"Amin bütün keyfiyyətlərini hələ göstərməyib" - Nail Kərimov

"Qəbələ"nin akademiyasının yetirməsi Amin Seydiyevin bir neçə gün öncə "Sabah"a keçidi gündəm oldu. Sağ cinah müdafiəçisi "Qəbələ"in yetişdirib başqa klublara satdığı ilk belə futbolçu deyil. Ancaq heç şübhəsiz ki, istedadı ilə seçilənlərdəndi. Amin eyni zamanda müdafiənin digər zonalarında da yer ala biləcək universal oyunçudu. Bəs "Qəbələ"yə necə və haradan gəlib?

Aminlə bağlı suallarımıza akademiyanın direktor müavini Nail Kərimovdan cavab aldıq. Nail bəy Sport7.az-a müsahibəsində Aminin xüsusiyyətlərindən də danışdı.

- Aminin "Qəbələ"nin akademiyasına ilk gəlişi necə olub, harada kəşf etmişdiz?

- Amini 11 yaşında "Vətən" futbol məktəbindən götürmüşdük. Səhv etmirəmsə yoldaşlıq görüşü keçirmişdik və orada bəyənmişdik. Əslində, iki futbolçu götürmüşdük. Sonradan birini göndərdik. Amini isə akademiyada saxladıq.

- Ona xarici ölkədən maraq göstərən olmuşdu?

- Əlbəttə, oynadığımız turnirlərdə, getdiyimiz ölkələrdə Amin həmişə özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan olub. Döyüşkəndi, mübarizdi. Daim keyfiyyətlərini üzə çıxara bildiyindən ona maraq olub. 

- Oyun üslubunda xüsusi olaraq nəyi qabartmaq mümkündü? Hansı ki, o özəllik sırf özünəməxsusdu?

- Ən əsas özəlliyi mübariz, döyüşkən olmasıdı. Komanda böyük hesabla geridə olsa belə onun üçün fərq etmir. Daim mübarizə aparır ki, bu da ona stabillik qazandırır. Bütün oyunlarda eyni səviyyədə çıxış edir. Üstəlik, sürəti və cəldliyi həmişə özünü büruzə verir. Qalır texniki və taktiki tərəfləri. Hansı ki, həmişə inkişaf etdirmək mümkündü. Amində də bunlar indiyə qədər inkişaf edib və hazırda inkişaf mərhələsindədi.

- Bəzi müdafiəçilərdə qol vurmaq, bəzilərində asma və ötürmələr etmək, bəzilərində güclü zərbələr və ya texniki xüsusiyyətlər daha güclü olur. Amini bu ketqoriyalardan hansına aid edə bilərik?

- Onun ən böyük üstünlüklərindən biri müdafiədə universallığıdı. Sağ cinah müdafiəçisi olsa da, bizdə uzun müddət müdafiənin mərkəzində oynadı. Komanda çətin vəziyyətə düşərsə və ehtiyac yaranarsa sol cinah müdafiəçisi kimi də çıxış edə bilər. Hücumlara qoşulmaq qabiliyyəti də yaxşıdı. Belə deyim, biri var ki, oyunlara kənardan baxan mütəxəssislər, azarkeşlər fikir bildirir ki. Biri də var ki, uşaq yaşlarından inkişaf edə-edə gəlib. Əslində, Amin böyük futbolda heç də bütün keyfiyyətlərini hələ göstərməyib. Bunları da nəzərə alsaq, gələcəkdə yaradıcı planda özünü daha yaxşı göstərə biləcək. "Yaradıcı plan" deyəndə, hücumlara qoşulmasını nəzərdə tuturam. Amin kimi futbolçun varsa, əmin ola bilərsən ki, daim arxanı dayayacağın bir oyunçun var. 

- Seydiyev eyni zamanda əsas heyət üzvlərindən idi. Yəni, indiki durumda əsas komandaya lazım idi. Onun gedişini "Qəbələ" üçün itki saymaq olar, yoxsa qazanc?

- Məsələyə iki tərəfdən yanaşmaq mümkündü. Təbii ki, əsas komanda üçün itki sayılır. Çünki aparıcı oyunçularımızdan biri idi. Amma digər tərəfdən baxsaq, "Qəbələ"dən gedən hər futbolçu, özündən sonra gələnlərə yol açır. Amin də bunun sayəsində üzə çıxmağı bacarıb. Belə başa düşürəm ki, onun gedişi növbəti aminlərin yolunu açmış olacaq. 

- Hazırkı uşaqların içində gələcəkdə Amin, Bəhlul səviyyəsində ola biləcək namizədlər varmı?

- Deyərdim ki, daha çoxdu. İllər keçdikcə, daha çox uşaq götürüb onlara vaxt ayıra bilmişik. Bu gün onların önü açıldıqca daha çox yetişəcəklər.

- Akademiyanın yetirmələrinə xaricdən maraq varmı? Menecerlərlə çalışırsızmı? Yaxın vaxtlarda hansısa planlarınız var?

- Bütün planlarımızı cari vəziyyətə görə təxirə salmışıq. Hələ bilmirik ki, sərhədlər nə zaman açılacaq. Ona görə də hazırkı çalışmalarımızın hamısını qeyri-müəyyən müddətə təxirə salmışıq. Amma əlbəttə ki, hər zaman çalışmalarımız olub, olacaq da. Bir neçə oyunçumuz ölkə xaricində çıxış etdiyinə görə demək olar ki, yol açılıb. Sadəcə, həmin yolu davam etdirmək qalır.

- Koronavirus dönəmində xaricə gedən futbolçularınız Azərbaycana qayıtmışdı?

- Xeyr, qayıtmamışdılar, ölkə xaricində qalmışdılar. Artıq həmin ölkələrdə çempionatlar başlayıb, uşaqlar meydana çıxır. Məsələn, Fərid oynadı. Samir zədəli olduğundan meydana çıxmamışdı. 

- Ümumiyyətlə, akademiyanın yetirməsi kimi həmin uşaqların gündəlik fəaliyyətini izləyirsiz?

- Əlbəttə, uşaqların gündəlik fəaliyyətlərindən xəbərimiz var. Özləri də əlaqə saxlayıb danışırıq.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR