"Qəbələ"nin rəqibini tanıyaq: İlk oyununu Bakıda keçirmiş rekordçular

Qəbələ”nin Avroliqanın I təsnifat mərhələsindəki rəqibi olan Tiflis "Dinamo”su Gürcüstanın ən titullu klubudur. 

Sport7.az xəbər verir ki, əsası 1925-ci ildə qoyulan klub ilk oyununu Bakıda keçirib.

Belə ki, Gürcüstan komandası1926-cı ilin yanvarın 6-da Bakı "Dinamo"su ilə matçda daha təcrübəli rəqibinə uduzub - 0:1. Ancaq 3 gün sonra Bakının "Proqress" komandasından bu qisas çıxılıb - 3:0.

"Dinamo"nun tarixinin ən böyük uğuru 1981-ci ilə təsadüf edib. 1980/81 mövsümündə gürcüstanlılar Kuboklar Kubokunu başı üzərinə qaldırıb. Ümumiyyətlə, "Dinamo”nun əsas uğurları SSRİ çempionatlarında çıxış etdiyi dövrə təsadüf edib. 1936-1990-ci illərdə tiflislilər 20 dəfə ölkə çempionatının mükafatçıları sırasına düşüb. 1964 və 1978-ci illərdə SSRİ çempionu titulunu qazanan komanda 5 dəfə gümüş, 13 dəfə bürünc medala yiyələnib. "Dinamo” SSRİ kubokuna da 2 dəfə yiyələnib. 1976 və 1979-cu illərdə kuboku başı üzərinə qaldıran Tiflis təmsilçisi 6 dəfə finalda məğlub olub.

Düzdür, Gürcüstanın müstəqillik əldə etdiyi vaxtdan sonra "Dinamo” ölkə daxilində hegemoniyaya sahib olub. Amma daxili arenadakı saysız-hesabsız titullara baxmayaraq, beynəlxalq arenadakı bütün uğurlar SSRİ dövründə qalıb. Belə ki, 1980/81 mövsümündəki zəfərdən başqa, "Dinamo” 1981/82 mövsümündə Kuboklar Kubokunun yarımfinalınadək irəliləyib. Daha 5 dəfə avrokubokların 1/8 finalınadək irəliləyən gürcüstanlılar müstəqillik illərində belə uğura həsrət qalıb.

1990/91 mövsümündə start götürən Gürcüstan çempionatlarında "Dinamo" 15 dəfə I olub. Paytaxt təmsilçisi ötən mövsümü III pillədə başa vurub. 6 dəfə Gürcüstan çempionatının gümüş mükafatını qazanıb. 14 dəfə kubokun finalında çıxış edən "Dinamo” yalnız 2 dəfə kuboku qazanmaq şansını qaçırıb. Əldə edilən 12 kubokdan 8-i ”Qızıl dubl”la nəticələnib. 9 dəfə Superkubok matçına çıxan paytaxt klubu 6 dəfə bu mükafata yiyələnib. "Dinamo" qızıl və gümüş medalları, ölkə kubokunu və Superkuboku çox sayda qazanmasına görə mütləq rekordçudur.
 
"Dinamo”nun zəngin kubok kolleksiyasında daha bir titul var. Gürcüstan təmsilçisi 2004-cü ildə "Birlik kuboku”na yiyələnib. Bununla da 9 il əvvəl (1995) finalda uduzduğu turnirdə ilk və son uğuruna imza atıb. Hazırda baş məşqçisi Qiya Qequçadze olan komandanın əsasını yerli futbolçular təşkil edir. "Dinamo” ev oyunlarını 54 min 549 azarkeş tutumuna malik Boris Payçadze adına "Dinamo-Arena”da keçirir.

Komandanın kapitanı müdafiəçi Nika Tçanturiyadır. Heyətdə 4 legioner var. Bunlar slovakiyalı qapıçı Libor Hrdliçka, braziliyalı müdafiəçi Rene Santos və serbiyalı yarımmüdafiəçi Stefan Bukoratsdır. Atası nigeriyalı anası ispaniyalı olan hücumçu Manuel Onvu isə qışda "Osasuna"dan "Dinamo"ya keçsə də, komandadan ayrılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR