Quardiolanın

Quardiolanın "dejavu"su, Poçettinonun VARlığı - TƏHLİL

Premyer Liqanın ikinci turunda "Mançester Siti" "Tottenhem"i qəbul edirdi. Təbii ki, bu iki komandanın adını yanaşı çəkəndə əksər azarkeşlərin yadına aprel ayında Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində oynanılan cavab görüşü düşür. Yüksək tempə şahidlik etdiyimiz qarşılaşmada "Mançester Siti" 5:3 hesablı qələbə qazana bilərdi - VAR ev sahiblərinin son dəqiqədə vurduğu qolu qeydə alsaydı. Nəticədə 4:3 hesabı ilə məğlub olan "londonlular" ilk oyunda evdə 1-0 hesabı ilə qalib gəldiklərinə görə, mərhələ adladılar.

Elə həmin həftə komandalar arasında baş tutan Premyer Liqa qarşılaşması əvvəlki matçın yerini verə bilməmişdi. Buna görə də bu tur baş tutacaq oyunu azarkeşlər maraqla gözləyirdilər. Bir tərəfdə son iki mövsümdə qazandığı Premyer Liqa titulunu qorumağı və əlavə olaraq, Çempion Liqasını qazanmağı hədəfləyən Pep Quardiolanın "Siti"sini, digər tərəfdə isə minimum hədəfi keçən il qazandığı nəticələri təkrarlamaq olan Maurisiyo Poçettinonun komandasını izləyəcəkdik. Gəlin, çox keçmədən komandanın əsas heyətləri və düzülüşlərinə nəzər salaq:
 


Gördüyünüz kimi, protokolda hər iki komandanın düzülüşü 4-2-3-1 kimi göstərilib, ancaq bu formal xarakter daşıyır.

Oyunun gedişatı: İlk hissə


Oyun gözlənildiyi kimi, ev sahiblərinin üstünlüyü ilə başladı. "Şəhərlilər" geridən hücum qurarkən müxtəlif variantlardan istifadə edirdilər.

Oyunun əvvəlində "Mançester Sitinin ən çox üstünlük verdiyi variant sol cinah müdafiəçisi Aleksandr Zinçenkonun mərkəzə keçməyi idi:
 



Bu addımın atılmasında iki əsas məqsəd var idi. Kevin De Bröyne və İlkay Gündoğan meydanın rəqibə aid hissəsində topu qəbul etməyi sevən futbolçular olduqlarına görə, geridən oyunu qurmaq öhdəliyi Laport və Otamendinin üzərinə düşürdü. Müdafiəçilər ya Rodriyə, ya cinah müdafiəçilərindən birinə (Zinçenko və ya Voker), ya da irəliyə doğru uzun ötürmə etməli olacaqdılar. Bu da hücumun yaradıcılığını və effektlivliyini azaldacaqdı. Zinçenko mərkəzə çəkiləndə oradakı "mançesterli" futbolçuların sayı artırdı. Bununla da ukraynalının cinah müdafiəçisindən mərkəz yarımmüdafiəçisi mövqeyinə keçməyi "Totenhem" kimi sistemli pressinq edən komandaya qarşı "Siti"yə üstünlük verdi. Zinçenko mərkəzə çəkiləndə komandanın sol vinqeri - Sterlinq cinah boyunca qapı xəttinə doğru qaçırdı. Aleksandrın uzun ötürmələri də məhz Sterlinqə doğru istiqamətlənirdi. Nəticədə Zinçenkonun mərkəzə meyil etməsi sayəsində həm "Siti" mərkəzdə rəqibin say üstünlüyü əldə etməsinə imkan vermirdi, həm də təhlükəli hücum qurmaq üçün şərait yaranırdı.

Topa geridə sahib olarkən "şəhərlilər"in digər bir variantı isə "üçlü" müdafiəyə keçmək idi. Zinçenko öz mövqeyi üzrə irəliləyəndə Kayl Voker mərkəz müdafiəçilərinin yanına gəlirdi və beləcə, ev sahibləri şəkildə də gördüyümüz kimi, birdən-birə 3 mərkəz müdafiəçisindən ibarət sistemə keçirdilər:
 


Həmçinin "Siti" ara-sıra Rodrini mərkəz müdafiəçilərinin arasına çəkərək üç müdafiəli sxemə keçid edirdi:
 


Qonaqlar da öz sistemli futbolu və intizamlı pressinqləri ilə diqqət çəkirdilər. Daha çox topu rəqibə verməyə üstünlük verən "londonlular" pressinq edərkən 4-4-1-1 sxemindən istifadə edirdilər:
 


"Mançesterlilər" meydanın rəqibə aid hissəsində topa sahib olarkən mərkəz triosu bəzi hallarda Zinçenko - Rodri - Voker olurdu:
 


Ev sahiblərinin üstünlüyü ilə başlayan və davam edən ilk hissədə 20-ci dəqiqədə hesab açıldı. Bu epizodda Eriksenin gözdən qaçırdığı De Bröyneyə Bernardo Silva ötürmə edir:
 


Belçikalının topu saxlamadan cərimə meydançasına göndərdiyi asmadan sonra Voker-Pitersin səhvindən istifadə edən Rahim Sterlinq hesabı açır:
 


Qol buraxdıqdan sonra "Tottenhem" istər-istəməz topa daha çox sahib olmağa məcbur idi. Qonaqlar da öz növbəsində oyunu arxadan qurarkən pressinqi yarmaq üçün müxtəlif variantlardan istifadə edirdilər.

İlk variant kimi "Siti"nin opsiyalarından birinə bənzəyən gedişi göstərmək olar:

Deni Rouz öz cinahı boyunca aut xəttinə doğru irəliləyir, Voker-Piters də Alderveyreld və Davinsona qoşularaq üçlü müdafiəni formalaşdırırdı. Rouzun sol cinahda gördüyü işi sağ cinahda Sissoko etməyə çalışırdı. Beləcə, Alderveyreld və Davinsonun cinahlara - Rouz və Sissokoya istiqamətlənmiş uzun ötürmələri ilə pressinqi yarmağa çalışırdılar.
 


Digər variantlar hər iki mərkəz yarımmüdafiəçisinin - Ndombele və Vinksin fərdi driblinq bacarıqlarından istifadə edərək və ya mərkəzə doğru ötürmələr edərək pressinqi yarmaq idi. Nə qədər riskli olsa da, bu üsul müəyyən hallarda işə yarayırdı.
 


"Mançester Siti" isə top rəqibdə olarkən oyunun əvvəlindən bəri istifadə etdiyi 4-4-2 sxeminə sadiq qalmışdı:
 


Və "Totenhem" qısa müddət topla oynadıqdan sonra hesabı bərabərləşdirməyi bacarır. Qol epizodunda Sissoko Zinçenkonun diqqətini dağıdır. Sterlinq və Bernardo aralarına ötürülən topa reaksiya verə bilmirlər və sonda Erik Lamela hesabı bərabərləşdirir. Qeyd edim ki, qolda qapıçı Edersonun da səhvi var idi.
 


Bərabərlik qolunun ardınca bir daha təşəbbüsü ələ alan ev sahibləri 12 dəqiqədən sonra yenidən önə keçməyi bacarırlar. Yenə Eriksenin De Bröyneyə nəzarəti itirməsindən sonra belçikalı Bernardonun ara pasını cərimə meydançasına göndərir. Aquero isə şansı qaçırmır və hesab 2:1 olur. Bu, ilk hissədə yadda qalan son epizod olur.
 


Oyunun gedişatı: İkinci hissə


İlk hissədə də gördüyümüz kimi, "Siti"nin daha güclü olan tərəfi sağ cinah idi. Hər iki qolda assist müəllifi olan Kevin De Bröyne daha çox bu cinaha meyil edirdi və məhsuldar ötürmələrin hər ikisini bu cinahdan vermişdi. Həmçinin belçikalının qol ötürmələrindən əvvəlki pasların hər ikisi isə sağ vinqer Bernardo Silvaya məxsus idi.

"Tottenhem"in əsas heyətdə yer verdiyi hər iki cinah yarımmüdafiəçisinin - Sissoko, Eriksen - əsl mövqeyi mərkəz idi. Fransalı futbolçu sürətli və atletik olduğu üçün cinahda nisbətən daha yaxşı görünürdü, amma danimarkalı pleymeyker barədə eyni şeyi deyə bilməzdik.

İkinci hissədə rəqibin cinahlarını daha da zərərsizləşdirmək üçün Poçettino ilk hissədə topa sahib olarkən istifadə etdiyi 3-4-2-1 sxemindən tamamilə imtina etdi. 56-cı dəqiqədə Vinksi Lukas Moura əvəzlədi. Bununla da Sissoko özünə doğma olan mövqeyə - mərkəzə qayıtdı. Moura isə oyuna girər-girməz hesabı bərabərləşdirməyi bacardı. Oyunun geridə qalan hissəsində Eriksenlə Lamela yerlərini dəyişdilər və beləcə, "Siti"nin sağ cinahının qarşısını almaq mümkün oldu.
 


Oyunun gedişində Quardiolanın etdiyi Aquero - Jezus, Rodri - David Silva, Bernardo - Mahrez dəyişiklikləri ciddi fərq yaratmadı. "Tottenhem" oyunun əvvəlində olduğu kimi, sistemli və intizamlı şəkildə pressinq eləməyə davam edirdi:
 


Əvəzində, Poçettino Lamelanı "Betis"dən icarəyə götürdükləri Lo Selso ilə əvəzləyərək komandanın cinahlarını növbəti dəfə yenilədi.

Oyunun sonlarına yaxın rəqib müdafiəsini nə mərkəzdən, nə də cinahlardan yara bilən "Siti" futbolçuları məcbur olaraq uzun ötürmələrdən istifadə etməli olurdular. Bu da həmişə effektiv alınmırdı.
 


Buna rəğmən, artırma dəqiqələrində ev sahibləri künc zərbəsindən rəqib qapısına üçüncü dəfə yol tapdılar. Aqueronu əvəzləyən braziliyalı forvard Qabriel Jezus fərqləndi. Amma Laport topu ona əli ilə ötürmüşdü. Buna görə də İngiltərədə bu mövsümdən etibarən istifadə olunmağa başlayan VAR sistemi qolu qeydə almadı - 4 ay əvvəl Sterlinqin təxminən həmin dəqiqələrdə "Tottenhem"in qapısına vurduğu qol hesaba alınmadığı kimi.
 


Rəsmi quruma və "Whoscored" platformasına görə, oyunun ən yaxşısı Kevin De Bröyne olub. Təbii ki, belçikalı futbolçu göstərdiyi oyunla buna layiq idi. Amma şəxsi fikrimə görə, müdafiəyəmeyilli futbol oynayan komandanın vurduğu iki qoldan birinin müəllifi olan, digərinin isə məhsuldar ötürməsini verən argentinalı Erik Lamelanı da unutmamalıyıq. İstər toplu, istərsə də topsuz oyunda 100%-ni verməyə çalışan futbolçu, görünən odu ki, bu mövsüm komandasına çox kömək edəcək.

"Siti"nin son dəqiqə qolu VAR tərəfindən ləğv edilsə də, bu oyunla bağlı fikir yürüdərkən dörd ay əvvəlki dramatizmdən danışa bilmirik. Çünki ÇL-dəki görüş "tamam, ya davam" xarakteri daşıyırdı, indi isə qarşıda hələ 36 tur var.
 


OXŞAR XƏBƏRLƏR