"Qara inci" - Almaniyada qadın futbolunu məşhurlaşdıran yamaykalı

Müxtəlif illərdəki oyunların nəticələri, ikinci divizionda çalışmış məşqçilər, məşhur əvəzetmələr... - alman futbolunu sevən, araşdıran və belə detalları əzbərdən bilən çoxlu insanlar var. Onlardan 70-ci illərdə Almaniyada top qovmuş qadın futbolçular barədə soruşanda isə, adətən, gülümsəyərək bir adı xatırlamağa çalışırlar: "Ayın qolu"na imza atan qaradərili futbolçu... Hmm... Rencers, Reyncers ya da Reyncer... - belə bir şey olmalıdı".

Vurduğu qol "ayın qolu" seçilən ilk qadın futbolçu "Vörştadt"da oynayan Berbel Vollebendi. Bu qol 1974-cü ildə Almaniya çempionatının sonuncu turuna təsadüf edib. Lakin ölkənin qadın futbolunda əfsanələşmiş qol Beverli Reyncerin adı ilə bağlıdı. O, 1975-ci ilin aprelində "Bonner"in heyətində "Berqiş Qladbax"ın qapısına yol tapmışdı. Rəqibin 5 oyunçusunu keçib, qapıçını da aldadan qaradərili yamaykalı ölkə idmanın gündəmini zəbt etmişdi.


Həmin dövrdə Almaniyada futbol kişilərə xas idman növü kimi qəbul edilirdi. Qadın futbolçulara isə sanki "erkək Fatma" gözü ilə baxılır və onların futbol oynaması doğru qəbul edilmirdi. Əslində, 30-cu illərin əvvəllərində Almaniyada ilk qadın komandalarının təməli atılmışdı. Amma hakimiyyətə gələn nasistlər sonradan qadınların futbol oynamasını qadağan edən qərarlar qəbul etdilər. 1970-ci ilə kimi də dəyişiklik olmadı. 1970-ci ilin 31 oktyabrında isə Almaniya Futbol Federasiyası müəyyən çərçivədə qadınların futbol oynamasına icazə verdi. Belə ki, onlar ancaq mövsümün isti aylarında futbol oynamalı və bir hissə maksimum 30 dəqiqə davam etməli idi.

1975-ci ilin 27 aprel tarixində vəziyyət tamamilə dəyişdi. Hadisələr Reyncerin bir gün əvvəl vurduğu qol ətrafında cərəyan edirdi. Təkcə idman mətbuatının deyil, ümumiyyətlə, bütün Almaniyanın gündəmini zəbt edən qol "braziliyalıların mundiallarda vura biləcəyi qol" olaraq qiymətləndirilirdi. Yamaykalının qolu zamanla "zəncinin vurduğu qol" kimi məşhurlaşdı. "Qara inci" ləqəbi verilən Reyncerin qolu "ayın qolu" seçildi. "Bonner" komandası da məhz ona görə mətbuatın diqqət mərkəzinə düşdü. Həmin ilin iyununda onların "Bavariya" ilə oynadığı final matçını yerli stadionda 2500 azarkeş izləmişdi. O zaman "Bavariya" 2:1 öndə olarkən "qara inci" hesabı bərabərləşdirərək komandasını məğlubiyyətdən xilas etmişdi. Təkrar keçirilən oyunda isə rəqibini 4:2 hesabı ilə üstələyən "Bonner" ilk və tək çempionluğunu qazanmışdı.
 


Çempionluqdan bir il sonra baş məşqçi və futbolçular arasında çıxan seksual iddialar Beverlinin komandanı tərk etməsinə səbəb oldu. Ardıcıl olaraq "Berqiş Qladbax", "Offenbax Kikkers" və "Niderkirxen"də oynayan yamaykalı hazırda ABŞ-da yaşayır. Beynəlxalq səviyyədə uğurlara imza atmasa da, Almaniyada ilk qadın futbol ulduzu olaraq tarixə düşən Beverli ölkədə qadın futbolunun məşhurlaşmasının və ciddi status almasının əsas səbəbkarı hesab olunur. "Qara inci" Almaniyada yalnız idman hesabına yaşayışını təmin edən ilk qadın futbolçu idi. Hətta o, populyarlığı sayəsində "Puma" ilə sponsorluq müqaviləsi də imzalamışdı.

2005-ci ildə "futbol tarixinin ən unudulmaz qolları"nı seçən NDR televiziyası Beverli Reyncerin vurduğu əfsanəvi qolu da unutmamışdı. Siyahıdakı 2 qadın futbolçudan biri o idi. Digər qol isə Nia Küntserə məxsus idi. Söhbət DÇ-2003-ün finalında əlavə vaxtda vurulan və Almaniyaya qadın futbolunda ilk dünya çempionluğunu qazandıran qoldan gedir.
 

 
 

OXŞAR XƏBƏRLƏR