Məşqlər başlamamış testdən keçməyin nə mənası var? -  BİZİM SORĞU

Məşqlər başlamamış testdən keçməyin nə mənası var? - BİZİM SORĞU

Xəbər verdiyimiz kimi, AFFA Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə etdiyi üçün klublar bir neçə gün öncə bahalı olan koronavirusa görə testindən keçdilər. 

Ancaq hazırda ölkəmizdə karantin davam edir və heç bir idman tədbirinə icazə verilmir. Və məşqlər ilə çempionatın nə zaman bərpa olunacağı hələ gündəmdə deyil. Məşqlər başlayana kimi testdən keçmiş futbolçuların karantin qaydalarına nə dərəcədə əməl edəcəkləri bəlli deyil. İndiki vəziyyətdə aparılan bu test nəyəsə xidmət etmədi. 

Bunu nəzərə alaraq Sport7.az klublar arasında sorğu keçirdi. Premyer Liqada çıxış edən klubların mətbuat xidmətləri vasitəsiylə həkimlərdən sualımıza cavab almağa çalışdıq. 

Suallarımız ondan ibarət oldu ki, çempionat, məqşlər başlamamış bu testdən keçmək qərarı haradan qaynaqlandı? Məşqlər bərpa olunanda da o qədər pul ayrılıb yenə oyunçular testdən keçəcəklər? Çünki həmin müddətə kimi futbolçulardan kiminsə virusa yoluxub-yoluxmayacağı bəlli deyil.

Əvvəlki sorğumuzda "Neftçi" və "Zirə" klublarının mövqeyini öyrənmişdik. Bu gün isə "Səbail" və "Keşlə" klublarının cavabını təqdim edirik:

"Səbail" klubundan aldığımız cavab belədir: "Bildiyiniz kimi, pandemiya ilə əlaqədar mart ayından hamı karantindədir. Karantin dövründə vəziyyətlə bağlı olaraq,  AFFA tərəfindən klub üzvlərinə və futbolçulara testdən keçmək tövsiyə olundu və komanda üzvləri və bütün futbolçular testdən keçdilər. Çempionatın məsələsinə gəlincə isə, irəlidəki günlərdə Nazirlər Kabineti yanında operativ qərargah hansı qərarı məqsədəuyğun sayarsa, biz də, o qərara uyğun addım atacağıq". 

"Keşlə" klubundan isə bildirildi ki, "Biz də daxil olmaqla bütün komandalar koronavirus testindən keçdilər. Yaxşı bir haldır ki, Azərbaycan klublarında heç kimdə koronavirus tapılmadı. O cümlədən bizim klubda da, məşqçi heyəti, futbolçu və inzibati heyət testdən keçdik, testin nəticələri mənfi çıxdı. Hazırda komanda üzvləri məşqlərini onlayn şəkildə ev şəraitində davam etdirir, fiziki hazırlıq üzrə məşqçimiz məşqləri izləyir və biz futbolçulara da məsləhət vermişik ki, maksimum özlərini qorusunlar, bacardıqları qədər evdə qalsınlar, evdə məşqlərini davam etdirsinlər, ictimai nəqliyyatdan istifadə etməsinlər. Bizdə hazırda bazada "Keşlə"nin ofisi, stadion, bir sözlə, hər yer dezinfeksiya olunub. Bundan başqa, ofisdə çalışan inzibati heyətin bütün otaqları dezinfeksiya olunub, əlcək və maska ilə təmin olunublar.

Növbəti testdən keçmək məsələsinə gəlincə, bəli, biz hazırda qərarı gözləyirik. Qərar qəbul olunundan sonra biz məşqlərə nə vaxt başlasaq yenə test olacaq. Artıq məşqlərdən əvvəl daha bir test ediləcək. Yenə deyirəm, futbolçular özlərini qorumalıdırlar. Ancaq bu şəkildə biz buna qalib gələ bilərik.

O ki qaldı məbləğə, onu deməyimiz etik cəhətdən düzgün olmaz. Bilirsiniz ki, Klublar Komitəsinin iclasında da AFFA-dan qeyd olundu ki, klublara test üçün pul vəsaiti köçürüləcək. Bu rəqəmi biz açıqlaya bilmərik. Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. İstəsə, AFFA özü açıqlaya bilər".

Mövzunu davam etdirəcəyik...

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR