"Neftçi"nin oyunlarında hakim yardımı görəndən sonra..." - MÜSAHİBƏ

Futboldan kənar sahələrdə çalışan tanınmış şəxslərlə müsahibələrimiz davam edir.

Bu dəfə jurnalist Məhəmməd Türkmən futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.

- Futbolla nə vaxtdan maraqlanırsınız?
- Mən futbolu sevən biri olmamışam. Hə, uşaqlıqda oynayırdıq. Amma televizor qarşısında baxmaq mənlik deyildi. Səbrim çatmırdı. Ürəyim sıxılırdı. Amma o final matçına təsadüfi baxmağımla hər şey dəyişdi. UEFA finalı, "Qalatasaray" - "Arsenal"... Bu oyun həm mənə futbolu sevdirdi, həm də "Qalatasaray" azarkeşi etdi. O gün məni futbola bağladı, 19 ildir artıq.

- Qatı azarkeşsiniz? Siz də "Fənərbağça" və "Beşiktaş" azarkeşləri ilə polemikalara girişirsiniz? (gülür)...
- "Qalatasaray"a sataşdığı üçün adam döymüşlüyüm var. Amma illər öncə olub, daha gənc, çılğın, beynimin qanlı vaxtlarında. İndi ağlı başında adamam, futbola görə kimləsə fiziki davaya keçmərəm. Elə azarkeşlər var ki, həyatı boyunca söymədiyi söyüşü oyuna baxan zaman söyür, qarşı komanda azarkeşinə sataşır. Buna görə də, derbi oyunlarında kimsə öz "əxlaqını" təqdim etməsin deyə, oyuna ya xüsusi kabinetdə, ya da evdə baxıram.

Söz dalaşımız olur. "Fənərbağça"lı iş yoldaşım var. Sözün hər bir mənasında həqiqi "Fənərli"dir. Qatığın ağ olması komandasına sərf etmirsə o, həmin qatığın qara olduğunu isbat etməyə çalışacaq. Bu qədər yəni. Onunla mübahisə etmək xoşuma gəlir, çünki qıcıqlanır. (gülür)...
 

 
Mən ədalətli olduğumu düşünürəm. Öz komandam da olsa, fərqli klub da olsa bu, dəyişmir. Ədalətli olmaq lazımdır. Azarkeşlik əslində insanın içində gizlətdiyi hissləri ortaya çıxarır. Ədalətlidir, yoxsa nəyəsə görə yalan danışa, haqsızı müdafiə edərmi? Bunlar bəlli olur. Normal həyatda cəmiyyətə qarşı ədalətsiz olan, pula görə yalan danışan, hansısa maraqlara görə haqsızı, güclünü müdafiə edənlərin azarkeşliyi də ondan artıq olmur. Elə adamlar tanıyıram ki, onların da "Qalatasaray" azarkeşi olması mənə pis təsir edir.

"Qalatasaray" məğlub olanda səhərə qədər yatmıram. Bir neçə gün kefim olmur. Maddi xərclərim, oyuna baxmaq üçün nələrdən vaz keçdiyimi demirəm heç. 10 mindən çox üzvü olan "Galatasaraylılar" qrupunun adminlərindən biriyəm. Orada da böyük bir ailəmiz var. Sözümüzü orada deyib, şikayətlənib, deyinib, sevinib dağılışırıq. Qısası, futbola tum çırtlayaraq baxmaq, məğlub olanda kürəyini çevirib getmək, qalib gələndə hamıdan önə düşmək azarkeşlik deyil.

- Yeri gəlmişkən, srağagün "Fənərbağça" - "Qalatasaray" (1:1) oyunu oldu derbi oldu. Artıq 20 ildir ki, "Qalasataray" Kadıköydə "Fənərbağça"ya qalib gələ bilmir. Hər halda bu günlərdə əhvalınız pisdir...
- Əhvalım yoxdur, bəli. Oyunda hakim həddən artıq ədalətsiz qərarlar verdi, bunu azarkeş kimi tək mən demirəm, bütün türk futbol şərhçiləri deyir. İçlərində qatı "Fənərbağça" azarkeşləri də var. Qapımızda gördüyümüz qoldan öncə 2 foul var, hakim ikinci, qolun yaranma səbəbi olanı görmür, VAR-a getmir, qolu hesaba alır. Bu hakim də ilk dəfə derbi idarə edir. Biabırçılıqdır. Öz ölkəmizdə futbol məhv edilib. Bir az Türkiyə futboluna baxırıq. Orada da futbola siyasət qarışıb. Ərdoğan bir klub yaradıb, ona maddi dəstək verilir. Bahalı oyunçular alınır, yüksək maaşlar verilir. Klubun bir otağa sığacaq qədər azarkeşi yoxdur. Hakimlər maksimum dəstək verirlər. Əgər "Başakşəhər"dən xal ala biləcək klub varsa, həmin komada "Başak"la oyundan öncə oynadığı oyunda əzdirilir. Əsas oyunçularına qırmızı vərəqələr verilir, məğlub edilir. Sarı vərəqə sərhədində olan oyunçu heç nə olmasa da sarı alır və "Başak"la oyuna çıxa bilmir.
 
Srağagünkü oyunu da buna bağlayıram. "Qalatasaray" hə, super oynamadı, rəqib 10 nəfərdir, ikinci liqaya düşməmək üçün mübarizə aparır, rahat şəkildə udmalı idi. Amma bu, hakimin oyuna birbaşa təsirini kölgədə qoya bilməz. "Beşiktaş" TFF-nin planlarını pozmuşdu. "Başakşəhər"i udaraq "Qalatasaray"a çempionluq yolunda cığır yaratmışdı. Dərhal plan işə düşməli idi. "Qalatasaray" qalib gəlsə, çempion olmaması üçün heç nə əngəl ola bilməyəcəkdi. Çünki tarix də göstərir ki, "Qalatasaray" belə yarışları sevir, kubok varsa finalları uduzmur. Ona görə də, srağagün nəticə 1:1 oldu. Mən mövsümün sonuna qədər Türkiyə futbolunu izləməmə qərarı almışam. Ədalətsizliklərə dözmək olmur. "Başakşəhər"i çempion etsinlər, AKP-li üzvləri yığıb azarkeş kimi sevindirsinlər, iş bitsin, sakitləşsinlər.

- Yuxarı qeyd etdiniz ki, ölkəmizdə futbol məhv edilib. Bu haqda da fikirləriniz maraqlıdı...
- "Qalatasaray" Bakıda kimlə oynasa mən "Qalatasaray" formamı geyinib, komandamı dəstəkləyərəm. Bunun səbəbi, günahkarı AFFA-dır. Liqanı bərbad hala salıblar. Biz uşaq vaxtlarımızda məhəllələr arasında çempionat keçirirdik. Onda belə daha çox komanda var idi, nəinki bizim peşəkar liqamızda... Tapşırıqla heyət qurmaq, "Filankəs oynasın" sözləri, pul yeyintiləri... Dövlət idmanın bütün sahələrinə dəstək olur, pul ayırır, amma futbol inkişaf etmir. Deməli bu işi bacarmayan şəxslər futbola rəhbərlik edirlər, onları dəyişmək lazımdır.
 
Azərbaycanda xırda qələbədən sevinən, sevinc göz yaşı tökən minlərlə azarkeş var, onların duyğuları ilə oynamaq olmaz. Şərt o deyil ki, milyonluq stadion tikəsən, şərt odur ki, məktəb stadionundan milyonluq oyunçu yetişdirə biləsən. Bunu bacaranda futbolumuz olacaq, biz də azarkeşlik edəcəyik. Bizim idmanda uğurlarımız 90 faiz fərdidir. Fərdi yarışlarda çox üstünük, amma komanda olaraq heç nə edə bilmirik. Deyəsən biz cəmiyyətdə olduğu kimi, idmanda da bir ola bilmirik. Komanda şəklində voleybolda yaxşıyıq, orada da oynayanların böyük hissəsi ya rusdur, ya da ukraynalı... "Qarabağ" bizi arada sevindirir, onlardan da çox şey tələb etmək olmaz. Əllərindən gələni edirlər.

- İllər öncə Azərbaycan çempionatında daha çox komanda vardı. Həmin vaxtlarda çempionatı izləyirdiniz, azarkeşlik etdiyiniz komanda vardı?
- Azarkeş olduğumu deyə bilmrəm. Sadəcə "Qarabağ" xüsusi simpatiyam var. O da adı ilə bağlıdır. Klubların sayı çox olanda da danışılmış oyunlar olurdu. Hakimlər göz görə-görə, qəsdən səhv qərarlar verirdilər. Əvvəllər "Neftçi"nin oyunlarına çox baxırdım. Onlara da hakim yardımı görəndən sonra izləməmək qərarı verdim. Biz futbol cəhətdən çox geridəyik. Adicə şərhçilərimizə baxaq, biabırçılqıdır. Efirdə danışa bilmirlər. Ləhcə, qabarıq "ç"lar və s. Yazarlarımızın çoxunun evində "İdman Azərbaycan" və "CBC Sport"dan başqa idman kanalı yoxdur. Oyundan sonra onu normal şərh edə bilmirlər. Gözəl qızları efirə yığmaqla iş bitmir. Oyunların çəkilliş keyfiyyəti, şərh olunması və s. Biz çox geridəyik, həddən artıq çox...
 


- Bəs yazılı idman mətbuatını izləyirsiniz? Məsələn, nələri bəyənmirsiniz, və ya "qələmini" bəyəndiyiniz idman yazarı varmı?
- İzləyirəm. Daimi oxuduğum, rəhbəri olduğum saytda istinadla xəbərləri gedən bir neçə sayt var. Məsələn, mən həm də veb-dizayn işi gördüyüm üçün dizayn cəhətdən də bəyəndiyim "goal.az" saytıdır. "Futbol+" qəzetini imkan tapdıqca oxuyuram. Saytlarını daimi izləyirəm. Hazırda onlara qarşı da ədalətsizlik var. Yazar olaraq heç kimin adını çəkmək istəmirəm. Çoxu ilə dostam və heç kimin inciməsini istəmirəm, (gülür)...

Bəyənmədəyim iki şey var. Birincisi saytların dizaynı çox pisdir, ikincisi idman mətbuatının maddi sıxıntıları. Nəyə görə idman jurnalisti 200-300 manat maaşla işləməlidir? Hansı səbəb görə, idman mediasında olan şəxslər ikinci iş tapmalı, oradan qazandığı ilə dolanmalıdır? Bu sahəyə ciddi yanaşılmır.

- Bunun səbəblərindən biri kimi də, reklam məsələsini qeyd etmək olar. Məsələn, digər saytlarda çox yerden reklam olur. Ancaq idman mətbuatının ümidi bir neçə futbol klubundan verilən reklam qalır. Belə olan halda da acınacaqlı mənzərə yaranır...
- Təbii ki. Digər mətbuat orqanları da reklamdan bol deyil, nisbətən yaxşıdır. Həm də idman mətbuatını oxuyan az olur. Bunun da reklama təsiri var. Klublar da saytlara reklam verəndə sayt o klubu tənqid edə bilmir və ya nələrisə yaza bilmir. Bu zaman da sayta maraq azalır. Ümumiyyətlə, ölkədə ciddi reklam bazarı yoxdur. Ya tapşırıqla, ya tanışlıqla, ya da məcburi reklam verilir.

- Bunlar çox uzun, dərin, hətta gücümüz çata biləcək problemlər deyil... Elə ən yaxşısı qayıdaq futbola... Millimizin oyunlarını izləyirsiniz? Məsələn, yeni baş məşqçimiz Nikola Yurçeviçin rəhbərliyi altında iki oyun keçirtdik. Həmişəki kimi uğursuzluq yaşadıq. Gəldiyi uzun müddət olmasa Nikola bəy artıq rejimə də uyunlaşıb. Aprelin 1-dən Bakıdan gedəndi, nə çempionatı izləmir, nə də futbolçu seçmir... (gülür)...
- Azərbaycana belələri ərəb ölkələri, Çin kimi baxırlar. Pul yeməyə, qəlyan çəkməyə gəlirlər. Bizdə də buna uyğun şərait var. Millinin baş məşqçisini dəyişməklə iş bitmir. Ümumiyyətlə bu lazım deyil. Futbola restart vermək lazımdır. Yenisi gəlib futbolçu tapacaq? O futbolçunu yetişdirmək lazımdır. Yenə başa qayıdırıq, futbolu idarə edənləri dəyişmək mütləqdir. Futbolçularımız bir az yaxşı oynayan kimi pul, ev, maşın verib qudurduruq, o da istədiyinə çatır, gedib market açır, oynamır.
 
Peşəkarlığın nə olduğunu aşağı yaşlardan öyrətmək lazımdır. Kristiano Ronaldoya baxın, adamın 34 yaşı var, nələr əldə edib, mükafatlar, çempionluqlar, milyonlar... Amma adam peşəkarlıq nümunəsidir. Bizdə onun qazandıqlarının 10 faizini qazanan olsa çoxdan futbolu tərk edib, qarın çıxarmışdı. Ronaldo demişkən, bir iradımı da bildirim. Bəzi idman saytları onun adını Kriştiano Ronaldu yazır. Rus kanallarına az baxsınlar, onun adı Kristiano Ronaldodur. "Fənərbağça"nı da "Fənərbaxça" kimi yazırlar. (gülür)..

- "Fənərbağça" demişkən. Bildiyim qədəri ilə həyat yoldaşınız Könül xanım da "fənər"lidir. İzniniz olarsa, onun da fikirlərinə yer vermək istərdim...
- Hə, "fənərli"dir. Amma saxta "fənərli"dir. Heç bir futbolçunu tanımır, oyunlarına baxmır, mənim acığıma "fənərli" olub. Forması var, onu da mən almışam. (gülür)...
 


- Könül xanım, Məhəmməd bəy sizi saxta "fənərli" adlandırır. Ona nə demək istərdiniz?
Könül İbrahim: Uşaq vaxtı əmim oğlu ilə birlikdə futbola baxırdıq, o zaman "fənərbaxça"lı olmağa qərar vermişdim. Düzünü deyim ki, futbola marağım yoxdur. İlk dəfə "Xəzər-Lənkəran”ın oyununu izləmişəm. Bəzən "Qarabağ”ın oyunlarını izləməyə gedirəm. Bir dəfə nişanlı vaxtımız idi, məni "saxta fənərli" adlandırmışdı. Mən də o zaman birlikdə çalışdığım idman yazarı Elsevər Məmmədovdan Türkmənin "fənər"lə bağlı göndərdiyim bütün suallara cavab vermişdim, çaşıb qalmışdı. Sonra bildi ki, ona oyun oynamışıq.
 
Evdə isə həmişə Məhəmməd Türkmənlə futbola görə sözümüz tərs gəlir. Əsla acığa etmirəm. Sadəcə uşaqlıqdan qalan bir seçimdir. Biz "fənər"lilər ürək açıq olur. Özəl günlərin birində Türkmənə "Qalatasaray"şərfi toxutdurmuşdum, sonra o mənə forma aldı. Amma hər yerdə deyir ki, Könülə formanı mən almışam.
Məhəmməd Türkmən: Sən klubunun adını düz yaz əvvəlcə. "Fənərbaxça" yox, "Fənərbağça. (gülür)... Ama düz deyir.
 


- Maraqlıdır, derbini birgə izləyəndə evdə necə atmosfer olur?
Məhəmməd Türkmən: Bir yerdə baxmırıq. Könülün marağı olmur deyə birlikdə baxmaq da maraqlı gəlmir mənə. Evdə baxanda qonaq göndərirəm hamını, tək baxıram. Srağagün də belə oldu. (gülür)... Birlikdə futbola 1-2 dəfə baxmışıq. Onda da 10-15 dəqiqə sonra Könül gedib nəyləsə başını qatıb. Qatı azarkeş deyil.

Könül İbrahim: Qatı azarkeş deyiləm. Amma Türkmənlə futbola baxmaq mümkün deyil. Çox səs-küylü olur. Bir də görürsən evin içində o başa bu başa qaçır qışqırır. Ona görə "Qalatasaray"ın vacib oyunları olanda qızım Nurla evdən çıxıb gedirik. Qulaqlarımıza yazığımız gəlir. (gülür)...
 


- Könül xanım, artıq 20 ildir artıq "Qalatasaray" "Fənərbağça"nı Kadıköydə yenə bilmir. Bununla bağlı atmacalarınız oldumu?
Könül İbrahim: Atmacalarım olmayıb, mən mədəni azarkeşəm. Amma bundan sonra ola bilər... Türkmən 1-ci sinifə gedəndə "Qalatasaray" "Fənərbağça"ya Kadıköydə qalib gəlmişdi. İndi isə gəlib mənə dərs keçir. (gülür)...
Məhəmməd Türkmən: Biz bundan 200 il sonra da orada qələbə qazanmasaq problem deyil. Əsas odur ki, çempion olaq, kuboklar əldə edək. Bizim üçün uğur budur, 15-ci yerdə olub, öz evində 1:1 qaldığı üçün bayram etmək bizə yaraşmaz!

Röya Kərimli
Sport7.az
 







OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR