Para Pauerliftinq üzrə Respublika çempionatının qalibləri bilindi

Para Pauerliftinq üzrə Respublika çempionatının qalibləri bilindi

Bu gün Para Pauerliftinq üzrə Respublika Açıq Çempionatı keçirilib.
 
Sport7.az xəbər verir ki, Zirvə Beynəlxalq İdman Kompleksində baş tutan Çempionatı Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və digər əməkdaşları yarışları izləyiblər. Çempionatda Azərbaycanın müxtəlif regionları ilə yanaşı qonşu Gürcüstandan gələn idmançılar iştirak edib.

Kişilərin yarışında 49-54 kq çəki dərəcəsində ilk yerə 155 kq çəki qaldırmağı bacaran Bakı təmsilçisi Pərvin Məmmədov layiq görülüb. İkinci yeri sahibi isə 80 kq çəkini qaldırmağı bacaran Ağcabədi idmançısı Lazım Allahverdiyev qazanıb. Sumqayıt təmsilçisi Vəli Vəliyev 60 kq çəki qaldıraraq 3-cü yerə layiq görülüb.
 
59-65 kq çəki dərəcəsində ilk yeri 100 kq çəki qaldırmaqla Sumqayıt təmsilçisi Sərvər Qəniyev tutub. İkinci yerə isə 95 kq çəki qaldırmağı bacaran Gürcüstan təmsilçisi Laşa Aleleşvili layiq görülüb. Həmin çəki dərəcəsində üçüncü yerin sahibi isə 82 kq çəki qaldırmağı bacaran Sumqayıt təmsilçisi Elsevər Adıgözəlov olub.
 
72-80 kq çəki dərəcəsində ilk yerin sahibi 190 kq çəkini qaldırmağı bacaran Gürcüstan Əhməd Razim Azər olub. İkinci yerə 137 kq çəkini qaldırmağı bacaran Şamaxı təmsilçisi Yasəf İbrahimov çıxıb. Naxçıvan təmsilçisi Telman Şirinov 100 kq çəkini qaldıra bilib və üçüncü yerə layiq görülüb.
 
88-97 kq çəki dərəcəsinda yarışan idmançılar arasında ilk yeri 200 kq çəki qaldırmağı bacaran Gəncə təmsilçisi Nurlan Babacanov qazanıb. Eyni çəki dərəcəsində ikinci yeri 155 kq çəki qaldırmağı bacaran Gəncə təmsilçisi Əli Babacanov qazanıb. Üçüncü yerə isə 150 kq çəkinin öhdəsindən gələn İsmayıllı təmsilçisi Bahlul Əliyev çıxıb.
 
107 kq çəki dərəcəsində ilk yerin sahibi 225 kq çəkini qaldırmağı bacaran Sumqayıt təmsilçisi Elşən Hüseyniv olub. İkinci yeri isə 185 kq çəkinin öhdəsindən gəlməyi bacaran İsmayıllı təmsilçisi Aynur Fərzəliyev çıxıb. Bakı təmsilçisi Elşən Rəhimov 130 kq çəkinin öhdəsindən gələrək 3-cü yerə çıxıb.
 
+107 kq çəki dərəcəsində ilk yerin sahibi Qax təmsilçisi Şamo Aslanov olub. O 220 kq çəkinin öhdəsindən gəlməyi bacarıb. Gəncə təmsilçisi Samir Atakişiyev isə eyni çəki dərəcəsində 140 kq çəkini qaldıraraq ikinci yerə çıxıb. Üçüncü yerə isə 105 kq göstərici ilə Nemət Məmmədov çıxıb.
 
50-80 kq çəki dərəcəsində qızların yarışında qızıl medalı Sumqayıt təmsilçisi Leyla Kərimova qazanıb. O 45 kq çəkini qaldırıb. İkinci yerə isə 30 kq çəkinin öhdəsindən gələn Nuranə Allahverdiyeva çıxıb.
 
Görmə məhdudiyyəti olan pauerliftinqçilərin yarışında 56-82.5 kq çəki dərəcəsində ilk yeri üç hərəkətin cəmində 485 kq çəki qaldıraraq Gəncə təmsilçisi Asif Beliyev qazanıb. Eyni çəki dərəcəsində ikinci yeri Bakı təmsilçisi Şahin Nəbiyev qazanıb. O, üç hərəkətin cəmində 355 kq çəkini qaldırıb. Üçüncü yerə isə Sumqayıt idmançısı İsmayıl Muradov layiq görülüb. O, üç hərəkətin cəmində 255 kq çəkinin öhdəsindən gələ bilib.
 
90 – +125 kq çəki dərəcəsində yarışan Görmə məhdudiyyəti olan pauerliftinqçilər arasında ilk yeri Gəncə təmsilçisi Məhərrəm Qasımov qazanıb. Öz bədən çəkisi 106 kq olan idmançı üç hərəkətin cəmində 575 kq çəkinin öhdəsindən gələrək Azərbaycan rekordunu da təzələyib. Eyni çəki dərəcəsində Gürcüstan Təmsilçisi Mirian Oqnadze ikinci yerə layiq görülüb. Özünün bədən çəkisi 129 kq olan idmançı üç hərəkətin cəmində 575 kq çəkini qaldırmağı bacarıb. Üçüncü yerə isə Giorgi Maisuradze layiq görülüb. O, üç hərəkətin cəmində 405 kq çəkinin öhdəsindən gəlməyi bacarıb.

Yarışların yekununda medal əyarına görə Gəncə komandası 3 qızıl, 2 gümüş medal ilə birinci yerə çıxıb. Medalların sayına görə isə ilk yeri, əyarına görə isə ikinci yeri 3 qızıl, 3 bürünc medalla Sumqayıt komandası tutub. Bakı komandası 1 qızıl, 1 gümüş və 2 bürünc medalla üçüncü yerdə dayanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR