Nazim Süleymanov

Nazim Süleymanov "Spartak" stadionunda poker etdi - FOTO

Xəbər verdiyimiz kimi, dünən Vladiqafqazın "Spartak" stadionunda 19 yaşadək millimizin baş məşqçisi Nazim Süleymanovun 50 illik yubileyi ilə əlaqədar olaraq "Alaniya" və "Neftçi" komandalarının veteranları arasında dostluq görüşü keçirilib.

Sport7.az saytının Şimali Osetiya Respublikasına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, təxminən 5 min tamaşaçının izlədiyi matçda Süleymanov ilk hissədə "Alaniya", fasilədən sonra isə "Neftçi" veteranlarının heyətində meydana çıxıb.

O, hər 2 komandanın heyətində "50" nömrəli futbolka ilə mübarizə aparıb. İlk hissəsi 3:3 hesabı ilə başa çatan görüş dostluq matçının xarakterinə uyğun olaraq 7:7 hesabı ilə başa çatıb. Yubilyar "Alaniya"da 1, "Neftçi"nin heyətində isə 3 qol vurub. Bu matçda Şimali Osetiya Respublikasının Gənclər, Bədən Tərbiyəsi və İdman üzrə naziri, 2004-cü il Olimpiadasında yunan-Roma güləşi üzrə çempion Həsən Baroyev də fasilədən sonra meydana girib. Nazir dublla yadda qalıb.

Final fitindən sonra isə Süleymanov stadion önündə ürək sözlərini mikrofonla tamaşaçılara çatdırıb. Belə bir cavab oyununun Bakıda da keçirilməsi gözlənilir. Böyük ehtimalla, bu, Avropa Oyunlarından sonra gerçəkləşəcək.

Qeyd edək ki, Nazim Süleymanov 1983-1990-cı illərdə "Neftçi"də çıxış edib. Bakı klubunda 177 oyuna 27 qol vuran Süleymanov 1991-1996-cı illərdə "Alaniya"da oynayıb. 1995-ci ildə Rusiya çempionu, 1992 və 1996-cı illərdə həmin ölkənin gümüş mükafatçısı olan hücumçu 142 oyuna vurduğu 60 qolla "Alaniya"nın tarixinə ən çox qol vurmuş futbolçu kimi düşüb.

Sonda bu oyun haqda "Rossiya1" telekanalının hazırladığı linki təqdim edirik: alaniatv.ru/upload/files/Theme/news/201505/25/alania.mp4.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR