Paylaşmağı sevməyən “CBC Sport” və ya “Mənim deyilmi, verməyəcəm!” tərsliyi...

Paylaşmağı sevməyən “CBC Sport” və ya “Mənim deyilmi, verməyəcəm!” tərsliyi...

Amal ABUŞOV


Azərbaycan Premyer Liqasının bərpası hər nə qədər sevindirici olsa da, bəzi problemlər öz həllini gözləyir. Sözsüz ki, əsas məsələ hakimlərin, futbolçuların və məşqçi heyətinin qorxunc virusdan qorunmasıdı.

AFFA-nın doğru zamanlamada vermədiyi "tövsiyyə” ilə 50 min manatdan çox vəsait havaya sovruldu, heç bir zərurət olmadan hakimlər və futbolçular COVİD-19 testinə göndərildi. Amma həmin vaxt nə çempionatın, nə də məşqlərin başlanmasıyla bağlı konkret qərar yox idi. Belədə heç kim futbolçuları və hakimləri karantində saxlaya da bilməzdi. Həmin testlərin cavabları neqativ olsa da, ötən 20 gündə kimin hara getdiyi, kimlərlə təmasda olduğu məlum deyil. Təəssüflər olsun ki, "Qəbələ” xaric digər klublar test vermədən məşqlərə başlayıblar. Allah göstərməsin ki, hansısa futbolçu və ya məşqçi çalışmalara özüylə virus "gətirsin”.

Digər bir problem isə qısa müddətdə səkkiz turun oyunlarının keçirilməsi zərurətidi. Qızmar yay günlərində oyunların axşam saatlarına təyin edilməsi qaçılmaz olacaq. Deməli, eyni gündə keçirilməli oyunların start fiti ən tez saat 18:00-da səslənəcək. Bir gündə 4 oyun keçiriləcək ki, bunların da hamısının "CBS Sport”la canlı yayımla ekrana gətirilməsi mümkün deyil. Texniki imkanlar və zaman məhdudiyyəti maksimum iki oyunun azarkeşlərə canlı təqdim olunacağını qaçılmaz edir. Bir oyun isə Peşəkar Futbol Liqasının əməkdaşlarının zəhməti sayəsində internet üzərindən yayımlanacaq. Yerdə qalan 4-cü oyun isə əlçatmaz olacaq. Hər turda bir qarşılaşmanı belə "qurban” verməli olacağıq.

"CBC Sport” yarandığı ilk gündən digər telekanallarla sərt rəqabətə girmişdi. Elxan Məmmədovun Rusiyadan transfer etdiyi "İlya” ləqəbli İlham Rüstəmov yetənə yetir, yetməyənə də daş atırdı. Bu işdə AFFA rəsmilərinin İlyaya verdiyi dəstək də həllediciydi. Rüstəmov millimizin oyunlarının yayım hüququna sahib İTV-ni işbacarmazlıqda, "İdman Azərbaycan”ı isə tənbəllikdə və qeyri-peşəkarlıqda günahlandırırdı. Buna cavab olaraq da dövlət televiziyası Azərbaycan futboluna embarqo qoymuşdu. Nəinki AzTV-nin, heç idman kanalının xəbərlərində ölkə futboluyla bağlı süjet və xəbərlər efirə getmirdi. Sanki Azərbaycanda futbol oynamırdılar. Elxan Məmmədova yaxınlığı ilə tanınan Kamran Quliyev Klublar Komitəsinin toplantısından sonra "İdman Azərbaycan”ı üstüörtülü də olsa, rüşvətxorluqda günahlandırmışdı, demişdi ki, əvvəllər oyunlarımızı göstərmək üçün bizdən pul istəyirdilər.

Artıq bu buzlar əriyib, AFFA ilə dövlət televiziyası arasında münasibətlər qaydasındadı. "CBC Sport”un sabiq redaktoru Rövşən Binnətli "İdman” TV-yə rəhbər vəzifəyə transfer olunub. İTV-nın məşhur Dadaş Dadaşlinskisi Elxan Məmmədovu çıraqla axtaranda baş katib özünü "İdman” TV-yə çatdırmış, bu kanalın efirində səsləndirilən "yumşaq” sualları cavablandırmaqla heç kimdən qorxmadığına işarə vurmuşdu. Bütün bunlardan sonra ümid etmək olardı ki, "CBC Sport”la "İdman” TV arasındakı rəqabət qoxulu soyuq münasibətlər də sona çatıb. Azərbaycan futbolunun mənafeyi tələb edəndə, buna getmək vacib idi. Amma hazırda heç də belə görünmür.

"CBC Sport” ölkə çempionatının yayımını "İdman” TV ilə paylaşmaq fikrində deyil. Bunun da acısını azarkeşlər çəkəcək. Onsuz da fanatlar pandemiyaya görə futbola həsrət qalıb, üstəlik, stadionlara girişə qadağa var. Belədə onların xətrinə hansısa güzəştə getmək, iki telekanal arasında işbirliyi yaratmaq mümkün idi. AFFA-nın nəzarətində olan "CBC Sport” eksklüziv yayım hüququna sahib olduğunu önə çəkir. Dostlarımız unudular ki, onlara bu yayım hüququ AFFA tərəfindən peşkəş edilib, buna görə klublara bir qara qəpik də ödənilmir. Belədə "Çempionatın yayım hüququ "CBC Sport”a məxsusdusa, "CBC Sport” da oyunları göstərməlidi” deyib, güzəştə getməməyin uşaq tərsliyindən başqa adı yoxdu. Çox təəssüf!

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR