"Neftçi" ilə azarkeşləri arasında "soyuq müharibə" - Dabo da tərbiyəsizlik etdi (FOTOLAR)

"Neftçi" ilə azarkeşləri arasında "soyuq müharibə" davam edir. Hətta məsələ daha ciddi müstəviyə doğru istiqamət almaqdadı. Məlum olduğu kimi, "Bney Yehuda"ya məğlubiyyətdən və komandanın avrokuboklarda mübarizəni dayandırmasından sonra "Neftçi"nin azarkeşləri narazılıq etmişdi. Bu Premyer Liqanın ilk turunda baş tutan "Sabah"la oyunda da özünü aşkar büruzə verdi. Belə ki, azarkeşlər "istefa" şüarları səsləndirərək, baş məşqçi Roberto Bordin, idman direktoru Ceyhun Sultanov və klub prezidenti Kamran Quliyevdən yarıtmaz işlərinə görə "Neftçi"dən ayrılmasını tələb etdilər. Ancaq klub rəhbərliyi azarkeşlərin könlünü almaq əvəzinə, daha sərt tədbirlərə əl atdı. Əvvəlcə "Sabah"la qarşılaşmada "istefa" qışqıran azarkeşləri polislər vasitəsilə tribunadan uzaqlaşdırdılar və ikinci hissədə qapıları bağlayaraq onları içəri buraxmadılar. 

Ardınca oyunsonrası mətbuat konfransında Bordin "Onlar əsl "Neftçi” azarkeşləri deyildilər. Əsl "Neftçi” azarkeşləri ilk dəqiqədən sonadək bizi dəstəkləyənlər idilər. Məncə, kənardan "istefa” qışqıranlar öyrədilmiş insanlar idi" deyərək "odun üzərinə benzin tökdü". İşindən narazı qalanların tənqidinə dözməyib, onlara bu şəkildə cavab verən italyan mütəxəssis bu açıqlaması ilə "Neftçi"sevərlərin gözündən düşdü. Ancaq hər şey bunlarla bitmədi. Oyundan sonra komandanın üzvü Kiril Petrov da azarkeşlərə xoşagəlməz cavab verdi. Ukraynalı müdafiəçi jurnalistlərə açıqlamasında "Sadiq və əsl azarkeşlər belə ifadələrə yol verməz. Əsl azarkeş komandanı hər zaman dəstəkləyir. Oyun başlayan kimi kimisə istefaya səsləmək ağılsızlıqdır. Avropa Liqasında 10 min, indi isə 500 azarkeş gəlir. Mən o adamları azarkeş adlandırmazdım" ifadələrini işlətməklə fanat ordusunun nifrətini qazandı. 

Bu yaxınlarda isə komandanın "Qəbələ"dən transfer olunmuş forvardı Baqali Dabo və onun xanımı öz açıqlaması ilə azarkeşlərin düşməninə çevrilib. Məsələ burasındadı ki, "Neftçi"nin "feysbuk"dakı fanat səhifəsi olan "Neftçi fan page" hücumçunu tənqid edib. Səhifənin rəhbəri "Mənə tez-tez yazırsınız ki, "Admin bəs deyirdin Dabonun zədəsi 3-5 günlükdür, 35 gündür adam yoxdur. Əslində Dabonun zədəsi "Speranta" ilə cavab matçından sonra sağalıb. Amma...... İşim bir əmması var. Bu adam oyunçu kimi yaxşı oyunçu olsa da, insan kimi çox məsuliyyətsiz, çox laqeyd insandır. Aylıq "Neftçi"dən 42 500 manat maaş alır. Üstəlik bonusları da gələk üstünə təxminən 50-55 min manat. Bu ölkədə bunun 100 qat aşağısına işləyən insanlar var. Orta məktəb müəllimi bu maaşı 100 aya qazanır. Hələ üstəlik xanımı da narazılıq edir ki, "ötən mövsüm bu komandada ən çox qol vuran kim olub? Bu dəfə yerimizi başqasına verək, heçnə olmaz" yazır. Baqali Dabo özünü məşqlərdə yuxarıdan aparır, sözün həqiqi mənasında "şişib". Məşqlərə etinasız yanaşır, məşqçi və rəhbərliyin qərarlarına etiraz edir. Buna görə də Roberto Bordin dünən onu son anda siyahıdan sildi atdı. Hər nə qədər Bordinin işini bəyənməsəm də, bu məsələdə tam baş məşqçiyə haqq qazandıram. Yox sən get istirahət vaxtı dizini zədələ gəl, sonra "saçokluq" elə indidə çıx ki, mən məşq etmirəm, oynamalıyam. Çox güman rəhbərlik tərəfindən əvəzedici heyətə göndəriləcək Dabo. Ya da etdiyi tərbiyəsizlik üçün üzr istəməlidir" sözləri ilə futbolçunun özünü yuxarıdan apardığını, məşqlərə məsuliyyətsiz yanaşdığını, qəraralara məhəl qoymadığını söyləyib. 

Dabo isə üzr istəmək əvəzinə, fransız dilində "Neftçi" azarkeşlərini təhqir edib. O öz "instaqram" hesabında əvvəlcə fanatların səhifəsinin şəklini yerləşdirib üzərinə ingiliscə "shit fan page" (etik qaydalara uyğun olmadığı üçün tərcüməsini vermirik) yazıb. Ancaq ürəyi soyumayan hücumçu ardınca azarkeşlərin tənqidinə təhqirlə cavab verib: "Şərhlərinizi arxanıza soxun, sözlərim sizə xoş deyilsə, fransızca daha çox yazım, tərcümə edərsiniz”. Üstəlik Premyer Liqanın ilk turunda "Sabah”la oyundan öncə meydana çıxmayacağını öyrənən 31 yaşlı hücumçu, baş məşqçi Roberto Bordinin qərarına əsbələşib, hirsli şəkildə reaksiya vermişdi. 

"Neftçi"nin sözügedən fanat səhifəsi isə futbolçunun bu tərbiyəsizliyi barədə klubun mətbuat və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyevə bildirib. Rüstəm bəy də bu hərəkətlə bağlı klubun idman departamentinə və rəhbərliyə məlumat verildiyini söyləyib. 

Beləcə klubla azarkeşlər arasında söyüşlü, təhqirli narazılıqlar davam edir. "Neftçi" qısa müddətdə oyununu düzəldib, özünü toparlayıb normal şəkildə davam etməsə, bu narazılıqların daha da sərtləşəcəyi, "istefa" şüarlarının artacağı qaçılmazdı. Hər halda fanat da komandasının yaxşı futbol sərgiləməsini, klubla münasibətlərin pozulmamasını və qələbələr istəyər. Ancaq bunlar baş verməyəcəyi təqdirdə baş verənlərin daha da böyüyəcəyi istisna edilmir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR