“Neftçi”nin çempionluq şansları...

“Neftçi”nin çempionluq şansları...

Amal ABUŞOV

İtalyan mütəxəssis Roberto Bordin "Qarabağ”a uduzandan sonra Tula "Arsenal”ı ilə oyunları xatırlayıb. Lap Alim Qasımovun ifasında sevdiyimiz o məşhur mahnıdakı kimi: "Qalanı xatirədir...”

Görünən odu ki, "Neftçi” bundan sonra hələ uzun müddət həmin o möhtəşəm oyunların xiffətini çəkəcək, xatirələrlə yaşayacaq. Hər bir oyun uduzulandan sonra "Neftçi” Rusiya təmsilçisi "Arsenal”ı orda da, burda da məğlub etdi, mərhələni keçən tərəf oldu. Həmin futbolçulardı, həmin məşqçidi, adamları qınamayın” deyəcəyik. Lap ağsaqqal kişilərin, başaldadan siyasətçilərin dediyi kimi, bütün bunlar hamısı Amerikanın oyunlarıdı. Bir qədər də dərinə getsək, "Neftçi”nin uduzmasında da Amerikanın barmağını tapmaq olar.

Bəli, "Neftçi” "Arsenal”a qarşı əla oynadı, haqlı qələbə qazandı. Həmin qələbələrdən sonra biz "Neftçi”ni Avropa Liqasının qrup mərhələsində görür, Azərbaycan çempionatında qızıl medallara namizəd hesab edirdik. "Qarabağ” erası”nın başa çatdığını düşünənlərin sırası xeyli genişlənmişdi. "Neftçi” kimdən geri qalırdı? "Düdelanj”dan da çox büdcəsi var, ondan da yaxşı legionerlər alıblar. Yəqin ki, Lüksemburq klubunun baş məşqçisi Roberto Bordinin bir aylıq məvacini heç bir mövsümdə qazanmır. Mən hələ Lüksemburqdakı yaşayış səviyyəsiylə, gəlirlərlə Azərbaycandakını müqayisə etmirəm. "Bney Yehuda” ilə Bakıdakı oyun "Neftçi”nin oyun keyfiyyətində, Bordinin məşqçilik bacarığında, oyuna müdaxilə etmək qabiliyyətində elə də böyük dəyişikliklərin baş vermədiyini göstərdi.

"Neftçi”yə könül verən azarkeşlər bəzən çox maraqlı iddialar səsləndirirlər. Onlardan da biri odu ki, Azərbaycan çempionatında mübarizə aparan komandalar "Qarabağ”a bilərəkdən uduzur, "Neftçi”yə qarşı isə var gücləriylə oynayırlar. Bu işdə ən çox da "Səbail”in, "Zirə”nin, "Sumqayıt”ın adı hallanır. Onlar unudurlar ki, futbolda səviyyə fərqi deyilən bir anlayış var. Həmin səviyyə fərqi "Səbail”ə, "Zirə”yə, "Sumqayıt”a "Neftçi”ylə başabaş mübarizə aparmağa imkan verir. Elə "Neftçi”nin II turda "Zirə”yə məğlub olması bunun əyani sübutudu. Həmin qarşılaşmada "Zirə”nin futbolçuları fövqaladə nəsə göstərmədilər. Sadəcə, "Neftçi”nin dağınıq vəziyyətindən yararlandılar, ələ düşən imkanı dəyərləndirdilər. "Sumqayıt”la oyundakı 3 xalın çətinliklə, qalmaqalların müşayəti ilə qazanılması, "Sabah”la qarşılaşmadakı "əzmkar heç-heçə" bunun göstəricisidi. Məsələ ondadı ki, "Qarabağ”a uduzan təkcə həmin o ittiham olunan komandalar deyil. "Neftçi”nin özü də "Qarabağ”la oyunda məğlubiyyəti qəbul etməli olur. Tutaq ki, "Səbail, yaxud "Zirə” "Qarabağ”a könüllü təslim olmuşdu. Bəs "Neftçi” nə üçün bu komandaya uduzdu?!

Premyer Liqanın cəmi 4 turu arxada qalıb. "Qarabağ”la "Neftçi” arasındakı xal fərqi artıq səkkizə bərabərdi. Bu gedişlə nəinki çempionluq, gümüş medallar belə "Neftçi” üçün əlçatmaz olacaq. "Ağ-qaralar”  çoxdandı belə dağınıq, köməksiz və aciz duruma düşməmişdilər. Görünən odu ki, vəziyyət getdikcə pisləşir, komanda daxilindəki problemlər qəlizləşir. Məşhur təmsildə deyildiyi kimi, indi "Neftçi”ni hər bir tərəfə dartır: rəhbərlik, futbolçular və Bordin. Hər birinin öz maraqları var və o maraqların təmin edilməsiylə məşğuldular.

"Neftçi”nin çempionluq şanslarından yazmağı, o şansları dəyərləndirməyi çox istəyərdim. Amma o şanslar heç olana da bənzəmir. Qatar artıq gedib, zaman keçdikcə də daha da uzaqlaşır. Təəssüf ki, o gedən qatar "Neftçi”nin problemlərini özüylə aparmır...
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR