Milliyə hansı namizədlər var?  - MÜNASİBƏT

Milliyə hansı namizədlər var?  - MÜNASİBƏT



Gözlənilən baş verdi. Xorvatiya rüsvayçılığı AFFA rəhbərliyinin səbr kasasını daşırdı və yığmamızın baş məşqçisi istefa ərizəsi yazdı. İstefa ərizəsi AFFA rəhbərliyi tərəfindən qəbul edildi. İndi azarkeşlərimizi bir sual düşündürür. Berti Foqtsu yığmada kim əvəz edəcək?

İlk olaraq yığmanın baş məşqçiliyi postuna "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov gətiriləcəyi söylənilir. Ancaq bunun baş verməməsi üçün bir neçə səbəb var. Birincisi Qurbanovun çalışdırdığı "Qarabağ" Avropa Liqasında mübarizə aparır. Baş məşqçisi istər-istəməz bütün gücünü, konsentrasiyasını Ağdam təmsilçisinin Avropa Liqasında uğurlu çıxış etməsinə yönəldib. Onu milli komandaya gətirmək isə indiki halda riskli görünür. Belə ki, yığma komandada işləmək təcrübəsi olmayan baş məşqçiyə müəyyən zaman gərək olacaq. Avro-2016-nin seçmə mərhələsində 3 oyundan sonra aktivində 0 xal olan və Xorvatiya rüsvayçılığından sonra AFFA-nın eksperiment etməyə vaxtı yoxdu. İkincisi Qurbanovu "Qarabağ"dan ayırmaq ölkənin bir nömrəli klubunu çətin vəziyyətdə qoymaq anlamına gəlir ki, bu da AFFA-ya indiki halda qətiyyən lazım deyil. Demək bu variant ağlabatan deyil.

Onda ölkədə çalışan digər uyğun namizədlər üzərində seçim aparıla bilər. Namizədlər arasında Bakı "İnter"inin çalışdırıcısı Kaxaber Tsxadadze də ola bilər. Gürcü futbol mütəxəssisi yerli futbolçuları yaxşı tanıyır. Üstəlik qafqazlı olduğundan yerli futbolçularla mentalitet də demək olar ki, eynidi. Amma Tsxadedzenin yığmanı çalışdırmaması və beynəlxalq arenada nüfuzunun az olması onun mənfi cəhətləridi.

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin də adı namizədlər sırasında hallanır. Onun "Neftçi" ilə tarixdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması burda həlledici məqam ola bilər. Ancaq baş məşqçinin səhhətindəki problemlər çox güman ki, AFFA-nın seçiminin onun üzərində etməməsinə gətirib çıxaracaq.

Digər yerli mütəxəssislər sırasında Vaqif Sadıqov, Nazim Süleymanov, Şahin Diniyev və Ağasəlim Mircavadovun da adı var. Ancaq bu məşqçilər ayrı-ayrı vaxtlarda yığmada çalışaraq elə də uğurlu nəticə əldə etməyiblər.

Ancaq çox güman Foqtsun əvəzinə ölkə xaricindən əcnəbi mütəxəssis gətiriləcək. Namizədlərdən biri kimi Türkiyə yığmasına dünya çempionatında bürünc medal qazandırmış Şenol Günəşin də adı hallanır. "Bursaspor"un baş məşqçisinin adı ötən il də yığma komandamızla birgə hallanırdı. Ancaq AFFA 2013-cü ildə Foqtsla yeni müqavilə bağlamaqla söz-söhbətə son qoymuşdu. Günəşin yığmanın başına gətiriləcəyi bir məqamda ağlabatan görünür. Baş məşqçinin "Bursaspor"da işləri elə də düz gətirmir. İddialı klub Türkiyə çempionatında son yerdə gedir. O, artıq çoxdan klubdan getməklə barışıb. Ancaq Günəşin "Bursaspor" və əvvələr çalışdırdığı "Trabzonspor" klubunda uğursuzluğu onun əleyhinə işləyən amillərdəndi.

Digər bir namizəd isə "Fənərbaxça" və "Bursaspor" klublarının sabiq çalışdırıcısı Kristof Daumdur. Alman baş məşqçinin "Bursaspor"dakı fəaliyyəti uğursuz alınsa da "Fənərbaxça"dakı işi göz oxşamışdı. Baş məşqçinin alman olması da AFFA-nın seçimində həlledici rol oynaya bilər. Ancaq Daum Azərbaycan futbolu və azərbaycanlıları tanımaması onun əleyhinə işləyən amillərdəndi.

Digər namizəd isə Türkiyənin "Kasımpaşa" klubunu çalışdıran gürcü baş məşqçi Şota Arveladzedi. Onun Azərbaycana yaxın Türkiyədə işləməsi onun üçün müsbət cəhət sayıla bilər. Ancaq Arveladzenin yığma komandalar səviyyəsində işləməməsi onun çox güman ki, AFFA-nın seçiminə təsir edəcək.

Sözsüz ki, bütün bu adı çəkilən məşqçilər bizim ehtimallarımızdı. Son sözü əlbəttə ki, AFFA rəhbərliyi deyəcək. Yığmanın yeni çalışdırıcısının top məşqçilərdən olacağı daha ağlabatan görünür. Azərbaycan futboluna qoyulan pullar və azarkeşlərimizin ambisiyası belə düşünməyə əsas verir. Yaşayarıq görərik... //ANS Press

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR