“Neftçi”nin prezidenti necə olmalıdı?

“Neftçi”nin prezidenti necə olmalıdı?

"Qarabağ”ın "Neftçi”ni əziyyətsiz, tər tökmədən məğlub etməsi çoxları üçün gözlənilməz oldu. Obrazlı desək, "Qarabağ” "xalq komandası”nı Asmir Beqoviç kimi saqqız çeynəyə-çeynəyə uddu. Bununla da Azərbaycan Premyer Liqasının olan-qalan nüfuzuna, çempionluq mübarizəsinə ağır zərbə dəydi.

Düzdü, hələ çempionluq üçün proqnoz vermək çox tezdi. Qarşıda bütöv bir payız, ondan sonra qış və yaz var. Turlar keçəcək, dövrələr oynanılacaq. Amma çoxdan vərdiş etdiyimiz ssenarinin təkrarlanmayacağına çox az adam inanır. Hətta ən sadiq "Neftçi” azarkeşləri belə sevimli komandalarının "Qarabağ”dan zəif olduğunu etiraf edir. Xüsusi nəsə baş verməsə, "Qarabağ” ardıcıl 7-ci çempionluğuna doğru gedən yolda hansısa maneə ilə üzləşməyəcək. "Qarabağ”ın gücü öz yerində. Bəs "Neftçi”yə nə olub?

"Neftçi” zəifləyib. "Ağ-qaralar” indi ötən mövsümdəkindən belə zəif təsir bağışlayır. Özü də bütün bunlar yayda komandaya yeni legionerlərin dəvət edilməsi, büdcənin yaxşılaşdırılması, transferlərə bir ətək pul xərclənməsinin fonunda baş verib. "Neftçi” təkcə meydanda yox, ondan kənarda da zəifdi. Rəhbərliklə futbolçular, futbolçularla məşqçilər, azarkeşlə klub arasında ciddi problemlərin olduğu göz qabağındadı. Vəziyyət o qədər pisdi ki, sadiq azarkeşləri də "Neftçi”nin oyunlarını boykot edib, tribunaların bəzəyinə çevrilən "Forza Neftçi” oyunlara gəlmir. Gələn 3 tək, 5 cüt azarkeş də 90 dəqiqə dayanmadan Kamran Quliyevin, Ceyhun Sultanovun, Roberto Bordinin istefa verməsini, formanın haqqını verə bilməyən futbolçuların komandadan qovulmasını tələb edir. "Qarabağ”la oyunda "Neftçi”nin bu qədər aciz görünməsinin əsl səbəbi elə azarkeşlərin yoxluğu idi.

Dəfələrlə araşdırmağa çalışmışıq. Azarkeşləri danışdırmışıq, klubdan mövqe öyrənmişik. "Buzların” nə vaxt əriyəcəyini deyən yoxdu. Nə fanatlar mövqelərindən geri çəkilir, nə də klub rəhbərliyi onlara doğru addım atır. Yaxşı yadımdadı, "Sumqayıt”la oyundan sonra həmkarlarım  Bordinə azarkeşlərlə bağlı sual verdi. Çalışdırıcıdan soruşdular ki, fanatları dinləmək, onların könlünü almaq üçün hansısa bir görüş keçirilməsini planlayırmı? Cavabı müsbət olmuşdu. Amma fasilə boşa getdi, iki həftə ərzində həmin görüş keçirilmədi. Ondan sonra da kluba sorğu göndərdik, eşitdik ki, ilk imkandaca həmin görüş keçiriləcək. Amma həmin söz elə söz olaraq da qaldı...

Son vaxtlar tez-tez sosial şəbəkələrdə, müxtəlif yazılarda Sadıq Sadıqovun adı xatırlanır. Stajlı azarkeşlər bir ağızdan Sadıqovun "Neftçi”yə qayıtmalı olduğunu deyir, onun rəhbərliyi altında qazanılan uğurların xiffətini çəkirlər. Sadıqovun rəhbərlik etdiyi "Neftçi” azarkeşlərinə belə arxa çevirməzdi, onları klubun bazasına çağırar, yaxud da fanatların görüşünə klub nümayəndələrini göndərərdi. "Neftçi”yə könül verən, tribunadan qaçaq düşən sadiq azarkeşlərin problemləri dinlənilər, çıxış yolu axtarılar, onlara dəyər verərdilər. Amma hazırkı "Neftçi” rəhbərliyi belə etmir. Onlar üçün vacib olan Bordindi, Monrozdu, Dabodu, Krivotsyukdu, Petrovdu. Təkcə azarkeşlərin dəyəri yoxdu. "Adam yoxdusa, problem də yoxdu” prinsipi bu gün "Neftçi”nin oyunlarında tribunaları boş qoyub.

"Neftçi”yə rəhbərlik edənlər bu cür laqeyd olmamalı, sadiq fanatlara arxa çevirməməlidilər. Sadıq Sadıqov olmaq çətindi, məlum məsələdi. Heç olmasa, onun kimi olmağa çalışmaq lazımdı. "Neftçi”nin prezidenti onun kimi olmalıdı. Bacarmasalar, "Neftçi”də uzun müddət duruş gətirə, uğur qazana bilməyəcəklər. Buna əmin olun!

Amal ABUŞOV
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR