Polis andı içən qaniçən

Polis andı içən qaniçən

- Oğul, hara gedirsən?

- Futbola, ata...

- Bax ha, polisdən zaddan ehtiyatlı ol!

 


Gülməli dialoqdu, elə deyilmi? Gülməli olsa da, acı həqiqətdi.

 


Biz arıtq polisdən qorxmağa başlamışıq. İnanın ki, bu məmləkətdə Allahdan qorxmayanlar da, polisdən qorxur. Yazıqlar nə etsinlər axı?

 

Elə bir məmləkətdə yaşayırıq ki... Adam artıq çətinə, dara düşəndə polisi imdada çağırmaqdan çəkinir, qorxur. Təbii ki, bu vəzifənin daşıyıcıları arasında qanunları, vətəndaş-polis münasibətlərini bilənlər də kifayət qədərdi. Amma nədənsə hər dəfə qarşımıza yaxşıları çıxmır. Yaxşıları deyəndə ki, biz polisdən pul, yemək-içmək tələb etmirik ki. Sadəcə, öz vəzifə borcunu layiqincə yerinə yetirsin, bu, bizə bəsdi.

 

Əziz, kabinetdə öz vəzifəsini icra edən, cənab, generallar, polkovniklər, bizim əlimizin çatmadığı, görə bilmədiyimiz dəyərli şəxslər, artıq polisimiz bizi qorumur, bizi döyür. Cənab generallar və bizim görə bilmək imkanımız olmayan "yuxarılar”, artıq vətəndaşın polisi görməyə gözü yoxdu. Biz bina yanğını zamanı körpəni xilas edən polisimizi də tanıyırıq, alqışlayırıq, bağrımıza basırıq. Biz onların da qədrini bilirik. Amma günahsız yerə, heç bir səbəb olmadan atasının belə çırtma vurmadığı uşağı, azyaşlını bir futbol matçında tribunadan aşağı atan polisə vətəndaş heç vaxq qucaq açmaz. Əvəzində ondan qaçar. Cinayətkarın "qaçın, polis gəlir” dediyi kimi arxasına baxmadan qaçar...

 

Yəqin ki, ötən gecə "Bakcell Arena”da baş verən hadisələri görən valideyn bundan sonra övladına ya futbola getməyə icazə verməyəcək, ya da oğluna yuxarıda da qeyd olunduğu kimi çöldə-bayırda avaradan, nəşəxordan yox, polisdən ehtiyatlı olmağı tapşıracaq. Deyəsən, artıq bunun başqa yolu yoxdu. Nə yazıq ki, artıq bəzi "asayiş keşikçilər”i öz vəzifələrini unudublar, vətəndaşla qanundan kənar münasibət göstərirlər.

 


İnsan yaşadıqca içir. Çay, su içir – bu, onun gündəlik təlabatıdı. Ömründə bir dəfə hərbi and içir – bu da, onun kişi kimi vətənə olan borcudu. Dəfələrlə Allaha, müqəddəs kitaba and içir – bu da, özünü doğru hesab etməyin bir üsuludu.

 


Bir də polis andı içir...Bu, elə bir anddı ki, bunu içdinsə, gərək,insan hüquq və azadlıqlarına hörmətlə yanaşasan, xidməti vəzifələrini namusla və vicdanla yerinə yetirəsən. Ta bu andı içəndən sonra gərək, sərxoş olmayasan...

 


Qardaş, içə bilmirsiz, içməyin də. Nə məcburdu ki? Nə məcburdu ki, evdə olan-qopanını, kənddə-kəsəkdə olan inəyini satıb, içəsən?

 

Bu and nə yaman and imiş, ilahi. Bu andın tərkibində nə var ki, mülkü geyimdə cansız, gücsüz olan bunu içdikdən sonra sərxoş olur, şirə, pələngə dönür? Yoxsa, bu da şərab, araq kimidi? Belə deyilsə, bunu içən niyə qaniçənə dönür, öz millətindən olan azarkeşini səbəbsiz yerə vəhşicəsinə döyür?

 


Ötən gecə "Qəbələ” – "Apollon” matçına toplaşan azarkeşlər azərbaycanlı balalarıı idi axı. Məgər, Azərbaycan bayrağı altında birləşib, öz komandamızı qələbəyə səsləmək cinayətdirmi? Məgər tribunaya toplaşıb, Azərbaycan bayrağənə təhqir edənlərə qarşı şüarlarla, öz dəstəkləri ilə psixoloji təzyiq göstərmək cinayətə təşəbbüs idimi?


EMİN SƏFƏROV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR