Orxan Səfərov:

Orxan Səfərov: "Özümə və hamıya söz vermişdim"

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında 66 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Orxan Səfərov "Report"a müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:
 
- İlk Avropa çempionluğu ilə bağlı təəssüratlarınız necədir?

 
- Əvvəllər iki dəfə 60 kq-da çıxış edərkən finaladək yüksəlmiş, lakin hər ikisində də məğlub olaraq, gümüş medalla kifayətlənmişdim. Üçüncü cəhdimdə isə finala çıxdım. Özümə və hamıya söz vermişdim ki, bu dəfə şansımı əldən buraxmayacağam. Sevindiricidir ki, bu, məndə alındı və istəyimə çatdım.
 
- Düşünmürsünüz ki, əvvəllər də 66 kq-da çıxış etsəydiz, çempionluğu daha tez əldə edərdiz?

 
- Qismət belə imiş, bilmək olmur. Çempionluğum indiyə təsadüf etdi. 60 kq-da da bir sıra uğurlarım olub. Karyeramda heç nə üçün peşman deyiləm.
 
- Qələbəni kimə həsr edirsiniz
?
 
- Qələbəmi Azərbaycan xalqına, Ordumuza həsr edirəm. Bir sözlə, qələbəmi ölkəmizin qələbəsinə həsr edirəm.
  
- Mükafatlandırma mərasimində əsgər salamı verdiniz. Bu, həm də yəqin ki, Ordumuzun qələbəsi ilə bağlı idi. Cəbhədəki uğurla bağlı nə deyərdiniz
?
 
- Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə bürünc medal qazanarkən də əsgər salamı verdim. Bu, qalib Ordumuza, əsgərlərimizə dəstək üçün idi. Cəbhədəki qələbə bizi çox qürurlandırdı. Bütün Azərbaycan xalqı kimi biz də çox sevindik. Şəhidlərimizə Allahdan rəhmət, sağ qalan qazilərimizə isə şəfa diləyirəm.
 
- Pandemiya şəraitindəki Avropa çempionatının digərlərindən nə kimi fərqləri oldu?

 
- Qitəmiqyaslı yarış, pandemiyaya baxmayaraq, həmişəki kimi, çətin və ağırlığı ilə yadda qaldı. Biz də əlimizdən gələni edirik ki, uğurlu nəticələr qazanaq.
  
- Əsas rəqibləriniz yarışa qatılmışdı?
 
- Avropadan olan bütün güclü rəqiblərim burada idi. Koronavirusa rəğmən, hamısı gəlmişdi. Bizim daha güclü rəqiblərimiz olan Yaponiya və Cənubi Koreyadan olan idmançılarla qitə çempionatında qarşılaşa bilmirik.
 
- Hansı görüşlərdə çətinlik çəkdiyinizi düşünürsünüz?

 
- İlk görüşdən final qarşılaşmasınadək hamısı çətin idi. Məsuliyyət, həyəcan var idi. Hanısa dueli xüsusi qeyd etmək istəməzdim.
 
- Növbəti hədəfləriniz nədən ibarətdir?
 
- Qızıl medallar qazanmağa, nəticə verməyə davam etmək istəyirəm. Bununla kifayətlənmək olmaz. Nəticələrimizi daha da yaxşılaşdırmağı hədəfləyirik.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR