"Qarabağ"la oyun öncəsi "Sivasspor" çətin durumda - Çalımbay fəryad edir

"Turnirə yaxşı başlamışdıq. İlk matçda 3 qol vurmuşduq. Bütün oyunlarda fərqlənmişik. İsrail "Makkabi"si (Təl-Əviv) ilə görüşdə sıxıntılarımız var idi. "Vilyarreal"a qarşı da yaxşı oynadıq. "Qarabağ"la sabahkı matç bizim üçün finala bərabərdir. Yola davam etmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq".

Sport7.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, heyətdə 14-15 sağlam futbolçu qalıb: "Buna baxmayaraq oyunçular hər şeylərini ortaya qoyacaq. Görüşün İstanbulda olması yaxşıdır. Amma Azərbaycan da bizim məmləkətimizdir. Orada da oynasaydıq,problem olmayacaqdı. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram".

Çalımbay Azərbaycanın cəbhə bölgəsindəki qələbəsi barədə də danışıb: "Onlar nə qədər xoşbəxtdirsə, biz də o qədər xoşbəxtik. Matç dostluq ab-havasında keçəcək. İki qardaş oyuna çıxacaq. Amma qələbə qazanmaq istəyirik. Azərbaycan çətin dönəm yaşadı. Qələbə münasibəti ilə onları təbrik edirəm".
Baş məşqçi deyib ki, bərabərlik nə "Qarabağ"a, nə də "Sivasspor"a sərf edir: "Hər iki komanda qələbə üçün meydana çıxacaq. Bu qarışlamada mütləq qalib gəlməliyik. Bütün heyət yerində olacağı təqdirdə qrupdakı qalan matçlarımızda qələbə qazanacağımızı düşünürəm. "Qarabağ"ın heyətindəki itkilərdən xəbərim yoxdur. Amma belə bir şey varsa, bu da bizim üçün üstünlükdür".

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb. (Report)



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR