Müjdələr olsun, Nazim!

Müjdələr olsun, Nazim!

Kitabların özgür artıq,
Müjdələr olsun, Nazim.
Sən yazmağa davam et,
Həsrəti yazma, Nazim!

Bu sətirlərin qəhrəmanı tanınmış türk şairi Nazim Hikmətdi. Düzdü, yazımın davamında ondan bəhs etməyəcəm. Amma sətirləri girişdə yazmaqla həm də Nazim Hikməti xatılamış olduq. Onun kitablarına Türkiyədə qoyulan qadağa illər sonra götürüləndı qızı öz diliylə böyük şairi bu misralar vasitəsiylə müjdələmişdi. Onsuz da şairin şeirlərini qadağalarla əngəlləmək, insanlardan gizlətmək mümkün olmur. Düz sözə nə qadağa? Haqq söz ağızda-ağıza keçəcək, dillər əzbəri olacaq. Həmin sözlərin müəllifləri də insanların ürəklərində yaşayacaq, qəhrəmana çevriləcəklər. Bunu əngəlləmək mümkün deyil.

Yazımın qəhrəmanı Nazim Süleymanovdu. Onu tərif və ya təqdim etmək üçün əlavə sözlərə, ütülü və bərli-bəzəkli cümlələrə ehtiyac yoxdu. Süleymanovu bütün dünyada olmasa da, keçmiş SSRİ məkanında yaxşı tanıyırlar, sevirlər. O, bu sevgini, hörməti təkcə öz futbolçu istedadı, vurduğu gözəl qollarla qazanmayıb. Mərdliyi, dürüstlüyü, insanlığı futbolçu kimi tanrının ona verdiyi istedadı tamamlayıb, Nazimi yüzminlərin, bəlkə də milyonların sevimlisinə, qəhrəmanına çevirib. Bəli, mən bu sözləri tam səmimiyyətim və qətiyyətimlə deyirəm.
 
Nazim Süleymanov mənim dostumdu. Bu dostluq hansısa təmənnadan yaranmayıb. İndiyədək bir-birimizdən təmannamız keçməyib belə. Amma düz 12 il bundan əvvəl yaxın-uzaq Almatının Ortalıq stadionunda yaranan o dostluq bizim üçün bir dəyərdi. Ötən 12 ildə Süleymanov işləyəndə də, işsiz günlərində də bircə dəfə olsun belə məndən jurnalist fəaliyyətimlə bağlı ricada bulunmayıb, nəyisə yazıb-yazmamağı xahiş etməyib. AZAL-da, "Neftçi”də, "Sumqayıt”da baş məşqçi olanda uduzduqları oyunları haqlı tənqid etmişəm, səhvləri qabartmışam. Hamısını oxuyub, təşəkkürünü bildirib. Klublarda, millilərdə işləyəndə hansı futbolçuya xüsusi diqqət ayırması, yaxud da komandasına götürməsiylə bağlı ona nəsə deməmişəm. Baxmayaraq ki, bizim dost olduğumuzu bilib, bununla bağlı mənə "çıxanlar” da olub. Nəzakətlə imtina etmişəm. Heç bilməmişəm ki, xahiş etsəm, ona reaksiyası necə olar. Çünki biz təmənna ilə dostlaşmamışıq, qərib ölkədə yaranan dostluğu dəyərə çevirmişik. Aramızdakı məsafə də, yaş fərqi də buna mane olmayıb. 

Nazim Süleymanovun "Sumqayıt”a baş məşqçi təyin olunmasını mətbuatdan oxumuşam. Zəng vurub təbrik edəndə heç deməmişəm ki, bunu nə üçün mənə deməyib, mənə xəbər "ötürməyib”. Özünə deməsəm də, qəlbimin dərinliklərində təəssüf hissi yaşamışam. Yox, ilk olaraq mənə deməməsinə görə deyil. "Sumqayıt”da işləməyə razılıq verməsinə görə təəssüflənmişəm. Bilmişəm ki, AFFA-nın bahalı oyuncağı olan bu klubda ona əl-qol açmağa imkan verməyəcəklər, qısa müddətdə nüfuzunu zədələməyə, işbacarmaz obrazını yaratmağa çalışacaqlar. "Sumqayıt”dakı işləri yaxşı gedəndə, doğma meydanından qaçaq salınan komanda məğlubiyyətsiz oyunları sıralayıb turnir cədvəlinin yuxarılarında möhkəmlənəndə belə bu narahatlıq məni tərk etməyib. Təhlükəni hər an gözləmişəm və zaman məni haqlı çıxarıb. Qorxduqlarım Nazimin başına gəlib, onu əlləri üstə "Sumqayıt”a gətirənlər namərdcəsinə kürəyindən vurmağa, ayağının altını qazmağa başlayıblar. Sonrasını siz də bilirsiz.

Süleymanovun "Sumqayıt”da çalışmağının müsbət tərəfi o oldu ki, məlum adamların əsl üzünü gördü və əmin oldu ki, boğazına qədər çirkaba bulaşmış Azərbaycan futbolunda onun kimisinə yer yoxdu. Futbolumuzu təmizləmək, üfunətdən xilas etmək lazımdı. Qollarını çirmələdi, özü kimi çirkabdan bezənləri, badalağa qurban gedənləri, haqqı pozulanları ətrafına topladı və mübarizəyə başladı. Çoxları bu mübarizəyə fərqli donlar geyindirməyə çalışır. Nazim Süleymanovun rəhbərliyi ilə yaranan təşkilatın təsis edildiyi gün Bakıdan kənarda olmuşam, toplantıya qatılmamışam. Heç bu təşkilatla bağlı Nazim bəylə ətraflı söhbətim də olmayıb. Amma olmasa belə, əminəm ki, Nazimin adı olan yerdə əyri işlər, kiməsə tələ qurmaq, hansısa çirkli əməllərlə məşğul olmaq mümkün deyil. Süleymanovun xarakteri, ad-sanı, vicdanı buna imkan verməz. Bütün bunları dostum olduğu üçün demirəm. Şükürlər olsun, bütün Azərbaycan Nazimi tanıyır. Ölkəmizdən kənarda da harda adı çəkilirsə, "ooo, Sulya” deyib, ehtiram göstərirlər. Almatıda, Bakıdan Vladiqafqaza gedərkən yolboyu da buna həmkarlarımla şahid olmuşam. 

Təsadüfi deyil ki, Nazim Süleymanovun rəhbərliyi ilə yaradılan Həmkarlar İttifaqı AFFA-da oturanların kürkünə birə salıb. Adamlar illərdi etdikləri əməllərə, viran qoyduqları futbol təsərrüfatına görə heç kimə hesabat verməyiblər. Bütün dost-tanışlarını, qohumlarını yağlı tikəyə çevirdikləri "boz bina”ya yığıblar, öz ciblərini doldurmaqla məşğul olublar. Artıq hesabat zamanıdı. Haqqı pozulanlar ayağa qalxıb. Gec-tez ədalət divanı qurulacaq. 

Uğur olsun, Nazim. Sayəndə illərlə ağzına su alıb susanlar dilə gəlib. Aralarından qorxağı da çıxacaq, sözünü dananlar da. Sən yorulma, usanma. Yazmağa (mübarizəyə) davam et, bizi müjdələ. Azərbaycan futbolunun buna ehtiyacı var!

Mənbə: "Futbol+" qəzeti, Amal Abuşov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR