Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə  görüşləri davam etdirirlər.

Sport7.az xəbər verir ki, növbəti belə görüş millət vəkilləri ilə keçirilib. Təşkilatın nümayəndələri Milli Məclisin üzvləri Fazil Mustafa və Aqil Abbasla görüşüblər Bu barədə məlumatı təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov bildirib ki, təşkilatın tanıdılması, məram və məqsədi ilə bağlı məlumat vermək üçün millət vəkilləri ilə bir araya gəliblər:

"Həm Aqil Abbas, həm də Fazil Mustafa futbol azarkeşləri sayılırlar. Onlar Azərbaycan futbolunun durumuna heç vaxt biganə qalmayıblar. Stadionlara gəliblər, komandalarımıza dəstək olublar, futbolumuzun problemlərini qaldırıblar, fikirlərini bildiriblər, müzakirələrə qoşulublar. Bu millət vəkillərimiz futbolla bağlı müzakirələrdə həmişə fəal olublar”.

Nazim bəy bildirib ki, millət vəkilləri ilə müzakirə olduqca səmərəli alınıb:

"Demək olar ki, futbol təsərrüfatı ilə bağlı bütün məsələlər ətrafında fikir mübadiləmiz oldu. Millət vəkillərinin futbolumuzun problemləri, onların həlli yolları barədəki fikirlərini dinlədik”.

Süleymanov deyib ki, millət vəkilləri Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasını da alqışlayıblar:

"Hörmətli millət vəkilləri Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasının vacib olduğunu bildirdilər. Onlar bu yöndə bizə istənilən məsləhət və dəstəyi verməyə hazır olduqlarını da vurğuladılar”.

Süleymanovun dediyinə görə, təşkilatın futbol ictimaiyyəti ilə görüşləri bundan sonra da davam edəcək:

"Hələ bir neçə görüş də planlaşdırmışıq. Bu görüşlərdən sonra isə təşkilatın təsis konfransını keçirməyi planlaşdırırıq. Fürsətdən istifadə edib Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının görüşlərini işıqlandıran mətbuat orqanlarına – qəzet və saytlara təşəkkürümü çatdırıram”.

Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri Gəncə, Masallı, Buzovna, İmişli və Lənkəranda görüşlər keçiriblər.  
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR