleybol oynamağı da çox sevirəm. 

- Qatı azarkeş demək olar sizə? 
- Dəhşətli fanat deyiləm. İllərdir matçları izləmə imkanım olmur. Heç transferlərdən də xəbərim olmur. Sadəcə "Fənərbaxça"...
 


- Bəs millimiz və klublarımızın Avropada çıxışlarını izləyirsiniz? 
- Stadionda ilk izlədiyiçim matç millinin olub. Qalib olmuşduq. Onu deyim ki, "Qarabağ"ın əksər matçlarını izləmişəm. Həmişə uşaqlar gülüb ki, sən stadiona gedəndə həmişə "Qarabağ" udur. Gərək deyək ki, səfər oyunlarlna da səni yollasınlar. Amma bu "tabu" keçən ilin avqust ayında pozuldu. Matçın ikinci yarısından sonadək ağlamışam. Artıq bilirdim uduzacaq. Həmin gün bütün sosial şəbəkələri telefonumdan sildim. Dəhşətdəydim, heç vaxt belə şey olmamışdı. (gülür) Özümü günahkar hiss edirdim. Neçə ildə ilk dəfə belə hadisə olurdu. Keçən ildən daha stadiona getmirəm. Düzü, televiziyadan futbol izləməyi sevmirəm, stadiondan izləmək zövqü başqadır. Çox az halda uşaqlarla hardasa oturub baxmışıq.
 


- Bir az da xanımlara özəl suallardan soruşum. Stadionda özünüzə necə rəftar görmüsüz? 
- Stadionda qızlara münasibət çox yaxşıdır. Əvvəllər media ilə otursam da, sonra gördüm, azarkeş kimi izləmək daha həyəcanlıdır. Dostlarla, çox vaxt qızlı-oğlanlı getmişik. İnsanlarımız kifayət qədər mədənidir. Kim deyir, söyüş, tərbiyəsizlik olur, boş şeydir. Heç vaxt eşitməmişəm. "Qarabağ"ın matçına gedəndə bəlkə də savaşa çıxır kimi hiss etdiyimizdəndir. Orada önəmli olan savaşı qazanmaqdır, bayrağımızın ucalmasıdır. Düşünmürəm ki, stadiona kimsə qıza sataşmaq üçün gəlir. Millət olaraq o səviyyədə deyilik.

- Yaraşığına görə bəyəndiyiniz futbolçu varmı? 
- Kimə zəng etmişəmsə, hər zaman sualıma cavab almışam. Yaraşıqlı hesab etdiyim futbolçu yoxdur. Ya da fikir verməmişəm. Xarakterinə və qazandırdığı uğurlara görə çox hörmət etdiyim Qurban Qurbanovdan müsahibə etmək mənə maraqlı olardı. Mənim bütün həyatım işdir, başqa nələrəsə fikir vermirəm. (gülür)

Röya Kərimli
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR