Nadir Nəbiyev:

Nadir Nəbiyev: "Əvvəl "Qarabağ"ın hücumları daha təhlükəli olurdu"

Azərbaycanın tanınmış veteran futbolçularından olan Nadir Nəbiyev klublarımızın avrokuboklardakı oyunları haqda danışıb.

O Sport7.az-a açıqlamasında bunları söyləyib: "Hamı ilk oyunda "Qarabağ"dan qələbə gözləyirdi. Kifayət qədər qol imkanları oldu. Yadınızdadısa hesab 1:0 olanda qol buraxmaq təhlükəsi ilə üz-üzə qaldılar. Futbolda belə bir şey var, istədiyin nəticəni əldə edə bilməyəndə həyəcanlanırsan, boşluqlar yaradırsan. Bunu meydanda olanda daha çox hiss edirsən. Ümumilikdə "Qarabağ"dan gözlədiyimiz oyunu gördük. Öz dəsti-xətti idi. Belə də davam edəcək. Yeni transferlərə gəlincə, bundan əvvəlki oyunlarına baxanda, görürsən ki, komandalarına kifayət qədər xeyir verən futbolçular olublar. Ümumiyyətlə neçə illərdi "Qarabağ"ın transferlərini izləyirəm, götürdükləri futbolçuların, faiz nisbətilə desək, 100-də 90-ı həm avrokuboklarda, həm də ölkə çempionatında komandaya xeyir verir. İndi bir oyunla hansı futbolçunun nəyə qadir olduğunu deyə bilmərəm. Ola bilər ki, uyğunlaşma baxımından çətinlik çəksinlər. Bir də limit məsələsi var. Avropa oyunlarında limit yoxdu. Ancaq ölkə çempionatında məcburən müəyyən futbolçulara istirahət verməli olursan. Elə mövqe var ki, bir futbolçunu məcburiyyətdən oynadıb, digərinə istirahət verirsən. Belədə heç "18-liy"ə də düşə bilməyənlər olur. Əvvəlki illərlə müqayisə etməyə gələndə,  bilirsiz necədi? Ola bilər ki, mən düzgün görmürəm, amma hücum o səviyyədə deyil. Əvvəl "Qarabağ"ın hücumları daha təhlükəli olurdu. Bir neçə oyunçu arasında mübarizə gedirdi. İndi hiss olunur ki, hücumçu qıtlığı var. Zədəlilər, itkilər vardı, bu da təsirini göstərə bilər".

Nəbiyev "Neftçi"nin çıxışına da toxundu: "Bu yaxınlarda səhv etmirəmsə "Şerif" Gürcüstan "Dinamo"su ilə oynayırdı. Səfərdə 3:0 hesablı qələbə qazanmışdı, amma evdə 0:2 uduzurdu. Futboldu, o qədər nəticələr olur ki. Ancaq ilk oyuna əsasən götürsək, heç inandırıcı gəlmir ki, "Neftçi" üçün çətin olacaq. Hətta, heç-heçə edəcəyi belə inandırıcı deyil. "Neftçi" daha istəkli, əzmkar oyun göstərdi. Burda nəsə olacağına inanmıram. Püşk atılanda məndən müsahibə götürmüşdülər. Demişdim ki, "Neftçi"nin ilk turu keçəcəyinə inanıram". Düzdü hələ növbəti mərhələni fikirləşməməliyik. Amma istər-istəməz düşünürsən ki, "görəsən ikinci mərhələdə rəqib kim olacaq?". Ancaq ikinci mərhələdə "Arsenal"la oyunda ən azı, belə rahat qələbə qazana bilməyəcək. Mərhələni keçəcəyinə inam var. Çünki qələbə qazandıqca iştər məşqçilər heyətində, istərsə də futbolçularda özünə daha çox inam yaranır. Düzdü, "Arsenal"la oyunda da növbəti rəqib haqda düşünəcəyik. Bununla belə çox çətin olacaq. Rus komandası tanışdı, amma hansı sistemlə oynadıqlarını bilmirəm, görməmişəm. Onu deyə bilərəm ki, ilk oyun evdə olsa "Neftçi" top buraxmamağa çalışmalıdı.  Bu üstünlük sayılır. Hətta heç-heçə olsa belə qol buraxmasınlar. Səfərdə isə ən azından qol vurmalıdılar, bu da bir üstünlük olar. Ümumiyyətlə öz meydançasında top buraxan komanda səfərdə çətinlik çəkir".

Nadir bəy "Səbail"in şanslarını belə dəyərləndirdi: "Rəqiblərin arasında ən çətini "Səbail"ə düşmüşdü. İlk oyunda da göründü ki, komandanın avrokubok təcrübəsi yoxdu. Üstəgəl rəqib kompakt və yaxşı oynayırdı. Buna baxmayaraq "Səbail" hücum etdi, ağıllı oynadı, müdafiədə boşluq yaratmadı. Hətta hesab 2:1 olanda komanda qol vurmağa yaxın idi. Səhv etmirəmsə Ağabalanın ötürməsini Mirabdulla qəbul edə bilmədi. Yaxşı "açılmışdı", amma topa bir qədər gecikdi. Hesab da elədi ki, rəqib Bakıda qələbə qazanıb. İlk oyunda hücum edən tərəf rəqib oldu. Halbuki düşünürdük ki, hücum edən tərəf biz olarıq və qol vurarıq. "Səbail"in qol imkanları daha çox oldu. Buraxılan qollar isə adi səhvlərdən sonra olmuşdu. Yəni, çətinliklə qol vurub, asanlıqla buraxırdılar".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR