"Azərbaycan Premyer Liqası ən təhlükəsiz, xəstəlikdən uzaq yerdi" - Samir Abasov

Pandemiya səbəbindən uzun müddətdi durğunluq yaşayan Azərbaycan futbolunda hərəkətli günlər yaşanır. İcraiyyə Komitəsinin telefonla, Klublar Komitəsinin isə videokonfrans formasında toplantısı keçirilib, müvafiq qərarlar qəbul olunub. Bütün bunlarla bağlı hazırda işsiz günləri davam edən Samir Abasovla söhbərləşdik. Ondan həm də karantinli günlərin necə keçdiyini soruşduq.
  
Azərbaycanın tanınmış məşqçilərindən olan Samir Abasovun Sport7.az-a müsahibəsini sizə təqdim edirik:

- Karantini necə keçirdiz?

- Hamı kimi. Evdə, bekarçılıq. Bekarçılıq deyəndə, həyət-bacaya baş qarışır, amma bu o qədər də effektli deyil. Karantindən sonra sanki adam pasivləşib. Heç nəyə həvəs də qalmayıb. Elə bil evə yapışmışıq. Yalnız o gün həkimə getmişdim. Ancaq əvvəlki kimi dost-tanışlarla gedək, çay içək filan, belə həvəs qalmayıb.

- Bəs necə dözürsüz?

- Açığı, məndə həyət evidi. Çıxıram, bir az həyətdə işləyirəm baş qarışır. Amma hər şeyin ləzzəti itib. 

- Yəqin ki, karantin dönəmində həyətdə çox dəyişikliklər etmisiz?

- Deməzdim tənbələm. Sadəcə, vaxt olmayanda edə bilmədiyim işləri indi görmüşəm. Həyətə "əl gəzdirmişəm". Bir az yox, həddindən çox işləmişəm. 

- Koronavirusla mübarizə çətindi, yoxsa meydanda hansısa güclü rəqibə qarşı oynamaq?

- Məncə koronavirusla mübarizə daha çətindi. Çünki futbol oynayanda ən azı rəqibi analiz edə bilirsən. Bilirsən ki, 11 oyunçusu var və nəyə qadirdilər. Ancaq xəstəliyin hardan, necə gəldiyini anlamaq olmur.

- Ümumiyyətlə bir çoxları bu virusu o qədər də ciddi qəbul etmir, oyun olduğunu, rəqəmlərin şişirdildiyini düşünür. İnananlarla inanmayanların sayları demək olar eynidi. Sizin mövqeyiniz də maraqlıdı...

- "Koronavirus yoxdu" demirəm. Bu xəstəlik var. Hamımız ciddi yanaşmalıyıq. Az öncə dedim, bəlanın hardan gəldiyini "tutmaq" çətindi. Ona görə də həddindən artıq ciddi məsələdi. Amma qorunmaq və bunun öhdəsindən gəlmək mümkündü. Yetər ki, hamı qaydalara əməl etsin. 

- Qohumlarınızdan, dostlarınızdan bu virusa yoluxan yoxdu ki?

- Şükür Allaha ki, yoxdu. Yalnız oradan-buradan eşitdiklərim var. Şükür ki, salamatçılıqdı. 

- Azərbaycan Premyer Liqasının bərpa tarixi açıqlanıb, komandalar məşqlərə başlayıb. Əksər oyunları darıxdırıcı olan Premyer Liqamıza baxmaq üçün çox darıxmışdız?

- Hazırda istənilən futbol, yaraya məlhəmdi. Bekarçılıqda oturub baxırsan ki, ləzzət alasan. Öz çempionatımız başlayanda daha yaxşı olacaq. Maraqla gözləyirəm. Ancaq oyunlar necə gedəcək, bu böyük sualdı. Çünki indi futbolçuları hazırlamaq üçün, məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Bunun öhdəsindən gəlməlidilər. 20 gün ərzində uşaqları formaya salıb meydana çıxarmaq böyük iş tələb edir. 

- Pandemiyadan sonra futbolu necə təsəvvür edirsiz?

- Təsəvvürüm bilirsiz necədi? Almaniya çempionatı başlayıb. "Bavariya"  - "Borussiya" (Dortmund) matçının misli-bərabəri yoxdu. Yenə də görürsən ki, məcburi şəkildə oynayırlar. Özün də baxmaq istəmirsən. Görürsən ki, fiziki durumu aşağı-yuxarı eyni olan iki komada  oynayır. Elə öz klublarımızı götürək. Meydana çıxıb necə oynayacaqlar? Kimisi yol üstündədi, kimisi başqa klubdadı. Bütün bunları cəmləyib, komandaları oyuna çıxarmaq üçün məşqçilərin üzərinə böyük iş düşəcək. 

- Adətən yayda istirahət etməyə, bir də ara-sıra avrokubokların təsnifat mərhələlərində maraqlı oyunlara baxmağa öyrəncəliyik. Çünki indiyəcən yayda ölkə çempionatı keçirməmişik. Üstəlik azarkeşlər də stadiona buraxılmayacaq. Bu vəziyyətdə oyunlara nə dərəcədə maraq olacaq?

- Zatən, bizim Premyer Liqaya kimlərin marağı vardı? Oynayan futbolçuların qohum-əqrəbası ilə dost-tanışlarının. Millət kimi Premyer Liqaya nə vaxt maraq göstərmişik? Maraq olsa azarkeş kimi gəlib oyunlara stadionlardan baxardılar. Çünki olmayan şeydən danışırıq. Bu gün azarkeş Almaniya, İngiltərə çempionatına baxmağa üstünlük verər, nəinki Azərbaycan komandalarına. Maraq baxımından nəsə itirdiyimizi desəm düzgün olmaz. Sadəcə, çempionatı keçirməliyik və gələn mövsümü gözləməliyik.

- Azərbaycandan daha çox virus yayılan bəzi ölkələrdə stadionların müəyyən hissəsinin azarkeşlərlə doldurulamsına icazə verilir. Bizdə də belə etmək olmazdımı?

- Şəxsi fikrimdi, Azərbaycan Premyer Liqası ən təhlükəsiz, xəstəlikdən uzaq olan bir yerdi. Demirəm burada yoluxmaq olmaz. Amma stadiona gələn 50 nəfər - hansı ki, bəzi klubların heç bu qədər azarkeşi yoxdu, 30-a çatar ya çatmaz - hərəsi bir yerdə otursa burda böyük təhlükə yaranmaz. Sadəcə, hökumət qərar çıxarıb və buna əməl olunmalıdı. Bizdə elə deyil ki, futbolumuzda müstəqil qərarlar verilsin. Bizdə İdman Nazirliyi, futbola, idmana aid digər qurumlar hamısı bir-birinə bağlıdı. Mütəşəkkil şəkildə qərar çıxarıldığı üçün əməl edirlər. Onları da başa düşmək olar.

- Bir neçə gün öncə Elxan Məmmədov "CBC Sport"da açıqlama verdi ki, yeni mövsmdən elə 8 komanda ilə davam edəcəyik. Halbuki buna qədər komandaların sayının 10-a çıxarılacağı ilə bağlı açıqlamalar vardı. Bu qərara münasibətiniz necədi?

- İnanın Allaha, uşaqlarla aramızda bu barədə söhbətlər edirik ki, 10 deyil, 8 komanda olacaq. Bu gün 10 komandalı çempionat ümumiyyətlə müzakirə mövzusu deyil. Çünki çox pullar xərclənib, iqtisadiyyat zəifləyib, gəlirlər azalıb, xəstəlik xeyli təsir edib. Bu zərərlər futboldan da yan keçməyib. Kimlərsə cibindən pul xərcləsə, 8 deyil, 18 komandalı çempionat da keçirmək mümkündü. Ancaq hamımız bilirik ki, indi komandaların əksəriyyətini SOCAR maliyyələşdirir. Bu pandemiya dünyanı elə günə salıb ki, futbolu düşünən yoxdu. O cümlədən Azərbaycanda. Ona görə də vallah belə olacağını gözləyirdim. Bəlkə də... Bəlkə də mümkün idi. Bu il çempionatın 10 komanda ilə keçirilməsinə qərar verə bilərdilər. Çünki ictimai qınaq var idi. Biz veteranlar da yığışıb bununla bağlı müzakirələr aparmışdıq. Çətin olsa da üstündə durmuşdular. Amma düşdüyümüz durumdan sonra bu söhbət bağlandı. Siz jurnalist, mən də futbolçu kimi, bunu hamımız başa düşürük. 

- İndiki durumda Azərbaycanda 10 komandalı çempionat təşkil etmək həqiqətən mümkünsüzdü?

- 10 komandalı çempionat deyil, indiki durumda kənar bir şeyə pul xərcləmək mümkünsüz görünür. Əslində isə Gəncədə, Tovuzda komanda yaratmaq kənar bir şey deyil. Pandemiyadan irəli gələn problemlərə görə SOCAR buna getməyəcək. Bunu başa düşürük. Ona görə də marağı bir kənara qoymalıyıq. İndi hansı klubu dindirsən deyəcək "işləmirəm". Hamı fikirləşir ki, "bircə qurtarsaydıq, yaxşı olardı, işimizi bilərdik". Bəlkə də 8 komandadan, 7-si "kaş olmazdı, yeni ildə başlayardıq" deyə düşünür. Heç kimin yadına da düşmür ki, komandaların sayı axı 10 olmalı idi. İndiki durum bunu tələb edir. Sadəcə, mənə maraqlıdı, xəstəlik olmasaydı çempionatdakı komandaların sayı həqiqətən 10-a yüksəldiləcəkdi ya yox?

- Çempionatı yekunlaşdırmaq variantı barədə nə düşünürsüz? Maraq göstərilməyəndən sonra bu addım daha doğru olmazdımı?

- Bəzi komandalar üçün əlverişli idi. Bəziləri üçün haqsızlıq olmasın deyə davam etdirdilər. Çünki elə komandalar var ki, qarşılarına məqsəd qoyulub, Avroliqa uğrunda vuruşur. Ancaq məndən olsa istəyərdim ki, çempionat yekunlaşdırılsın və yenidən başlasın. Bilirsiz necədi? Bəzi oyunçularla danışıram. Motivasiyaları yoxdu, köklənə bilmirlər. Çempionat artıq onlar üçün bitib və davam etmək məcburi xarakter daşıyır. Məcburi çempionatın isə nə ləzzəti olacaq? Ona görə də çempionatı yekunlaşdırmağın tərəfdarı idim. Digər tərəfdən iki əllə yapışıb yer uğrunda mübarizə aparan komandaları da başa düşmək olar. Şansları var, haqsızlıq olmasın deyə oynamalı idilər. Zatən məsələn, "Neftçi" də istəyir ki, çempionat bitsin və ikinci yerdə qalsın. Çünki 8 turdan sonra bilmək olmaz nə baş verəcək. Nəinki "Neftçi", kim bilə bilər ki? Yeganə şanslı komanda "Zirə"di. 

- Elxan Məmmədov onu da açıqladı ki, avqustda yığmamızın yeni baş məşqçisinin adı bilinəcək. İqtisadi cəhətdən problemlərin yarandığı indiki durumda əcnəbi baş məşqçi ilə anlaşmaq nə dərəcədə məntiqlidi?

- Nə qədər danışsam da bu mənə və mənim kimi adamlara veriləsi bir sual deyil. Bu konkret həmin insanların özünə verilməli sualdı. Bu gün maliyyə problemlərinə görə "Turan Tovuz", "Kəpəz" Premyer Liqaya çıxmır, amma əcnəbiyə pul verilir. Bu suala necə cavab verə bilərəm? Mən bu məsələdə anlayışsızam. Səbəb izah olunanada siz də, mən də biləcəyik. Başa düşürəm jurnalistsiz, soruşmaq peşənizdi. Amma bir söz deyim. Bu qərarı verən adam, deyə bilər ki, "Mən xarici baş məşqçinin biliyinə, savadına, bizimkilərdən güclü olduğuna, futbolumuzun yaxşılığına inanıb bu addımı atıram". Kim nə deyə bilər ki? Məcbur olub gözləməliyik. Əlbəttə, istənilən azərbaycanlı məşqçi deyər ki, "Yerli mütəxəssis olsun". Ələxsus da indiki durumda. Ona görə də bu sualdan sonra "stop" deyib, gözləməyi məsləhət görürəm. 

- Azərbaycanda yığmanı çalışdırmağa gücü, savadı yetəcək mütəxəssis yoxdu ki? Elə biri siz. Hər halda indiki durumda bizim yığmanı çalışdırmq o qədər də çətin bir iş deyil.

- İndiki durum deyəndə, nə vaxt çətin olub ki? Ancaq qərarı verən adamlar yəqin ki, yaxşısnı bilirlər və futbolun inkişafını istəyirlər. Ona görə də nəyin necə olacağını gözləməliyik. Heç təminat yoxdu ki, bundan sonra komandanın başına gətirilən yerli və ya əcnəbi məşqçi 100 faiz uğur qazanacaq. 

- Top-futbol ölkələrindən Almaniyada çempionat ötən ay bərpa olundu. Bundesliqanı izləyirsizmi?

- Azarkeş amili böyük stimuldu. İnanın ki, Almaniya çempionatında hansısa oyunu nə vaxtsa sona qədər izlədiyim yadıma gəlmir. İndi də qollara baxıram, çempionatın ləzzəti konkret olaraq itib. Azarkeş başqa ab-havadı. Ələxsus da Almaniya, İngiltərə kimi futbol ölkələrində. O çempionatda oynayan futbolçular peşəkardı. Buna baxmayaraq onlar da "yola verirlər", istəyirlər ki çempionat tez bitsin, işlərini bilsinlər. Məcburiyyət qarşısında qalıblar. 

- O zaman düşünmək olar ki, çempionatı bitirən ölkələr ağıllı addım atıblar...

- İnanın ki, düzgün qərardı. Sadəcə, indi oynayan komandalar məcburiyyət qarşısında qalıblar. Məcburi olan işdən isə ləzzət ala bilmirəm. Nəinki futbol, hansısa işi məcbur görürsənsə, onun ləzzəti olmur.

- İtaliya, İspaniya, İngiltərədə də bu ay bərpa olunması planlaşdırılır. Həmin ölkələrdə də azarkeşlər oyunlara buraxılmayacaq...

- Oyunların necə keçəcəyindən əmin deyiləm. Ancaq azarkeş kimi şəxsən mənə ləzzət eləmir. İngiltərədə oyuna diktə edən tərəf azarkeşlərdi. Məhz buna görə də ləzzəti olmayacaq. Mənə qeyri-adi gəlir. Biz Azərbaycanda buna öyrəşmişik. Çünki stadionlarımıza cəmi 30 nəfər azarkeş gəlir. Ancaq həmi ölkələrdə başqa aləmdi. 

- Ən çox hansı çempionatı bəyənirsiz?

- İngiltərə çempionatını.

- Karantin dönəmində fikirləşmək üçün, yəqin ki, vaxt kifayət qədər oldu. Gələcək planlarınızda dəyişiklik olacaq?

- Açığı bu durum məni də həvəsdən salıb. Amma qollarımı çirməyib hansısa işin "qulpundan" yapışsam, onun "sokunu" çıxarmamış, bacardığım qədər həyata keçirməmiş əl çəkən deyiləm. Beynimdə komandalara görə dəyişən bəzi ideyalar var. Bunu həyata keçirmək isə məndən asılı deyil, zaman göstərəcək.

- Veteranlarla bir yerə yığışanda nələri müzakirə edirsiz? Futbolumuzla bağlı hansısa fikirlər ortaya atılır?

- Əvvəl çempionatdsan danışırdıq. "Filan komanda belə etdi, filan komanda elə" şəklində müzakirələrimiz olurdu. İndi deyirik ki, "bu gün 150 nəfər yoluxub", "Xaçmazda filan kəndi karantinə götürüb bağladılar". Biri deyir ki, "qonşuda filankəs koronavirusa yoluxdu" və sair. Futbol yaddan çıxıb, başlasaydılar bu həyata qayıdardıq (gülür). 

- Həftəsonu sərt karantin tədbirləri ilə bağlı qərar çıxarılıb. Bunun effekti olacaq?

- Effekti olub-olmayacağını bilmirəm. Amma İsveçrə, Belarus və müxtəlif ölkələrdə buna önəm verilmir. Pik həddə çatmış İtaliyada azalma müşahidə olunur. Bizdə isə əksinə qərar çıxarırlar. Bilmirəm vallah. Operativ Qərargahın çıxardığı qərarlara hörmətləmi, yoxsa məcburiyyətləməmi deyim, belə yanaşmalıyıq. Səbr etməliyik ki, daha pis nəticələr olmasın. Pis nəticə nədi? "Mən bunu vecimə almıram" desək, ailəmizə, yaxınlarımıza zərər yetirə bilərik. 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR