"Mxitaryan siyasi fəaliyyətlə məşğul olub" - Millət vəkili

Millət vəkili Tahir Mirkişili Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı yazıb. 

Sport7.az xəbər verir ki, o, yazıda Britaniya mətbuatının Azərbaycana qarşı apardığı kampaniyadan bəhs edib. 

Yazını olduğu kimi təqdim edirik:

"Bakıda 29 mayda Londonun "Arsenal” və "Çelsi” klubları arasında futbol üzrə Avropa Liqasının finalı keçiriləcək. Son günlər Britaniya mətbuatında finalın Bakıda keçirilməsinə qarşı kampaniya aparılmağa başlayıb. Belə kampaniya ilk dəfə deyil ki, Azərbaycana qarşı aparılır. Daha əvvəllər də 1-ci Avropa Olimpiya oyunları, Formula 1, gimnastika, şahmat, güləş, boks üzrə beynəlxalq yarışlar və s. oyunlar zamanı ölkəmizə qarşı belə qarayaxma kampaniyaları aparılır. Amma bu cür mötəbər yarışlar da adətən yüksək səviyyədə keçirilir. 

Bu dəfəki kampaniyanı təhlil etdikdə cavabları olan suallardan tutmuş absurd iddialara qədər müxtəlif yanaşmalar görmək mümkündür.

Əsasən hansı məsələlər qabardılır:
1) Bakı uzaqdır, səyahət etmək çətindir
2) Viza almaq mürəkkəbdir
3) Gecələmə bahadır
4) Şəhərdə gəzmək təhlükəlidir
5) Terror aktları təhlükəsi var
6) Henrix Mxitaryan problemi

İlk öncə qeyd edək ki, 2 il öncə UEFA-nın İcraiyyə Komitəsi finalın keçiriləcəyi şəhəri Bakı olaraq seçərkən, kimsə finalda hər iki tərəfin İngilis komandaları olacağını bilmirdi. Bakı Londondan 4000 km və 5 saatlıq uçuş məsafəsində yerləşir. Gündə 1 reys var və ya İstanbul, Moskva və digər şəhərlərdən əlaqəli reyslərlərlə uçmaq lazım. İngilis futbol sevərlərinin bu qayğısını anlamaq olar. Amma bu çətinliyin dəf olunması üçün AZAL tərəfindən 40-dan çox çarter reysləri planlaşdırılır. Və digər aviasiya şirkətləri ilə danışıqlar aparılır.

Vizaların alınması ilə bağlı iddialar əsassızdır, ASAN elektron viza sistemi ilə istənilən xarici şəxs 3 saat ərzində viza ala bilər.

Final görüşləri zamanı otel qiymətlərinin qalxması bütün şəhərlərdə müşahidə olunur. Bakıda artıq kifayət qədər sayda otellər tikilib ki, bunun da tənzimlənməsi üşün imkanlar mövcuddur.

Azərbaycan və Bakı şəhəri ictimai təhlükəsizliyin dünyada ən yaxşı təmin olunduğu şəhərdir. Hər il Azərbaycan gələn turistlərin sayında artımın olması və ölkədə bütün din və irqlərə qarşı dözümlülüyün olması bunu deməyə imkan verir.

Terror təhlükəsinin olması barədə olan iddialar absurddur. Bakıda son terror hadisəsi 1994-cü ildə olub. Bu cəhətdən Bakı Brussel, Paris və Londondan kifayət qədər sakit şəhərdir. London küçələrində bıçaqlama, avtomobillə törədilən terror hadisələri artıq adi hal alıb. 

"Arsenal"ın oyunçusu Mxitaryan ilə bağlı olan problem təkcə onun erməni milliyəti ilə bağlı deyil. Ermənilər dəfələrlə Bakıda olublar, hətta mükafatlara da sahib çıxıblar. Heç bir təhlükəsizlik problemi də yaşanmayıb. Amma Mxitaryan 3 dəfə qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib, separatistlərin "başçısı” ilə görüşüb, yəni siyasi fəaliyyətlə məşğul olub. Amma bütün bunlara rəğmən Azərbaycan hakimiyyəti bütün iştirakçılar kimi, onun da təhlükəsizliyinə təminat verib. 

Son olaraq onu demək lazım ki, həm "Arsenal", həm də "Çelsi" artıq 1 dəfə Bakıda oyun keçiriblər. İngilis futbolsevərləri də Bakıda olublar. Digər tərəfdən final oyunları yalnız ingilislər üçün deyil, bütün Avropa futbolsevərlənin izləməsi üçün təşkil olunur. Bu cür qarayaxma kampaniyaları Azərbaycanın inkişafını istəməyən bəzi qüvvələrin uğursuz cəhdləridir. Əminəm ki, Bakıda keçirilən Avropa Liqasının finalı digər beynəlxalq yarışlarda olduğu kimi maraqlı, təhlükəsiz və yaddaqalan olacaqdır."
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR