"Qəbələ" türklərə qalib gəldi - VİDEO

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” dünən ilk yoxlama oyununu keçirib. 

Sport7.az xəbər verir ki, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən "qırmızı-qaralar” Ərzurumun 21 yaşadək komandası (U-21) ilə qarşılaşıb. 

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk milli üzvlərinin iştirak etmədiyi matçda yeni transferlərə və əvəzedici heyətin üzvlərinə də şans verib. Təmsilçimiz qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samir Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.

"Qəbələ” qarşılaşmada hesabı açan tərəf olub. Matçın 33-cü dəqiqəsində Qay fərqlənib. Meydan sahibləri 38-ci dəqiqədə Hasan Kadakın penalti zərbəsi ilə hesabda tarazlıq yaradıb. Qarşılaşmada hər 3 qapıçıya oyun praktikası qazanmaq imkanı yaradan mütəxəssis əvvəl Bezotosnını Anar Nəzirovla əvəzləyib, 2-ci hissədə isə sonuncunun əvəzinə Andrey Popoviçi meydana buraxıb. Fasilədən sonra Murad Musayev Vernidubu, Emin Zamanov Nəbiyevi əvəzləyib. 

Oyunun ilk yarısında olduğu kimi 2-ci hissədə də fəallıq nümayiş etdirən "qırmızı-qaralar” istəyinə 55-ci dəqiqədə çatıb. Qay dublunu rəsmiləşdirib. Ukraynalı yarımmüdafiəçi penalti zərbəsini dəqiq yerinə yetirib. Bu qoldan sonra "Qəbələ" fərqi artırmağa çalışsa da, meydan sahiblərinin qapısına yol tapa bilməyib.

Beləliklə, "Qəbələ” 2015/16 mövsümünün hazırlığı çərçivəsində ilk oyununda 2:1 hesabı ilə qalib gəlib.

Yeri gəlmişkən, "Qəbələ"nin akademiya məşqçisi, əvvəllər "Qalatasaray"da işləmiş Uğur Kurt müqaviləsi başa çatdığı üçün Türkiyəyə qayıdıb. "Qəbələ"nin əvəzedici komandasına isə Sport7.az-ın daha öncədən xəbər verdiyi kimi, Ramin Quliyev təyin olunub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR