"Onu qızlarla görəndə ürəyim partlayır" - Xanım azarkeş

Xanım azarkeşlərlə müsahibələrə davam...

Bugünkü həmsöhbətimiz "Qarabağ" azarkeşi Mehin Məmmədovadır. 

- Əvvəlcə səni yaxından tanıyaq...
- Məmmədova Mehin. 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşan. Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin 4-cü kurs tələbəsiyəm. 
 


- Futbola sevgin hardan yarandı?
- Oyunlara həmişə bacımla getmişəm. Sadəcə marağa gedirdim. İçimdə sırf futbol sevgisi deyə bir şey olmayıb. Amma zaman keçdikdə oyunlara getmək əvvəlkindən biraz daha maraqlı gəlməyə başladı. Saysız oyunlara getdiyimə baxmayaraq, özümə azarkeş deməzdim. 

- Bacın haqqında da ətraflı məlumat ver ki, oxucularımız bilsin söhbət kimdən gedir. 
- Unutmuşdum adını deməyi. (gülür)... Çoxları tərəfindən "Qarabağ" və "Liverpul" azarkeşi kimi tanınan Sevinc Məmmədova. 

- Sevinc kimi hər halda sən də "Qarabağ" azarkeşisən? Yoxsa rəqibsiz?
- Mən ona rəqib ola bilmərəm. Öldürər məni. (gülür)... Sırf o, üzülməsin deyə hər zaman "Qarabağ"ın qələbə qazanmasını istəmişəm. Və artıq onun sayəsində mənim də "Qarabağ"a qarşı sevgim var. 
 


- Bu gün futbol sənin üçün nə deməkdir?
- Mən bacım kimi anlam yükləmirəm buna. Bilmirəm necə deyim ki, yaxşı anlaşılsın. Amma mənim üçün futbol sadəcə zamanını maraqlı, yaxşı keçirtmək üçün izlədiyim bir oyundu. (gülür)...

- Bu il də çempionluğu qazandınız. Hisslərin...
- Bu il çempionluq əvvəlki illərdən daha çətin əldə edildi. Hətta çempionluğu əldən verməyin gərginliyi vardı. Bacım evdə nə qədər dua edirdi. Bütün günü o qədər bu movzuda danışırdı ki, təsiri mənə də keçmişdi. 

- Bəs xarici futbolla maraqlanırsan? Sevimli klubun hansıdır?
- Və yenə bacımın sayəsində "Liverpul" klubunu tanıyıram. O, çoxdanın azarkeşi olduğu üçün bu klub haqqında çox şey eşitmişəm. Azarkeşiyəm deməzdim, amma simpatiyam var. 
 


- Yerli və əcnəbi futbolçulardan bəyəndiklərin var?
- Yerli futbolçulardan Cavid Tağıyev, Dani Kintana. Xaricdə çıxış edənlərdən isə İbrahim Şehiç. Bu arada bacım mənə onun formasını da alıb. Sağ olsun. 

- Futbolçularla sosial şəbəkədə və ya canlı ünsiyyətin, dostluğun var?
- Xeyr, heç bir münasibətim yoxdur. 

- Futbolçudan eşq elanı qəbul edərsən?
- Bu eşq elanı sualı maraqlı oldu. Bir o qədər də olmayacaq bir şeydi. Nə bilim, bu heç ağlıma gəlməyib. Belə bir şey olsa, düşünərəm. (gülür)...
 


- "Qarabağ"ın bütün oyunlarına gedirsən, yoxsa arabir? Çox vaxt Sevinc stadiondan digər azarkeş qızlarla fotolar paylaşır. 
- Demək olar ki, oyunların əksəriyyətinə gedirəm. Deplasmanlara belə getmişəm. Düzü, Sevinci bir-iki nəfəri çıxmaq şərtilə qızlarla yaxınlıq etməyə qoymuram. Onun tək getdiyi oyunlardan sonra evdə qan düşür. (gülür)...

- Niyə qoymursan ki, qızlarla yaxınlıq etməyə?
- Çox qısqancam. Onu qızlarla görəndə ürəyim partlayır. 

- Hər halda buna gör aranızda çox mübahisə yaranır...
- O qədər... Küsürəm. Deyirəm filankəsə filan şeyi elədin, mənə niyə etmədin, filankəslə oyuna getdin, məni niyə aparmadın?! (gülür)...
 


- O zaman digər azarkeş qızlarla münasibətin elə də yaxşı deyil?
- Xeyr, iki qız istisnadır. Ama ara-sıra onlara da qısqanıram. Əlimdə deyil. (gülür)...

- İkinız futbola gedəndə evdə söz-söhbət olur?
- Əvvəl bu hallar tez-tez baş verirdi. Amma zamanla buna öyrəşdilər. Artıq rahat-rahat futbola gedib-gəlirik.

- Ola bilərmi ki, səndə futbol sevgisindən çox bacı sevgisi var deyə futbolla maraqlanırsan. Dediklərin bu qənaətə gəldim. Məsələn, sabah biriniz evdən köçəndə, səndə bu futbol marağı keçib gedər?
- Əslində haqlısımız. Məncə də, elə belədi. O, üzülməsin deyə komandasının qalib gəlməsi üçün dua etdiyim olub. Məncə, bu daha çox elə bacıma olan sevgidi. (gülür)...
 
Röya Kərimli
Sport7.az
 







OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR