Məşhur meyxanaçının Madrid səfərinin ilginc detalları - “El Klasiko” bileti niyə yandı?

Məşhur meyxanaçının Madrid səfərinin ilginc detalları - “El Klasiko” bileti niyə yandı?

Məşhur meyxana ustası Ağamirzə İspaniyada səfərdə olub. Bəlkə də Pireneyə səfəri səs-küy doğurmayacaqdı. Lakin onun "Santyaqo Berbnabeu”dan paylaşdığı şəkil gündəmə gəlməsini şərtləndirdi.

Düşünmək olardı ki, Madridə yollanması "Real”ın oyununu canlı izləmək həvəsinə görə olub. Lakin ötən həftəsonu Zinəddin Zidanın yetirmələri səfərdə "Barselona”nın qonağı olmalıydı ki, həmin matç təxirə salındı. Ağamirzənin paylaşdığı şəkillərə baxanda məlum olur ki, səfərdə əsas məqsəd heç də futbol matçını izləməklə bağlı deyilmiş. Özünün də dediyi kimi, dostlarını ziyarət edib, Kral sarayına baş çəkib, bir sözlə, qədim şəhəri gəzmək imkanı qazanıb.

Ağamirzə səfər təəssüratlarını "Futbol+” qəzetinin əməkdaşları ilə bölüşüb.

- Nömrənizi Vüqar Maştağadan aldım, hələ də qayıtmadığınızı güman etdiyini dedi. Bakıdasız?
- Hə, gəlmişəm. 5-6 günlük getmişdik, dünən qayıtdıq.

- İlin-günün bu vaxtı nə əcəb İspaniya? Oralara, adətən, yay aylarında gedirlər.
- Çoxdankı planımız idi, getməliydik. Dedim, həm İspaniyanı gəzərəm, həm də Barselonaya gedib "El Klasiko”nu canlı izləyərəm. Bilirsiz, ya yox, "Real”ın qatı azarkeşiyəm axı. Səfərimiz həm ziyarət, həm ticarət xarakteri daşıyırdı. Bəxtimizdən "El Klasiko” da təxirə salındı. Yenə heç olmasa, havalar xoş idi, gəzə bildik.

- Bilet almışdız?
- Əlbəttə. Dediyim kimi, çoxdan planlaşdırmışdıq deyə, vizalar hazırlanmışdı, oyuna bilet almışdıq.

- Oyunun təxirə salınacağı bir neçə gün əvvəldən bilinirdi axı.
- Bilirəm, Bakıda olanda xəbərimiz var idi. Amma geriyə addım atmağın yeri yox idi. Viza açılmışdı, təyyarəyə və oyuna bilet almışdıq deyə, getmək məcburiyyətində qaldıq.

- Tək getmişdiz?
- Xeyr, dost-tanışla.

- Səfər necə keçdi? Necə gəzdiz, nə gördüz?
- Əla, əla... Madridi başdan-ayağa gəzdik, fürsətdən istifadə edib adama 30 avro verib bilet aldıq, "Santyaqo Bernabeu”nu yaxından gördük. Maşallah, əla stadiondu. Muzeydəki kuboklar, futbolkalar, stadionun özü. Ləzzət elədi.

- İspaniyada meyxana da yaxşı gedər.
- Türk dostumuz var, onun evində yığışanda deyirdim. Çay içib, çörək yeyəndə arada 10-15 dəqiqə dostlar üçün deyirdim. Belə də, "qurd öldürmək” üçün. İspaniyaya getmişkən, konsulluqda işləyən Adil müəllimlə də yaxından tanış oldum. Sağ olsunlar, gəlib görüşdülər, hal-əhval tutdular. Deyim ki, maraqlı və unudulmaz səfər oldu.

- Madrid həqiqətən "nağıllar şəhəridi”?
- Nağıllar deyəndə ki, qədim şəhərdi. Madriddən də qədim olan Toledo şəhərinə də baş çəkdik. Paytaxtdan 90 kilometr aralıdadı. Vaxtilə həmin şəhərdə müharibələr olub, üç dəfə hakimiyyət dəyişib: yəhudilər, xristianlar, sonra da müsəlmanlar. Tarixi yerlərdi.

- Madridlə Bakının oxşar və fərqli cəhətləri nədi?
- Onu gərək görəsən, deməklə olmur axı. Bilirsiz, məni təəccübləndirən nə oldu? 5-6 gün orda olduq, külək adlı şey görmədik. Deyirlər ki, külək ildə bir neçə dəfə əsir, onda da tarixi hadisə kimi yadda qalır. Hava da ləzzət elədi. Pencəklə gəzə bilmirdik, isti idi.

- Ötən həftəsonu Madriddə "Atletiko” - "Atletik” oyunu var idi. Orda ikən nə əcəb baxmadız?
- Yox e, mənimki "Real”dı.

- Onda futbol yox, "Real” azarkeşisiz.
- Düz deyirsiz, yalandan niyə deyim ki, futbolun xəstəsiyəm? Ancaq "Real”ın oyunlarını maraqla gözləyir, izləyirəm. "Ateltiko”, o biri, bu biri mənlik deyil.

- "Real” sevgisi hardandı?
- Vallah, nə bilim. Neçə ildi bu komandaya azarkeşlik edirəm. Baxırdım, hamı bu komandadan danışır. Sonradan özüm də baxmağa başladım, oyunları xoşuma gəldi. O vaxt Kriştiano Ronaldo da ordaydı.

- Onda "Real” üçün qafiyə açmamış olmazsız.
- O qədər demişik ki, əsas da Kərimlə. Kərim "Barselona” azarkeşidi axı. Mən "Real” deyirdim, o "Barselona”. Ən yaddaqalan qafiyəmiz də bu olub. Mən deyirdim, "Barselona” bacarmıyır "Real”nan, Kərim də deyirdi, siz yaşayın hələ ki bu xəyalnan. Bu qafiyə altında efirdə də demişik. Maraqlı alınmışdı.

- "Real”ın oyunlarını mütəmadi izləyirsiz, yoxsa vaxt tapandan tapana?
- İzləməyə çalışıram. Nə yalan deyim, bir də baxırsan toyla, məclislə üst-üstə düşür. Belə olanda videonu evdə mənim üçün yaddaşa yazırlar. Hamıya da tapşırıram ki, hesabı deməyin. Gecə evə gedib maraqla baxıram. Hesabı bilməyəndə maraqlı olur axı. Sanki oyun canlı gedir.

- Ronaldolu "Real” yaxşı idi, yoxsa indiki?
- İndi də pis deyil, amma Ronaldo ilə lap super idi. Şükür Allaha, get-gedə öz oyununu tapmaqdadı.

- Bu yay "Real”lı Luka Modriç Bakıya gəlmişdi. Gedib görüşmədiz?
- Yox e.

- Niyə?
- Çünki "Real” tək Modriçdən ibarət deyil. Mən komandanın özünə azarkeşlik edirəm, ayrı-ayrı futbolçulara yox. İnşallah, bəlkə nə vaxtsa "Real” Bakıya gələr, gedib hamısı ilə görüşərəm. Əla olar e.

- "El Klasiko”ya aldığınız biletlərin aqibəti necə oldu?
- Açığı, bilmirəm. Uşaqlar məşğul olurdular bilet işi ilə. Deyəsən, elə də qalıb.

- Azərbaycan futbolu ilə necə, yaxından maraqlanırsız?
- Yaxından deməzdim. İmkan olanda baxıram. Mənimki futzaldı, ən çox ona baxıram.

- Hansı komandaya azarkeşlik edirsiz?
- "Araz”a.

- Zaur Axundovun komandasına.
- Ay sağ ol. Zaur müəllim dostumuzdu, salam-sağ olumuz var. İmkan düşəndə Bakı İdman Sarayına gedib "Araz”ın çıxışlarını izləyirəm.

- "Qarabağ”, "Neftçi”, yığma – bunlarla aranız yoxdu?
- Niyə yoxdu? Var. Sadəcə, mütəmadi izləmirəm. Bu yaxınlarda alçaqlar "Qarabağ”ın oyununda bayraq açmışdılar. "Qarabağ” da sağ olsun, həmin oyunda rəqib qapısına 4 top vurdu. Ürəyimə yağ kimi yayıldı. Bu yaxınlarda da yenə maraqlı oyunları olacaq.

- APOEL ilə...
- Hə-hə, APOEL ilə. Ona mütləq baxacam.

- Bu gün axşam 8-də Azərbaycan derbisi var. "Neftçi”ylə "Qarabağ” oynayacaq. Stadiona getməyəcəksiz?
- Yox, stadiona gedə bilməyəcəm. Səfərdən qayıtmışam, bir az yorğunam. Axşam 8-dədi?

- Bəli.
- Evdə baxaram, inşallah.

- Futbol ictimaiyyətindən kiminlə münasibətiniz var?
- Çoxlarıyla tanışlığım var. Ən çox qapıçı qaqaşım Kamranla yaxınam. Maşallah, qəşəng meyxana deməyi də var. Hərdən yığşırıq, o da bizə qoşulur.

- Onda Ruslan Əmircanovu da tanımamış olmazsız.
- Əlbəttə, tanıyıram. Mingəçevirli balası, o da Kamranla bir yerdə olur həmişə. Maşallah, axır vaxtlar futbolumuzda irəliləyiş müşahidə olunur. Bu yay "Neftçi”nin adı da gur gəlirdi. Rusları udmuşdular. "Qarabağ” qrupdan çıxmaq istəyir, görək də. Kaş bu tarixi hadisəyə şahidlik edək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR