Qətərdə Avropa Oyunlarının təqdimatı oldu

Qətərdə Avropa Oyunlarının təqdimatı oldu

Mayın 6-dan 11-dək Qətərin paytaxtı Dohada güləş üzrə böyüklər arasında Asiya çempionatı keçiriləcək. 

Sport7.az xəbər verir ki, çempionatdan öncə Dünya Güləş Birliyi (DGB) Asiya Şurasının növbəti Konqresi keçirilib. 

Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, DGB İdarə Heyətinin üzvü Namiq Əliyev və AGF-nın baş katibi Əjdər Cəfərov da iştirak edib.

Konqresdə gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı da keçirilib. 

Əvvəlcə Avropa Oyunlarına hazırlıqdan bəhs edən video və fotoslayd nümayiş etdirilib. Namiq Əliyev Avropa Oyunlarına hazırlıq işləri və Oyunların dünya idman tarixində əhəmiyyəti barədə ətraflı məlumat verərək, ölkəmizin bu tarixi hadisəyə ciddi hazırlaşdığını bildirib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqətdə saxladığını qeyd edən AGF rəsmisi Oyunların təşkili üçün tikilən və yenidən qurulan idman arenaları barədə də məlumat verib. Qeyd edib ki, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın I xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün yerli və xarici mütəxəssislərin təcrübəsindən faydalanıb.

"2 il bundan öncə bir çoxları üçün mümkünsüz görünən işlər həyata keçirilib. Bir çox idman obyektləri ilk dəfə tikilib, bəziləri təmir edilərək yenidən qurulub. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi Olimpiya stadionu tikilib istifadəyə verilib. Əl Oyunları İdman Sarayı, Heydər Əliyev adına İdman Sarayı müasir dövrün tələblərinə uyğun təmir edilib. Azərbaycanda buna qədər də müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar, Avropa və dünya çempionatları keçirilib. Ölkəmiz təşkilatçılıq baxımdan zəngin təcrübəyə malikdir. Əminik ki, I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Tarixdə ilk dəfə keçirildiyi üçün Avropa Oyunlarının standartı məhz Azərbaycanda formalaşdırılacaq.1 ay sonra Bakıda həm təşkilatçılıq baxımdan, həm də Oyunların standartı baxımından dünya idmanı tarixində yeni bir səhifə yazılacaq". 

Əliyev DGB Asiya Şurasının üzvlərini 12-28 iyun tarixlərində Bakıda baş tutacaq ilk Avropa Oyunlarına dəvət edib. 

Qeyd edək ki, "Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR