"Məni pərt etmək üçün..." - Nazim Süleymanov

Bu gün Azərbaycanın məşhur futbolçusu, millimizin sabiq üzvü Nazim Süleymanov 55 yaşını tamamlayır. Ötənlərin məşhur futbolçusunu bu özəl günlə əlaqədar kimlərin təbrik etdiyini, o cümlədən yubileylə bağlı hansı planları olduğunu öyrənmək üçün elə onun özü ilə əlaqə saxladıq. 

Nazim bəy Sport7.az-a müsahibəsində planlardan danışmaqla yanaşı bəzi məqamlara da toxundu. Azərbaycan futbolunun əfsanəsi 50 illik yubileyində Rusiyaya veteranlarla matç keçirməyə gedərkən sərhəddə başlarına gətirilən oyundan da söhbət açdı.

- Nazim bəy təbrik edirik, can sağlığı arzulayırıq. Yubileyinizlə bağlı hansı planlarınız var?

- Çox sağ olun. Tədbir deyəndə, ad gününü nəzərdə tutursuzsa, ailəmlə birlikdə keçirəcəm. Daha sonra dostlarımla da qeyd edərəm, inşallah.

- Təbriklər çoxdumu?

- Bəli, var. Qohumlarımız, dostlarımız, məni tanıyanlar, kimlər təbrik edirsə onlardan çox razıyam. Hamısına təşəkkür edirəm. Təbrik etməyələr də ola bilər. Hamı məni təbrik etməli deyil ki. Hər kəsə dərin təşəkkürümü bildirirəm. Hər zaman xalqımızın əsgərləriyik. Çalışmalıyıq ki, hamı öz sahəsində xalqına xidmət etsin.

- AFFA-dan təbrik edən olub?

- AFFA-dan təbriklər? Xeyr, hələ ki, olmayıb.

- Yəqin, AFFA-dan heç təbrik də gözləmirsiz?

- Gözləmək deyəndə, elə insanlar var ki, ancaq ad günlərində zəng vurur. Elələri də var ki, hər gün görüşürük. Ad günü keçirmək elədi ki, AFFA... 50 yaşımda nə etdilər ki, 55 illiyimdə də keçirələr (gülür)?

- Yeri gəlmişkən, eşitdiyimizə görə, 50 illik yubiley üçün Alaniyaya səfər zamanı AFFA-nın ayırdığı pulda yeyinti olub. Bundan əlavə səfər üçün verilən avtobusun sənədləri qaydasında olmayıb deyə sərhəddə problem yaranıb...

- Gəlin məsələnin maddiyat tərəfini kənara qoyaq. Ancaq təəssüf ki, haqsızlıqlar həmişə olub. 50 illiyimdə səfər edəcəyimiz avtobusa gözəl tərtbat olunmuşdu. Yəni şəkillər nəqliyyatın üzərinə vurulmuşdu. Düşünürdük ki, avtobus səfərə çıxırsa hər şey qaydasında olmalıdı. Amma elə başa düşürəm ki, osetin xalqının qarşısında şəxsən məni pərt etmək istəyirdilər. Avtobusun sənədləri qaydasında deyildi. 

- Belə çıxır, birbaşa AFFA-nın "barmağı" vardı bu işdə?

- Birbaşa AFFA deyəndə, aidiyyatı olan insanlar var. Kiminsə adını çəkib konkretləşdirmək istəmirəm. Çünki həmin insanlar neçə illərdi ki, mübarizə aparırlar. Amma bilmirsən nə üçün mübarizə aparırlar. Nə istəyirlər? Biz xalqa xidmət etmək istəyirik. Təsəvvür edin, Azərbaycanın sərhəddindən keçmişdik. Ancaq Rusiyaya daxil olmaq üçün sənəd lazım idi, bizə icazə verilsin. Dedilər ki, "sərhəddən keçmək üçün sizin Nəqliyyat Nazirliyindən icazə sənədi olmalıdı". Yəni, bu Bakıda hazırlanmış bir iş idi. Şənbə günü idi, nahara az qalmışdı. Bizə dedilər ki, "hörmət edib avtobusu burada saxlayırıq, sənədi gətirin, sonra Rusiyaya buraxılacaqsız". Sənəd olmayacağı təqdirdə həmin avtobusla keçə bilməyəcəkdik. Vladiqafqazda tədbir var idi. Bunlar istəyirdilər ki, həmin tədbir keçirilməsin. Yaxşı ki, dostlarımız var, sağ olsunlar, Nəqliyyat Nazirliyinə zəng vurdular. Avtobusun sənədlərini və şəkillərini göndərdik nazirliyə. Özümüz də getdik nahar etməyə. 6-7 saat gözlədik. Sənədlərimizi hazırladılar və bizə çatdırdılar. Saat 19.00 olardı, sərhəddi keçdik. Bilirsiz, deyir, "Allah açdığı qapını heç kim bağlaya bilməz". İnsanlar məni pərt etmək üçün istədilər ki, avtobus tədbirə yetişməsin. İstəyirdik ki, hər şey yaxşı olsun. Amma təəssüf ki, müəyyən insanlar bunu istəmədi. Allaha şükür, sənədləri hazırladılar, taksi ilə bizə çatdırdılar. Dağıstan sərhəddində gözlədik, istirahətimizi etdik. Daha sonra tədbirə yollandıq. Gecə saatlarında planlaşdırdığımız yerə çatdıq, səhər durub tədbirə hazırlaşdıq. Stadionda oyun hazırlıqları görüldü. Bizimlə birgə ora gedən veteranlara bir daha dərin təşəkkürümü bildirirəm. Tədbirimiz başa çatandan sonra, bir neçə nəfər dedi ki, "dərhal qayıdaq". Təklif etdik ki, tədbir yeni qurtarıb, dincələk, səhər qayıdarıq. Ancaq razı olmadılar. Bunu başa düşə bilmədim. Bütün bunlara baxmayaraq tədbir baş tutdu. Şimali Osetiyanın rəhbərliyinə, orada əməyi olan insanların hamısına təşəkkür etdim. Yəni, 50 illiyimizi keçirməyiblərsə, 55 illik yubileyimdə nəsə təşkil edərlər? Cılızlıq, acizlikdi. O sənəd olmadan avtobusu heç vaxt buraxmazdılar. Səhv etmirəmsə həmin sənədin dəyəri, 100 manat idi. Sağ olsunlar, onu da dostlarımız həll etdilər. Beləcə başımıza oyun gətirdilər. İstədilər ki, üzərində həmin tərtibat olan avtobusla tədbirə yetişməyək. Sənədi ala bilməsəydik, yəqin ki, oyuna çatmaq üçün taksi ilə getməli olacaqdıq ki, insanları pərt etməyək. Ancaq avtobus qalacaqdı. Dostlarımız sayəsində hər şey qaydasına düşdü. Həmkarlarınız da bunları gördü. Əslində çox xırdalıqlar var ki, danışmaq istəmirəm. Sadəcə, məqsədimiz o idi ki, gedib ad günü keçirək və Azərbaycanla Rusiya, yaxud osetinlərlə əlaqələri əlqələri daha da möhkəmləndirək. Bu pisdi? Bakıda da oyun keçirilməli idi, amma baş tutmadı. O məsələ elə söz olaraq qaldı. İndi heç ehtiyac da yoxdu. Zaman hər şeyi öz yerinə qoyur. Cəmiyyət də nəyin necə olduğunu yaxşı bilir. Görünən kəndə bələdçi lazım deyil. 

- Sabiq komandanız "Alaniya"dan təbriklər almısızmı? Rusiya klubundan veteranlar arasında yoldaşlıq matçı təklifi olub?

- Tədbir, yəqin ki, gözlənilir. Danışıqlar olub. Amma istəmirəm bu haqda tam açıqlama verim. Düzdü Azərbaycanda mümkündü, amma Rusiyada heç kim buna problem yarada bilməz. Həmin vaxt Bakıdan Vladiqafqaza gedən həmkarlarınız vəziyyəti, hansı problemlər yaradıldığını gördülər. Özləri də bu haqda dəfələrlə mətbuatda yazıblar. Mən azərbaycanlı olaraq işimi, vətənimə borclu olduğumu sübut edirəm. Başqa nə edə bilərəm ki? Baxmayaraq ki, burada mənə yubiley matçı təşkil edilməsi üçün imkan olmadığını dedilər. Vladiqafqazda isə bunu etdilər. Sadəcə, qərarları kimlər verirdisə, onlar da istəmirdi. Ona görə də incimədim, belə fikrim də yoxdu. Dünəndən zənglərin ardı-arası kəsilmir. Nəsə gözlənilir deyəndə, hamısını zamana buraxaq. Şeytandan xeyir görən, Allahdann bəla görər. Ona görə də Allaha sığınırıq. 

- Prezidentə müraciətlə bağlı məsələ nə yerdə qaldı?

- Məktub göndərmişik, çatıb və cavab gəlib. Yəqin ki, ətraflı cavab olacaq. Bilirsiz ki, cənab prezidentin əsgərləriyik. Çalışmalıyıq ki, Azərbaycan futbolunda irəliləyiş olsun. Prezident gəlib futbolla məşğul olmamalıdı ki. O ölkənin daxili və xarici siyasəti ilə məşğuldu. Gördüz ki, Paşinyanı da necə mat etdi. Ona görə də hər kəs öz sahəsində çalışmalıdı və ən yaxşısını etməlidi ki, Azərbaycan çiçəklənsin. Biz də futbolumuza xidmət etməliyik.

- Məktubda nələri qeyd etmisiz, hansı istəkləriniz, tələbləriniz var?

- Məktubun məzmununu mətbuatda dərc etmişdik. Əsas məqsədlərimiz Azərbaycan futbolunun durumu ilə bağlıdı. İstəyirik ki, Bakı deyil, Azərbaycan çempionatı keçirilsin. Həmkarlar Təşkilatı yaratdıq ki, futbolda çalışan insanların haqq və hüquqlarını qoruyaq. Başqa yenilik gətirmirik ki. Həmkarlar təşkilatı bilirsiz ki, ulu öndərimizin imzaladığı qanundu.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR