"Premyer Liqaya yüksəlməklə bağlı ümidim var" - Nadir Nəbiyev

İki gün öncə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun "CBC Sport"da yeni mövsümlə bağlı açıqlamaları bir çox suallara aydınlıq gətirdi. Məsələ burasındadı ki, indiyə qədər bir neçə dəfə yeni mövsümdən komandaların sayının 10-a çıxarılma planları ilə bağlı açıqlama verilmişdi. Elxan bəy isə 2020/2021 mövsümündə də Premyer Liqanın 8 komanda ilə keçiriləcəyini dedi. Yeni mövsümdən Premyer Liqaya yüksələcəyi gözlənilən komandalardan biri də "Turan Tovuz" idi. Klubun adının çəkilməsi həm azarkeşləri, həm də elə rəhbərliyi də ümidləndirmişdi. Ancaq Elxan bəyin açıqlamasından sonra belə düşünülür ki, Premyer Liqaya Birinci diviziondan heç kim gətirilməyəcək. Eləcə də yuxarıdan aşağı heç bir komanda düşməyəcək.

Bu üzdən klub rəhbərliyinin də Məmmədovun açıqlamasına münasibətini öyrəndik. "Turan Tovuz"un icraçı-direktoru Nadir Nəbiyev Sport7.az-a bunları söylədi: "Bundan əvvəl bir neçə dəfə açıqlama verilmişdi ki, Premyer Liqada 10 komanda olacaq. Biz də yer tutub vəsiqə qazanacağımıza ümid edirdik. Amma "Premyer Liqada 8 komanda olacaq" açıqlaması o demək deyil ki, heç kim aşağı düşməyəcək. Düzdü, Elxan müəllim 8 komandalı çempionatın daha etibarlı olacağını söyləyib. Bəlkə də mən səhv başa düşmüşəm. Ancaq orada deyilməyib ki, "Premyer Liaqadan heç kim aşağı düşməyəcək", yaxud "Birinci Diviziondan kimsə yuxarı qalxmayacaq". Əsasnaməni nəzərə alsaq, bu gün bizdə yalnız maliyyə meyarları uyğun gəlmir. Qalan hər şərait var. Şükür Allaha Tovuzda akademiya tikilir. Verə bilməyəcəyimiz yeganə sənəd maliyyə ilə bağlıdı. Elxan Məmmədov açıqlama versəydi ki, "Heç kim aşağı düşmür və yuxarı qalxmır", o zaman qərarın verildiyini konkret söyləmək mümkün olardı".

Nəbiyev hələ də Premyer liqaya qayıtmaqla bağlı ümidləri olduğunu dedi: "Bu sualları mənə çox verirlər. Açıqlama ilə bağlı futbolçular, azarkeşlər fikirlərimi bilmək istəyir. Mənim də fikrim belədi ki, orada "Turan Tovuz" çempion olub, amma Premyer Liqaya çıxmayacaq" şəklində açıqlama verilməyib. Sadəcə, 8 komandalı çempionatın daha etibarlı olduğunu deyib. Düşünürəm ki, xəstəliklə əlaqədar müəyyən çətinliklər olduğu üçün 10 komandalı çempionat keçirmək məqsədəuyğun sayılmayıb. Bəlli məsələdi, bizim sponsor yoxdu. AFFA-nın bizə maddi dəstək göstərməsi filan hamısı maliyyə tələb etdiyinə görə 8 komandalı çempionatın keçirilməsini mən də normal qarşılayıram. Fikirləşirəm ki, AFFA-nın maliyyə dəstəyi göstərdiyi Premyer Liqa komandalarından hansısa Birinci Diviziona düşürülər, əvəzində biz Premyer Liqaya gedərik. Yəni, düşünürəm ki, ən azı bir komanda aşağı dəstəyə düşə, əvəzində kimsə Premyer Liqaya gedə bilər. Bununla bağlıı ümidim var. Nə dərəcədə doğru, ya da yanlış fikirləşirəm, deyə bilmərəm. Lisenziyalaşdırma ilə bağlı bütün sənədlərimiz qaydasındadı. Yalnız maliyyə məsələsi problemdi. O sənədi bizdən bu gün istəsələr verə bilməyəcəyik. Birinci Divizionda AFFA-nın dəstəyi ilə oynayırıq".

Yeri gəlmişkən sponsor məsələsi ilə bağlı da Nadir bəyin fikirlərini dinlədik. Son vaxtlar kiminləsə müzakirələr, öz köməyini təklif edənlər olubmu?: "Düzdü, maraqlanan insanlar olur, məlumat veririk. Ancaq sonda görürsən ki, razılaşmır. Desəm ki, "kimsə bizə kənardan 1 manat köməklik göstərir", belə bir şey yoxdu. Sırf AFFA-nın klubun hesabına köçürdüyü pulla bu gün "Turan Tovuz" ayaqda durur. Başqa yaxın gələn, soruşan olmayıb. Bəzən futbol adamı olmayan, amma maraq göstərən adamlar kömək etmək istəyir. Ancaq onlara lisenziyalaşdırmanın tələblərini, uşaq futbolundan tutmuş, əsas komandaya qədər nələrə ehtiyac olduğunu bir-bir sayanda, adam imtina edir. Çox insan fikirləşir ki, "Turan Tovuz" elə əsas komandadan ibarətdi. Özləri səfər xərclərini, əməkhaqlarını filan hesablayıb, kömək edə biləcəklərini düşünürlər. Ancaq uşaq futbolunu, stadion xərclərini, klubun digər işçilərinin əməkhaqlarını, bazanın ehtiyacı olan yanacağı və sair kimi tələbləri eşidəndə imtina edirlər. Lisenziya tələbləri var, sənin uşaq futbolun, onları yetişdirmək üçün məşqçilərin olmalıdı. Geyimlərini, səfər xərclərini ödəmək lazımdı. Bunları eşidəndə yaxın durmurlar. Hər halda az vəsait deyil. Əslində, maddi dəstək vermək istəyən futboldankənar insanlar çox olub. Sırf futboldan anlayan, imkanlı şəxslərdən kömək təklif edənlər isə olmayıb. O cümlədən də nə keçmiş futbolçulardan, nə də indiki futbol adamlarından".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR