"Olmayan bir şeydən danışırıq" - Nadir Nəbiyev

Azərbaycanın tanınış veteran futbolçularından olan Nadir Nəbiyev yığmamızın cari tsikldəki çıxışına toxunub.

Millimizin sabiq hücumçusu Sport7.az-a açıqlamasında bunları söyləyib: "Olmayan bir şeydən danışırıq. Oyun, nəticəmiz yoxdu. Deyə bilərik ki, çətin qrupa düşmüşdük. Bununla belə gözləmədiyimiz nəticəni göstərdi. 1 xala, heç kim haqq qazandıra bilməz. Deyə bilərik ki, komanda mübarizə apardı. Ancaq bizə yaxşı oyundan daha çox xal lazım idi ki, onu da qazana bilmədik. Dünən uşaqlar əziyyət çəkdilər, ancaq xal ala bilmirik. Deyiləcək çox şey var, sadəcə, demirik. Yığmamızın qrupu bəlli olanda saytların birinə açıqlama vermişdim və çətin qrupa düşdüyümüzü bildirmişdim. Yəni rəqiblərin gücünə, reytinqinə baxanda, bizə sonuncu yer görünürdü. Ancaq şəxsən 1 xal qazanacağımızı gözləmirdim. Düşünürdüm ki, ən azı 1 qələbə olacaq. Millinin zəif vaxtlarında da olub ki, hər il bir komanda üzərində qələbə qazanırdıq. İndi baş məşqçinin seçimidi, biz ona nəsə deyə bilmirik. Ancaq dünənki heyət şəxsən mənə çatmadı. Ad çəkmək istəmirəm, müəyyən təcrübəli futbolçularımız vardı ki, sonradan meydana daxil olacağını, oynayacağını gözləyirdim. Komanda məğlub olanda müzakirə etmək asanlaşır. Komandanı ürək ağrısı ilə izləyirik. Heç futbolçular da istəmir ki, məğlub olsun. Görünən odu ki, gücümüz budu. Ən azı, Emin Mahmudovun təcrübəsindən yararlanacaqlarını gözləyirdim. Sonradan da meydana çıxıb, komandaya kömək edə bilərdi. Məğlub olanda insan gücsüz görünür. Futbolçular da gücsüz görünürdü. Ardıcıl məğlubiyyətlər, bizim, mətbuatın təzyiqi, ruh düşkünlüyü, bütün bunlar hamısı təsir göstərirdi komandaya. Bəlkə də səhv edirəm. Lakin fikrimcə təkcə Emin deyil, bir neçə digər futbolçu da var ki, komandaya kömək edə bilərdi".

Nadir bəy "Tsikl boyunca ən böyük problemi nədə gördüz? Yığmada hansı dəyişikliklər olmalıdı?" sualına belə cavab verdi: "Bir söz deyim. Hamımız Kosovonu zəif görürdük. Ancaq bu gün 11 xal toplayan Kosovo qrupdan çıxa bilmədiklərinə görə təəssüflənir. Milli çempionatımıza baxaq, 8 komandada yığmaya düşəcək neçə futbolçu oynayır. Kimsə əsas heyətdə oynayır, kimsə yox. Yurçeviç gələndə onun nəticə verəcəyinə dair məndə inamsızlıq vardı. Çünki heç bir yerdə baş məşqçi kimi işləməmişdi. Hamımız deyirik nəticə yoxdu. Ancaq hansı məşqçinin gəlib necə nəticə verəcəyini də bilmək olmaz. Futbolçu qıtlığı var. Komanda sayı çox olarsa, məşqçinin işi asanlaşar. Milli üçün daha geniş seçim olar. Bu bütün aşağı yaş qruplarına da aiddi. Komandaların sayı çox olarsa, uşaqlar da artar. Bölgələrə nəzər salaq? 17-19 yaş harda var? Uşaq futboluna diqqət ayrılmır. İndidən sonra heç olmasa buna hazırlaşmaq lazımdı".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR