"Oğluma demişdim ki, Cerrardın formasını almasan, səni öldürəcəm" - Simon Kyerin "Liverpul" azarkeşi olan atası ilə tanışlıq

Danimarka millisi və "Sevilya"nın müdafiəçisi Simon Kyerin atası Yorn Kyer "Midtyulann" klubunda forma, buts, bir sözlə, bu kimi geyim aksesuarlarına görə məsul şəxsdi. Deyir ki, beş yaşım olandan "Liverpul" azarkeşiyəm. "Midtyulann"dakı ofisinin hər tərəfində "Liverpul" atributlarına - şərf, forma və posterlərə rast gələ bilərsiniz. Qapının üzərində isə "This is Anfield" yazılıb.
 


1996-cı ilə aid "Liverpul" forması var, Yorn onu özü ilə bütün oyunlara aparır - birdən qarşısına "Liverpul"la bağı olan kimsə çıxar və imzalayar deyə. Əvvəllər formanın üzərində cəmi iki şəxsin - Semmi Li və Pepe Reynanın imzası var imiş. Yaxın günlərdə isə say artıb. Bu məsələyə qayıdacam.

Yorn sevimli "Liverpul"unun formalarını ofisindəki paltaryuyan maşınların arxasında saxlayır. Orada istənilən dövrə aid formaya rast gələ bilərsiniz. Bununla belə, siyahını tamamlaya bilməyib:

"Məndə olmayan forma rastıma çıxanda dərhal alıram. Tam olaraq nə qədər xərclədiyimi bilmirəm, amma kolleksiyamda çatışmayan formalar hələ də var".
 


Yorn oğlu - Simonun formalarını da toplayır. Həmin sırada bir forma xüsusi diqqət çəkir. Ən üstdədi, İngiltərə millisinə məxsusdu, 4 nömrəli, arxasında da "Cerrard" yazılıb. 2014-cü ildə İngiltərə və Danimarka arasında oynanılan matçdan sonra Simon Kyer məhz Stivi ilə formasını dəyişib. Daha doğrusu, atası ona seçim şansı tanımayıb:

"Əvvəlcədən demişdim ki, Cerrardın formasını almasan, səni öldürəcəm. Gördüyünüz kimi, mesajım ünvanına çatıb".
 


"Liverpul" formasının arxasında oğlunun adının olması necə? İstəyərdimi?

"Həmişə özümə demişəm ki, belə bir şey, onsuz da, mümkün deyil. Əvvəldən bu barədə düşünməməyə çalışmışam. Artıq Simonun 30 yaşı var. Bundan sonra "Liverpul"da oynaması çətin məsələdi".

Yornun 2005-ci ildəki məşhur İstanbul finalı ilə bağlı da öz xatirəsi var:

"Əslində, oyuna bilet almışdım, sadəcə, təyyarəyə bilet tapa bilmədim, hamısı satılmışdı. Əvəzində, "Liverpul"un qələbəsinə mərc etmişdim və qazandığım pulla sinəmə klubun emblemindəki quşun şəklini və Avropadakı uğurlarımızı əks etdirən ulduzları döydürmüşəm. Baxın, təzəlikcə altıncı ulduzu da əlavə etdirmişəm".

Hə, indi gələk formadakı imzaların sayının artması məsələsinə. "Midtyullan" Avropa Liqasının təsnifat mərhələsinin iştirakçılarındandı. Üçüncü etapda komandanın mümkün rəqibləri sırasında biri xüsusilə diqqət çəkirdi: Stiven Cerrardın baş məşqçi, Qari Makallisterin isə köməkçi məşqçi olduğu "Reyncers". Yorn Kyer deyir ki, siyahını görəndə "Midtyullann" üçün çətin olacağını bilsəm də, Qlazqo təmsilçisinin çıxmasını istəyirdim. Elə də olub.

"Midtyulann" doğma meydanda oynanılan ilk matçda Cerrardın "Reyncers"inə 2:4 hesabı ilə məğlub olsa da, Yorn istəyinə çatıb:

"Oyundan sonra "Reyncers" rəsmiləri bizi içki və məzələrdən ibarət menyuya dəvət etdilər. Stivi bir az gec gəldi. Birlikdə qırmızı şərab içdik və şəkil çəkdirdik. Ona uşaqlıqdan bəri azarkeş olduğumu dedim. Futbol, Qlazqo və futbolçu illəri barədə danışdıq. Çox təvazökar insandı, asanlıqla dil tapmaq olur. Ona çox böyük hörmətim var. Stadionu tərk edəndə avtoqraf istəyən heç kimə "yox" demədi. Cerrard əsl centlmendi. Onunla söhbətləşmək və formamı imzalatdırmaq... - həyatımın ən böyük təcrübələrindən biri idi. Əslində, sinəmdəki tatunu da ona göstərəcəkdim. Sadəcə, otaqda adam çox idi".
 


Cerrardla yanaşı, Makallister də formaya imza atıb. Bu da edir - 4. Ən çox isə Kenni Dalqlişin imzasını arzulayır. Səfər matçının Qlazqoda olması ümidlərini artırır.

"Midtyulann" "Reyncers" qarşısında geridönüş edə bilərmi? Nəticədə Yorn "Liverpul" azarkeşidi, inanır. Alınsa, onun üçün, "Midtyulann"ın 2016-cı ildə Avropa Liqasında "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub etdiyi matça bərabər bir şey olacaq:

"Futbolda möcüzəyə həmişə yer var. "İstanbul möcüzəsi"ni unutmayın".
 


13.08.2019

Qeyd: "Midtyullann" səfərdə də "Reyncers"ə uduzaraq (1:3) Avropa Liqasında mübarizəni dayandırıb.


OXŞAR XƏBƏRLƏR