"Orkestr üçün direktor axtarırdın, onun isə musiqidən heç başı çıxmır" - Ançelottinin "Milan"a transferi barədə


Berluskonidən Ançelottinin transferini xahiş etmişdim: "Karlo gəlsə, biz çempionatın qalibi olacağıq”.

Təkid edirdim. Dizində problem olduğunu bilirdim, amma ona inanırdım. Mənə onun əzmkarlığı lazım idi. Ançelotti heç vaxt darda qoymayan, hamıya nümunə olan əsl professionaldı. "Roma"da onu əvəzolunmaz hesab edirdilər.

Cümə günü gecə yarısı Qalliani mənə zəng edib bildirdi ki, "Roma" ilə anlaşıb. Berluskoni razılıq verəcəyi təqdirdə Ançelotti bizim olacaqdı. "Transfer pəncərəsi" isə şənbə günü gecə saatlarında bağlanacaqdı. Bu, son şans idi. Berluskoni İsveçrədə - Sankt Moritsdə idi. Tez ona zəng elədim:

- Ançelotti mənə lazımdı. O, əla futbolçudu, əsl professionaldı. Üstəlik, özəl insandı, hamı üçün nümunə olan biridi.

- 20% hazır olan futbolçunu niyə transfer etməliyik ki?

- Alın onu, "mister".

- Bir də soruşuram: Bütün qüvvəsi ilə oynamağı bacarmayan biri bizim nəyimizə lazımdı?

- Hardan bu qənaətə gəlmisiniz?

- Onun dizi barədə məlumatım var.

- Ançelottinin dizi məni narahat eləmir. Dizində yox, başında problem olsaydı, özümü narahat hiss edərdim.

 
Onu inandırmağı bacardım və biz Ançelottini heyətimizə qatdıq. Üç-dörd ay keçəndən sonra Berluskoni transferdən narazı idi. Bir dəfə mənə demişdi: "Sən orkestr üçün direktor axtarırdın, onun isə heç musiqidən başı çıxmır".

Bu sözləri Karlonun nəzərinə çatdırdım. Məndən nə etməli olduğumuzu soruşdu. "Fərdi proqram üzrə çalışmalıyıq. Bir az erkən gəl və Primaveranın uşaqları ilə məşq edək”, - deyə cavab verdim.

Ançelottini yarımmüdafiənin mərkəzində, Barezi ilə Qullit arasında oynatmaq üçün transfer etmişdim. Karlo böyük əzmlə çalışırdı. O, inkişaf üçün fədakarlıq etməyə hazır olduğunu nümayiş etdirirdi. Zamanla mənim tələblərimə tam uyğunlaşa bildi. Bütün bunlara gənclərlə əlavə çalışmalarımız hesabına nail olduq.

Həmin mövsüm "Milan" tarixinin 11-ci Skudettosunu qazandı.
 


Mənbə: Arriqo Sakki - "Total futbol" kitabı

Tərcümə: Fuad Şərifov / Daniele Baselli bloqu
 
Yazarı "Facebook"da izlə: bit.ly/2S40691

OXŞAR XƏBƏRLƏR