"Qazandığın uğurları unutmaq uğursuzluqları unutmaqdan daha vacibdi" - Tomas Tuxel / Şablondan kənar

Tomas Tuxelin (hazırda PSJ-ni çalışdırır) çıxışı əsasında hazırlanıb: 
 
"İlk növbədə qeyd edim ki, məni komandaya ("Maynts") Kristian Haydel gətirib. Futbolçu kimi, Bundesliqada bir oyuna belə çıxmamışam. Eynisi məşqçilik karyerama da aid idi. Amma bu şərtlərə rəğmən, cəsarətli qərar verdi və beləcə, mənim karyeram başladı. Yəni bizim nümunəmizdə qaydalara qarşı çıxan ilk şəxs Haydeldi. Mən komandanı ikinci diviziondan birinci diviziona çıxaran şəxsi bu postda əvəzləmişdim. Əsas məsələ nəticələr yox, futbola olan ümumi yanaşmadakı problemlərlə bağlı idi. Nə isə, hekayəm belə başlayıb.

Çərşənbə axşamı idi, təyinatım rəsmiləşdi. İlk dəfə bir Bundesliqa klubunda çalışacaqdım. Şənbə günü isə artıq ilk rəsmi oyunuma çıxmalı idim - Leverkuzen "Bayer"inə qarşı. Nə təlim-məşq toplanışından söhbət gedə bilər, nə də futbolçularla birlikdə keçirdiyimiz günlərdən. O ərəfələrdə komanda kubokda dördüncü liqa klubuna uduzaraq mübarizəni dayandırmışdı. Tanınmayan bir məşqçi üçün ideal zamanlama idi (gülür). İlk gün qısa məşqin ardından iki günlük mətbuatdan və hər şeydən kənar, 100 km. uzaqlıqda yerləşən bir otelə gedib, orada çalışmalara davam edəcək və eyni zamanda, komanda ilə tanış olacaqdım. Sadəcə, 1 il idi ki, klubun U-19 komandasında çalışırdım. Futbolçuların əksəriyyətini sima olaraq tanısam da, reallığa qalanda heç biri ilə normal əlaqəm yox idi.

Nə isə, çərşənbə günü işə başladıq. Komanda ilə ilk görüşümüz idi. Məşq arasında futbolçular qəhvə içir, şirniyyat məhsullarından dadırdılar. Mən isə bundan sonra komandada keçərli olacaq qaydaları yazmaqla məşğul idim. Bir azdan bu qaydaların nələrdən ibarət olduğunu deyəcəm. Günortadan sonrakı məşq uzun deyildi. 19:30-da isə axşam yeməyi yeməliydik. Gərgin idim. O zaman hələ köməkçi məşqçim də yanımda deyildi. Təkbaşına oyunçuların önündə durmuşdum. İki gün əvvəl gəncləri çalışdırırdım və əslində, hər şey əla gedirdi. İki gün sonra isə... Hə, bunu deməliyəm: komandadakı bəzi oyunçular məndən yaşca böyük idilər.

Mən yeməyə 10 dəqiqə tez gəlmişdim, amma aralarında qarşımdan keçərək yeməkxananı tərk edənlər var idi. Bəziləri orada uzun müddət keçirdiklərindən yeməklərini bitirmişdilər, digərləri isə yeməyə yeni başlamışdılar. Yeməkdən sonra dedim: "Sabah məşqdən sonra saat 12:30-da hər kəs bir nəfər kimi mən "nuş olsun" dedikdən sonra yeməyə başlayacaq. Hamı 12:30-da burada olsun - nə tez, nə də gec". Birinci qayda bu idi.
 


Cümə axşamı hamı tam zamanında orada idi. "Nuş olsun" dedim və yeməyə başladılar. Bundesliqa komandasından söhbət gedir, əla xidmət səviyyəsi var idi. Birinci şorba, ikinci şorba, əsas yemək, ara yemək, ət, balıq, növbənöv şirniyyatlar - professional komandanın ehtiyacı olduğu hər şeyi orada tapa bilərdiniz. Mən şorbamı bitirməmiş komandanın yarısının yemək masasından qalxdığını gördüm. Şirniyyat, o, bu - hər şey masadadı, bir masada iki nəfər qalıb, digərində üç. Ok, mən dünənə qədər U-19-da çalışırdım, amma bu, belə davam edə bilməzdi.

Cümə günü, evimizdə oynadığımız hər matçda olduğu kimi, bir gün əvvəlcədən otelə gedirik. Orada da yemək yeyilir. 19:30-da hamımız yığışmalı idik. Onlara dedim: "Bu, mənim üçüncü günümdü və sizə yemək haqqında əlavə bir şey demək mənim üçün xoş deyil, amma sizdən yenə bir xahişim olacaq: daha əvvəl dediyim kimi, hamı eyni vaxtda yeməyə başlayacaq və ilk 20 dəqiqə ərzində yemək masasında bərabər olacağıq. Heç kim yerindən qalxmayacaq". Hamı qəbul etdi. İnanın, o gün yeməkdən sonra komanda 40-45 dəqiqə yerindən tərpənmədi. 18 nəfər idik və iki 9 nəfərlik masa var idi. Elə bir istəyim olmasa da, hamı ən sonuncu adamın yeməyini bitirməsini gözlədi və ancaq ondan sonra masadan qalxdılar. Bu, məni çox sevindirmişdi. Qarşılıqlı hörmət, dinləmə qabiliyyəti, fikir alış-verişi, bütünlük, komanda hissiyatı və s. Hər şey məhz o yemək masasından başladı. Komanda olmaq... - bu duyğu hər şeydən öndə gəlir.

Şərhçilər/jurnalistlər hər oyunda fərqli düzülüşdən istifadə etdiyimizi deyirdilər. Bunun səbəbi nə idi? Düzülüş, qapıçı istisna olmaqla, digər 10 oyunçunun meydanda geometrik olaraq yerləşməsidi. Klassik 4-4-2, 4-4-2 romb, 3-5-2, 4-3-3 və s. O dövrə qədər olan təxmini 7 illik məşqçilik karyeram ərzində mənə bir sistemi komandada oturtduqdan sonra zamanla onu maksimum avtomatikləşdirərək ən yaxşı səviyyəyə çatdırmalı olduğum öyrədilmişdi. Fərqli düzülüşlər və sistemlərdən istifadə etməyimiz sadəcə bir qərarın nəticəsi deyildi. Düzünü desəm, şərtlər bizi buna məcbur edirdi. Komandanın digərləri ilə rəqabət edəcək səviyyədə olmadığı, heyətin həm taktiki, həm də individual oyunçu keyfiyyətləri və komanda işi baxımından, lazımı səviyyədə olmadığı mövzusunda məşqçilər korpusu ilə həmfikir idik. Qısası, oyunun hər nöqtəsində çatışmazlıqlarımız var idi.

Vaxt yox idi, qısa bir zaman ərzində həll yolu tapmalıydıq. Rəqib analizi, rəqib analizi, yenə də rəqib analizi... Videoları qabağa ver, arxaya ver, orasını kəs, burasını kəs... Nəhayət rəqiblərin meydandakı düzülüşünün yansıması olmağa qərar verdik. Rəqib 4-4-2 oynamaq istəyirdisə, problem yoxdu, biz də eynisini oynayacaqdıq. Çünki top rəqibdə olanda müdafiə necə hərəkət etməli olduğunu asanlıqla anlaya bilirdi. Rəqibin düzülüşünün yansıması oyunçuların işini asanlaşdırırdı. Bu, bizim üçün meydanın daxilində çox düşünmədən doğru formada hərəkət etməyin bir yolu idi. Hər matça fərqli düzülüşlə çıxmaq instinktlə hərəkət edib, müdafiə olunmaq sisteminin bir nəticəsi idi. Rəqibi narahat etmək və düzgün şəkildə müdafiə olunmaq üçün bu yolu seçmişdik. Əslində, bu, bir konsept idi. Matçın onuncu saniyəsində kim filan nöqtəyə press tətbiq edəcək, filan kəs hara qaçmalıdı, ya da mən, yoxsa sən... - bunları düşünə-düşünə bir də görürsən ki, iş işdən keçib. Bundesliqada oyun sürəti çox yüksəkdi. Bu, belə dilemmalara düşmədən meydan daxilində doğrunu tapmaq üçün düşünülmüş bir yol idi. Bir yerdən sonra artıq müxtəlif sistemləri oynaya bildiyimizin fərqinə vardıq və mən də bunu lehimizə çevirdim. Artıq bunu bilmənin rahatlığı ilə planlar hazırlayırdım.

Əlbəttə, məşq prosesində çoxlu dəyişikliklər etmişdik. Bundesliqa oyunlarında əksər hallarda mərkəzdə daha çox adam olur, o zona daha yaxşı qorunur və komandalar mümkün olduğu qədər ən qısa müddət ərzində topu cinahlara daşımağa çalışırlar. Biz də istisna deyildik. Əslində isə bu, bizim üçün doğru istiqamət deyildi. Asan bir məqsəd olduğunu deyə bilərik, yəni topu götürərəm, hücum oyunçusuna çatdıraram, gerisinə də qarışmaram, onun işidi, hə? Biz nə etdik? Diaqonal uzun oynamaq məcburiyyətində qalmaq üçün süni şərait yaratdıq. Necə? Məşq meydançalarında ölçüləri kiçildib beşbucaqlı meydançalar yaratdıq və komandanı orada məşq etməyə məcbur etdik. Yəni çizgiyə enən şəxsin diaqonal oynamağa məcbur edilməsi üçün meydanı fərqli formalara saldıq. Çünki bizim təməl məqsədimiz artıq irəliyə doğru diaqonal oynamaq idi. "Maynts" bu barədə o gündən bəri problem yaşamır.
 


