Messinin hekayəsi: Hamımız birimiz, birimiz hamımız üçün (XV hissə)

Messinin hekayəsi: Hamımız birimiz, birimiz hamımız üçün (XV hissə)

Leo narahat şəkildə "La Masia"nın qapısına yaxınlaşdı. Bu səfər qapı onun üçün açıq idi. Sesk və Pike Leonu gözləyirdilər. "Yeni evinə xoş gəlmisən" - dedi Sesk. Leo gülümsədi, sanki yuxuda idi.

Uşaqlar ona "La Masia"nı gəzdirirdilər. Onlar Leonu qaldıqları otaqlarla tanış etdilər və bir-birindən dadlı yeməklərin qoxusunu aldıqları mətbəxdə bir az zaman keçirdilər. Son "dayanacaq" isə kompyuter otağı idi. Sesk futbol oynamağı təklif etdi. Messi təəccübləndi:

- İndi?
- Yəni FIFA oynayaq. Mən "Barselona"nı götürəcəm.
- Mənim komandam "Nyuells" olsun.
- Sənin yerində olsam, "Arsenal"ı seçərdim. Əla oynayırlar.

***
Altı həftə sonra dəri çantasının içərisində tam olaraq nə daşıdığından xəbərsiz olan kuryer Xorxe və Leoya çoxdandı gözlədikləri rəsmi müqaviləni çatdırdı.

Xorxe "Barselona" klubundan gələn müqaviləni oxudu. Şərtlərin əla olduğunu, onsuz da, bilirdi. Artıq maddi məsələlərə görə narahat olmağa ehtiyac yox idi. Ancaq onlar ailə ilə birlikdə qərar qəbul etməyə alışmışdılar. Bu səfər də fərqli olmadı.

Seliya: "Hamımızın Barselonada qalmağına ehtiyac yoxdu. Xorxe, sən və Leo burada qalın, biz isə evə qayıdaq".

Matias anasının dediyini təsdiqlədi: "Mən dostlarım üçün darıxaram, ata". Rodriqo da razılıq əlaməti olaraq başını yellədi.

Leo: "Mən də Rosario üçün darıxacam, ancaq "Barselona"da oynamalıyam. Artıq burada özümə yeni dostlar da tapmışam".

Xorxe ailəsindən uzaq qalmağın çətinliyini dərk edirdi. Xanımını qucaqladı: "Sənsiz çətin olacaq".

"Hər gün danışarıq. Bizi qürurlandır, Leo. Nənən Seliya cənnətdən gülümsəyir", - deyə Seliya cavab verdi.

Xəyalları gerçəkləşsə də, Leo qorxurdu. Ailəsindən uzaqlaşıb, pəncərənin yanına getdi. Barselona mənzərəsini seyr edərkən atasına dedi: "Ata, bəlkə də, mən heç "pibe"* deyiləm". Xorxe: "Pibe" olmasaydın, bu gün burada da olmazdın".

Matias: "Həm həyatda, həm də oyunda bizim məşhur 5 qaydamızı unutmayasan, Leo".

Leo qardaşlarına doğru qaçdı. Bu qaydaları onlar üçün ataları müəyyənləşdirmişdi. Matias bir də Leonun yadına saldı: "Nəzakət, dürüstlük, əzm, özünə hakim olmaq və heç kimə boyun əyməmək".

Xorxe gülümsədi: "Bu xüsusiyyətlərin hamısı səndə var, Leo. O ruha sahibsən - topa ilk toxunduğun andan bəri... Sən qalib olmaq üçün doğulmusan. Bundan heç bir şübhəm yoxdu. Sən "pibe"sən".

Leo gülümsədi və atasını bərk-bərk qucaqladı. Sonra yenidən pəncərədən Barselona mənzərəsinə tamaşa etdi. Bura artıq onun şəhəri və evi olacaqdı. Artıq özünü "Barselona" klubuna və dünyaya isbat etməli idi.

***
Leo anasını ilə balaca bacısını öpdü və qardaşları ilə sağollaşdı. Matias arxaya dönüb, əlini qılınc çıxarırmışcasına havaya qaldırdı. Rodriqo da eyni hərəkəti təkrarladı. Sonra Leo xəyali qılıncını qaldırdı. Matias və Rodriqo "Hamımız birimiz üçün" deyə bağırdılar. Leo isə "Birimiz hamımız üçün" deyərək qarşılıq verdi. Sonra Matias və Rodriqo gözdən itdilər.

Terminaldan çıxanda Leo xəyali qılıncını endirdi. Xorxe oğlunu çöldə gözləyən avtomobilin yanına apardı: "Hə, Leo. Artıq "Barça"da oynayacaqsan. İlk mövsümündə neçə qol vurmağı planlaşdırırsan?"

Gülümsəyən Messi "Çox qol vuracam" dedi. Sürücü Oktavio avtomobildən düşüb, arxa qapını açanda əyilib balaca Messinin qulağına pıçıldadı: "Mənim də bir tərəfim Argentinadan, digər tərəfim isə Kataloniyadandı. Bəziləri sənin "pibe" olduğunu deyirlər".

Leo güldü: "Ata, qabağa keçib cənab Oktavionun yanında otura bilərəm? Argentina haqqında danışacağı hekayələrə qulaq asmaq istəyirəm". Sonra isə arxa qapını bağlayıb, Oktavioya dedi: "Sizin üçün bir problem yoxdusa, təbii ki".

Oktavio: "Heç bir problem yoxdu".

Leo irəlidə oturan kimi söhbətə başladı: "Dostlarım mənə "birə" deyirlər..."

Balaca Messi rahat idi. İspaniya vətəndaşlığına keçə bilməsi üçün lazım olan sənədləri almağa gedirdilər, sonra otelə qayıdacaqdılar. İlk matçdan öncə görüləsi çox iş var idi. 2001-ci ilin mart ayı idi...

Qeyd: Maradonanı futboldakı istedadına görə "el pibe de oro” (qızıl uşaq) deyə çağırardılar. Messi də növbəti "qızıl uşaq" olacağını gözləyirdi.
 





Maykl Part - "The Flea" kitabı


Sport7.az

OXŞAR XƏBƏRLƏR