"Norviç"in Premyer Liqa yolu: Yeni "cığır", skautinq və almanlarla britaniyalıların qarışığı

91 xalla Çempionşipin zirvəsində qərar tutan "Norviç Siti" İngiltərə Premyer Liqasına vəsiqəni rəsmiləşdirdi. Komandanın meydandakı uğurlarının pərdəarxasında uğurlu idarəetmə modeli durur. 34 yaşlı Styuart Vebber 2017-ci ildən bəri "Norviç Siti"nin idman direktorudu. Onun gəlişindən sonra heyətin komplektləşdirilməsi/skautinq departamenti yenilənib və komanda daxilində vahid fəlsəfə müəyyənləşdirilib. Hazırda "Norviç"in heyəti başda alman futbolçular olmaqla, məhz skautların tapıntılarından və yerli akademiyanın məhsulu olan ingilis gənclərdən təşkil olunub.
 


Skautinq departamentinin başında olan Kiran Skott "Norviç"in ikinci ən məhsuldar futbolçusu - Emiliano Buendiyanı (7 qol, 8 assist) kəşf etmək üçün İspaniyaya, "Kultural Leonesa"nın oyununa gedərkən, həmin gün başqa komandaların skautlarının da orada olacağını düşünürmüş. Ancaq qarşılaşdığı mənzərə tamamilə fərqli olub:

"Eminin statistiki göstəriciləri yüksək idi. Artıq bir neçə dəfə izlənilmişdi, yaş limitinə də uyğun gəlirdi. Onu izləməyə getdik və yekun qərarımızı vermək üçün çox qısa bir müddət yetərli oldu. Cavab "hə" idi.

Öz-özümə düşünürdüm: Görəsən, niyə heç kim onu izləmir?; Niyə Leonda bu matça tamaşa edən tək adam mənəm? Baş aça bilmirdim".

Bəlkə də, cavab "Norviç"in ortalama Çempionşip standartında bir kluba görə skautinq məsələlərində fərqli istiqamət seçməsi ilə əlaqədardı. Tez-tez Skottun rəhbərliyi altındakı komanda baş məşqçi Daniel Farkenin istəklərinə uyğun gələn namizədlərin statistiki datalarını gözdən keçirir. Baş analizçilərdən Mariela Nisotaki isə göstəricilərin altı boş olmamasının önəminə diqqət çəkir: "Kontekst yoxdusa, əldə etdiyin rəqəmlər, statistika heç bir işə yaşamır".

"Norviç"in ən məhsuldar oyunçusu - həm də Çempionşipin bombardiri - Teemu Pukki (28 qol, 10 assist) bənzər axtarışlar nəticəsində "radar"a düşüb.

Alman Daniel Farkenin yetirmələri topa sahib olma və vertikal futbolun qarışığından ibarət ən yaxşı nümunələrdən birini ortaya qoymağa çalışırlar. İdman direktoru Styuart Vebber və komandası isə bu mənada baş məşqçinin işini asanlaşdırırlar:

"Nə axtardığımızı bilirik. Məsələn, "Norviç"in cinah müdafiəçilərinin hansı özəlliklərə sahib olmalı olduğunun fərqindəyik. Şəxsi fikirləri bir kənara atıb, komandaya uyğunluğu ön plana çıxarırıq. Bu sayədə qısa müddət ərzində siyahını azaldıb, istədiklərimizə fokuslana bilirik. Kiməsə görə, hava toplarında yaxşı olan "9 nömrə" hər şeydi, ancaq biz havadan oynamırıq".
 


Yuxarıda qeyd etdiyim kimi, "Norviç" alman futbolçulara böyük önəm verir. Komandanın ümumi heyətində 7 alman oyunçu var, 4 futbolçu isə daha öncə Bundesliqa təcrübəsi yaşayıb. Vebber əvvəlki iş yeri "Haddersfild"də də eyni yanaşmadan istifadə etməyə çalışırdı. Bura məşqçilər də aiddi. Styuartın zamanında "Haddersfild"i David Vaqner çalışdırırdı. İdman direktoru yanaşmasını belə izah edir:

"Məncə, Almaniyadakı məşqçi təlimlərinin bənzəri yoxdu. Avropada ən çətin "Pro" lisenziya kursu oradadı. Həm də liqalar arasında bənzərlik var. Onların ikinci divizionu ilə Çempionşip bir-birinə çox yaxındılar. Ona görə də alman futbolçuların bura uyğunlaşmaq ehtimalı yüksəkdi.

Britaniyalıların və almanların ən yaxşı tərəflərini götürməyin bizə müsbət təsiri olacağını düşünürdüm. Britaniyalı futbolçular meydanın daxilində daha professional olan tərəfdilər: məşqlərdə çox çalışırlar, möhkəmdilər... Alman oyunçular isə meydandan kənarda professionallıqları ilə ön plana çıxırlar. Məsələn, qidalanma, istirahət, bərpa kimi detallara xüsusi diqqət yetirirlər. Belə deyək: onlar daha professional mühitdə böyüyürlər. Düşündüm ki, bu ikisini bir araya gətirsək, əla miks ortaya çıxar".
 


Bu modelin meydandakı təzahürü Premyer Liqaya vəsiqə oldu. Vebber "əsas arena"ya yüksəldikdən sonra belə, yanaşmalarını dəyişmək niyyətində olmadıqlarını deyir:

"Fəlsəfədə bir dəyişiklik olmayacaq, sadəcə, daha böyük resurslara sahib olacağıq. Yəni indi etdiklərimizin keyfiyyət baxımından bir üst səviyyəsini ortaya qoymaq olar.

Klub olaraq Çempionşipə yenidən qayıtmaq kimi bir ehtimalın olduğunu unutmamalıyıq. Demirəm ki, məqsədimiz budu. Sadəcə, Premyer Liqaya vəsiqə qazanılan mövsümdəcə aşağı diviziona qayıtmaq mümkündü. Təbii ki, belə olan halda, yenidən, bu səfər daha da güclü formada geri dönməyə cəhd edərik - bu, öz yerində. Ancaq klubun fəlsəfəsi ilə heç bir əlaqəsi olmayan, pula və Premyer Liqanın adına görə gələn futbolçulara böyük məbləğlər xərcləmək kimi bir niyyətimiz yoxdu".

OXŞAR XƏBƏRLƏR