Ancaq çox inadkar davranmırdıq. Məşqçilər korpusu ilə birlikdə paxlava dilimi formasında olan meydançalarda oyunçulara necə həll yolu tapmaları mövzusunda yardımçı olurduq. Əslində, bütün bu baş verənlər mənim məşq metodlarıma da təsirsiz ötüşmədi. Məsələn, irəliyə doğru diaqonal pas olmayan kimi fiti çalıb oyunu dayandırmırdım. Nəyisə zorla diqtə etmirdik, əksinə, sadəcə, meydanı ölçüb-biçdikdən sonra orada futbolçulara həll yolunu tapmaqda kömək edirdik. Yəni oyunçunun bir şeyi daim edib-etmədiyinə nəzarət etmək əvəzinə, onun tapşırılanı etdiyi zamanlarda yaşadığı problemi həll etməyə çalışırdıq.

Məşq sessiyalarında həddindən artıq təkrarlar olurdu. Düzü, ötürmə+ötürmə+ötürmə+kross tipli şeyləri heç etmirdik. Ancaq öz müəyyənləşdirdiyimiz planlar üzərində çalışırdıq. "3 ay bunu, 3 ay digərini edəcəyik" prinsipi də yox idi. Planlarımız daxilində olan hər şeyi hər gün, hər zaman məşq edirdik. Tez-tez mümkün olduğu qədər dar formaya salınmış və fərqliləşdirilmiş meydançalarda çalışırdıq. Dairə formasında olanlardan tutun, 18 m. eni, 75 m. uzunluğu olan meydançalara kimi müxtəlif geometrik formaları yoxlamışıq. Ancaq bu günə qədər bir dəfə də olsun normal meydançada 11v11 məşq etməmişik. Həmişə ilk fikrim şənbə günü keçiriləcək matçın eynisini əvvəlcədən futbolçularıma oynatmaq olub. Zamanla məşqçilərimlə birlikdə "qaydaları yıxan" fərdlər olmuşduq - həm də bunun fərqində belə olmadan. Çünki hədəfimiz həmişə bəlli idi: Çatışmazlıqları necə həll edə bilərik?; Bizə nə kömək edə bilər?

Hər oyundan əvvəl çempionatı yayımlayan telekanalın mənə mikrofonu uzatmasından bezmişdim. Hər dəfə "Cənab Tuxel, yenə keçən oyundakı heyətin 6 üzvünü dəyişdirmisiniz" dedikləri anda "Nə? 6 nəfəri?" deyə reaksiya verirdim. Olanların fərqində deyildim, sadəcə, ən yaxşı həll yolunu tapdığımı düşünürdüm. İkinci mövsümdə, liqanın ilk 7 həftəsində qələbə qazanıb rekord qırdığımız dönəmdə "Verder Bremen"lə matçımız var idi. Bütün həftə eyni şəkildə oyuna hazırlaşmışdıq. Kimlər oynayacaq, rəqibin zəif tərəfləri, kimlər faydalı ola bilər və b. bu kimi detalları yoluna qoymuşduq. Matçın başlamasına az bir müddət qalmışdı. Köməkçim yanıma gəldi və dedi: "Yenə keçən dəfəki heyətlə müqayisədə, 4 dəyişiklik var. Yəqin ki, "Maynts"ın azarkeşləri kimin oynayacağını və komandanın hansı formada meydanda düzələcəyini təxmin edə bilmirlər". "Nə? 4 oyunçu?" - yenə eyni formada reaksiya verdim. Köməkçim yaxşı niyyətlə bunu deyirdi. Dəyişikliklər işin parçasıdı. Bəlkə də, kənardan görünən başqa şeydi, ancaq biz həmişə rəqibə qarşı ən yaxşı şəkildə hansı heyətlə önləm ala biləcəyimizi düşünmüşük.

U-15, U-17, U-19... - bu yaş qruplarında oyunlar məşqçilərin ön plana çıxıb, həlledici ola biləcəyi yerlərdilər. Ancaq ən üst səviyyədəki futbolda oyunun əsas faktoru futbolçulardılar. Məşqçilər isə, sadəcə, oyunçularına xidmət edirlər. Bizim təməl öhdəliyimiz oyunun əsas aktyorları olan futbolçulara xidmət etməkdi. Bu səbəbdən, "Maynts"da oyunçularımın məsuliyyəti tamamilə dərk etmələrini istəməklə bərabər, daim dəstəkçi kimi yanlarında olmuşuq.

Qaydalar qoymuşdum. Mənimlə komandanın birlikdə yoluna davam etməsi üçün bu qaydaları hər gün inkişaf elətdirirdik. Futbolçuların görməsi üçün qaydaları divardan asırdıq. Məsələn, bunlardan biri bir-birimizə salam verməklə bağlı idi. Biz futbolçularla göz-gözə baxıb görüşürük - mütləq şəkildə. "Həə, salam, salam" da deyənlər var" - belə şeylər məşqçidən asılıdı. Əlini sıxıb gözlərinə baxanda məşqçi oyunçu ilə birlikdə çalışmağın verdiyi zövqü qarşı tərəfə ötürməlidi. Komanda yoldaşınla görüşəndə/danışanda gözlərinə baxmaq bir qaydadı.

İlk ilimizdə 9-cu olduq. Bu, klub tarixinin ən yaxşı nəticəsi idi. Sonra hamınızın yaxşı tanıdığı məşhur mütəxəssislər başladılar danışmağa: "Birinci liqaya vəsiqə qazanan komandanın ən çətin mövsümü ikinci mövsümdü". Ok. İkinci il Bundesliqanın ən yaxşı başlanğıc rekordunu qırdıq; ilk 7 matçdan qalib ayrıldıq. Mövsümü isə 5-ci bitirdik. Təbii ki, yenə klub rekordunu yenilədik və Avropa Liqasına vəsiqə qazandıq.
 


3-cü mövsümdə isə komandanın üç ulduz oyunçusu satıldı, ən önəmli futbolçulardan ikisi mövsümün yarısını zədə səbəbindən qaçırdı, 10 yeni transfer aramıza qatıldı və yeni qrup formalaşdı. Çox az adamın tanıdığı Rumıniya təmsilçisinə qarşı oynadığımız Avropa Liqası təsnifat matçında toplam zərbə sayında 46-4 üstün olsaq da, penaltilər sonunda mübarizəni dayandırdıq. Təyyarədəki görüntünü heç unutmaram. Komandanı ilk dəfə belə üzgün görürdüm. Cümə axşamı idi, oyunçular mental olaraq çökmüşdülər. Şənbə günü isə Bundesliqada növbəti matçımıza çıxmalı idik. Cümə günü hər kəs video-analizi gözləyirdi: nəyi doğru, nəyi səhv etdiyimizi anlatmağımı, göstərməyimi... Hamısını video otağına yığdım və onlara komanda idman növlərini təmsil edən atletlər arasında, bəlkə də, dünyanın ən yaxşısı olan Maykl Cordanın bu sözlərini oxudum:

"Karyeram boyunca 900 atış qaçırmışam, təxminən 300 matçda məğlub olmuşam, 26 dəfə oyunun nəticəsinə təsir edəcək son saniyə atışında dəqiq olmamışam. Həyatımda müntəzəm olaraq uğursuz olduğum üçün sonda bu qədər uğur qazana bilmişəm".

Fonda Maykl Cordanın görüntüləri və mən bu sözləri təkrarladım. Sonra həmin ifadənin əks olunduğu şəkli divardan asdım. Məğlubiyyətlər, ağrılar sizi uğura aparan yolun daşlarıdı. Cümə, günorta saatları idi və biz sadəcə bir gün sonra - şənbə günü günorta yeni stadionumuzda "Bayer"i 2:0 hesabı ilə məğlub etdik.

O mövsüm keçirdiyim ən bərbad mövsüm idi. Ən önəmlisi isə bizi artıq bir mövsüm öncə qazandığımız liqa beşinciliyinə görə dəyərləndirirdilər. Bundesliqada hər kəsi azı bir dəfə məğlub edə bilmişdik. Oynadığımız komandanın kimliyindən asılı olmayaraq, qələbə qazanacağımıza ehtimal verirdilər. Bu, bir tərəfdən öz dəyərinizi anlamaq adına yaxşı bir şeydi. Ancaq digər tərəfdən, oyunçular belə bir təzyiqin öhdəsindən gələ bilmədilər. Vəziyyət elə bir həddə çatmışdı ki, adi gedişatı belə "pis performans" kimi qiymətləndirirdilər. Uğur - oyunçuların belində daşıyacağı yük olmuşdu.

Unutmaq... Son sözlərim belə olsun: Mənə görə, qazandığın uğuru unutmaq yaşadığın məğlubiyyətləri/uğursuzluqları unutmaqdan daha vacibdi".
 
Tərcümə: Rüfət Məcid
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR