"Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verildi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Lüksemburq "Düdelanj"ı turnirdəki növbəti APOEL-lə matçını öz stadionunda keçirməyə bilər.

Sport7.az xəbər verir ki, bu haqda "Lessentiel" portalı məlkumat yayıb. Buna səbəb "Jozi Bartel” stadionunun ot örtüyünün yararsız vəziyyətdə olmasıdır. Artıq UEFA bununla bağlı klubuna ultimatum verib.

Bildirilib ki, ot örtüyünü dəyişdirmək kluba 150 min dollara başa gələcək. Lüksemburq təmsilçisinin prezidenti Romain Schumaçer UEFA nümayəndələri ilə danışıqlar aparmağa çalışdığını açıqlayıb. O, təbii örtüyü süni örtüklə əvəz etməyi təklif edib. Bu isə kluba 50 min avroya başa gələcək.

Klub ötən il eyni halla rastlaşıb. "Düdelanj" İspaniya "Betis"ini (0:0) şaxtalı havada qəbul etməli olub.

Nəşrdə qeyd olunub ki, bu mövsüm Avropa Liqasında acınacaqlı şəraitdə iki oyun keçirilib. Bunlardan biri "Qarabağ"a uduzduqları (1:4), Digəri isə İspaniya "Sevilya"sına məğlub olduqları (2:5) qarşılaşmadır. Daha sonra Lüksemburq yığması bu arenada Portuqaliyanı qəbul edib. İtaliya "Yuventus"unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu buranı "kartof sahəsi" adlandırıb.

"Düdelanj" - APOEL oyununun ölkədən kənarda keçirilməsi ehtimalı da var.

Qeyd edək ki, "Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda "Düdelanj”la görüşünün 30-cu dəqiqəsində ikinci qolundan sonra "Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib. Matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 4:1.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir. (report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR