“Qarabağ”ın qabıq dəyişməsi

“Qarabağ”ın qabıq dəyişməsi


Amal ABUŞOV


Yaşamağa bir ümid var, yüz güman,
Ayrılığın sonu yoxmuş, ay aman...

Elə bir gün yoxdu ki, "Qarabağ”dan kiminsə getdiyi haqda xəbər oxumayaq. Muarem Muarem hələ qışda yolunu Türkiyə Super Liqasından salmaq istəyirdi. Hər bir futbolçu daha səviyyəli çempionatda oynamaq, bacardıqca çox pul qazanmaq arzusundadı. Həmin vaxt klubla davam edən müqaviləsi onun   bu istəyini əngəllədi. Sağ olsun, fikrini cəmləşdirməyi, meydanda gücünü qoymağı bacardı. Elə bir oyun olmadı ki, Muaremin özünü qoruduğunu, boş yerə ayaqlarını ora-bura sürüdüyünü görək. Makedoniyalı bununla həm şəxsi keyfiyyətlərini, həm də illərdi çörəyini yediyi, formasını geydiyi klubuna, onun futbolçu kimi kamilləşməsində əməyi olan Qurban Qurbanova sayqısını sərgilədi. Bütün bunlara görə onun gedişinə üzülməkdən  daha çox sevindik və "yolun açıq olsun, Muarem” dedik.

Muaremin gedişi hər nə qədər sakit qarşılandısa, Vuqar Nadirovun "Qarabağ”dan ayrılması xəbəri aydın səmada çaxan şimşək effektliydi. Çoxları üçün Vüqarı "Qarabağ”dan ayrı təsəvvür etmək çətin idi. Üstəlik, onun komandada "top qovan” yeganə ağdamlı olması azarkeşlərin hisslərini daha da coşdurdu. Bu gediş fanatlarla klubun ararsında soyuqluğa, qızğın müzakirələrə yol açdı. Amma futbol təkcə xoş günlərdən, qarşılıqlı anlaşmalardan ibarət olsaydı nə vardı ki? Müqaviləsi bitən Vüqarın gedişinə təkcə maddi amillərin səbəb olduğunu düşünmürəm. "Qarabağ”ın bu yay etdiyi transferlərə diqqət yetirin. Qurban bəy daha çox yerli və gənc futbolçuların alınmasında maraqlıdı. Səbəb isə sadədi. Yüksək hədəflər uğrunda çalışan klub Azərbaycan Premyer Liqasında tətbiq olunan sərt limitin tələbləriylə də hesablaşmağa məcburdu. Belədə əsas üstünlük gənc futbolçulara, özü də qeyri-hücumçulara verilib. Azərbaycan futtbolunda yerli hücumçu qıtlığı getdikcə kəskinləşir, ildən-ilə bizimkilər qol hissiyyatını daha çox itirir. Qurbanovun bu problemin həlliylə məşğul olmağa, 25-30 yaşlarından sonra hücumçulara qol vurmağı öyrətməyə zamanı yoxdu. Belədə adam haqlı olaraq iki pisdən birini seçir - Nadirova əsas heyət üzvü kimi baxa bilmir. Vüqarın "Qarabağ”dan ayrılmasının onun xeyrinə işləyəcəyinə inanmaq üçün kifayət qədər ciddi əsaslar var. 28 yaş Nadirov üçün heç də qürub deyil. Əksinə, yaşının bu vaxtında ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilmək onu həm fiziki, həm də mənəvi baxımdan geri salmaqdaydı. Klubu dəyişməklə hansısa maddi itkiyə məruz qalıbsa belə, bunu faciəyə çevirməyə gərək yoxdu. "Qarabağ”lı azarkeşlərin hisslərini anlamaq çətin deyil. Onlar üçün Vüqarın bu komandada olması uzun illərdi həsrətində olduqları Ağdamın kiçik nişanəsi idi. Neynəmək olar? Bəzən acı reallıqlarla barışmağa məcbur qalırsan. Ən azından ona inanmaq lazımdı ki, yeni klubunda Vüqar da itib-batmayacaq, qollarını sıralamağa davam edəcək.

Gedənlərin sırası bu iki futbolçuyla yekunlaşmadı. Admir Telidənsə Leroy Corcun itkisi daha ciddi xarakterlidi. Amma Əlhərbi Əl Cadeyaudu artıq "Qarabağ”la münasibətləri rəsmiləşdirib. Onun komandaya ən azından Leroy qədər faydalı olacağını arzulayırıq. Elvin Yunuzadə isə müdafiə xəttində rəqabəti və etibarlılığı artırmalıdı. Bolqar mütəxəssis Çudomir Çakarovun yoxluğunu unutdurmaq isə ispan Ruben Selles üçün asan olmayacaq. Elə bu dəyişikliyə uyğunlaşmaq da bütünlükdə komandaya asan başa gələcəyə bənzəmir.

Ümumilikdə, bütün bu proseslərin nəticəsində "köhlən atlar” ciddi "qabıq dəyişməsi”nə məruz qaldı. Prinsipcə, "Qarabağ”da dəyişikliklərin olacağı gözlənilən idi. Amma yenilənmə bizim gözlədiyimizdən daha ciddi və geniş miqyaslı oldu. Qurban Qurbanovun hər şeyi dəqiqliklə ölçüb-biçdiyinə, avrokuboklarda ötənilki nəticələri yaxşılaşdırmaq düşüncəsi içində olduğuna şübhə etməyə dəyməz. Artıq bu gün komanda yeni mərhələyə başlamaq üçün Avstriyaya yollanır. "Qarabağ” və Azərbaycan futbolu üçün xeyirli olsun!

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR